Moderator.az şair Şəmsi Qocanın yenicə qələmə aldığı bir şeirini oxuculara təqdim edir:
Başdaşıma yazılan yazı
Tanrı verdiyinə şükür elədim,
Bir sadə ömürdü yaşadım, getdi,
Qəlbimi həmişə haqqa bələdim.
Nə qədər ağrılar daşıdım, getdi.
İki qız, bir oğul böyütdüm, şükür,
Onlar da özüm tək halal, nəfsi tox.
Haqqın dərgahında üzüm ağ olsa,
Tanrıdan bir özgə umacağım yox.
Bəzən duymadılar adamlar məni,
Bir kəlmə sözümü yüz elədilər.
Mənə qıymadılar bir təsəllini,
Bağrımın başını köz elədilər.
Daha olan olub, keçən keçibdi,
Görürsüz, mənsiz də dünya fırlanır.
Burda tərəzilər elə nizamdı,
Geri qayıtmağa adam utanır.
Arxamca bir gözəl ağlayır indi
Görən təntiyəndə üz tutur kimə?
Bu şeiri oxuyub ona deyin ki...
Qıymasın göz yaşı axa qəbrimə.





































































































