Alimlər baş-beyin travmalarından sonra beyin hüceyrələrini qorumaq və bərpa etmək üçün meduzalardan əldə edilən kollagen əsasında yeni preparat hazırlayıblar.
Bizim.Media xəbər verir ki, Rostovdakı Don Dövlət Texniki Universitetinin (DGTU) mütəxəssisləri Azov dənizində yaşayan kökmeduzalardan (Rhizostoma pulmo) əldə olunan kollagenin tibbdə istifadəsini təklif ediblər.
Baş-beyin travmasından sonra beyin hüceyrələrində iltihab və oksidləşdirici stress yaranır. Alimlərin sözlərinə görə, bu proseslər nəticədə sinir hüceyrələrinin məhvinə səbəb ola bilər.
DGTU-da meduzalardan kollagen əldə etmək üsulu hazırlanıb. Materialın xüsusiyyətlərini araşdırdıqdan sonra alimlər onu baş-beyin travmalarının müalicəsində istifadə etməyi təklif ediblər.
“Biz meduzadan toxumaların hüceyrəarası matriksinin əsasını təşkil edən təbii ‘tikinti zülalı’ olan yüksək keyfiyyətli kollagen əldə etməyi öyrəndik. Onun əsasında nazik süngərə bənzəyən yumşaq məsaməli matriks yaratdıq və onu natrium tiosulfatla (Na₂S₂O₃) hopdurduq. Daha sonra bu matriksi ağır baş-beyin travmasından sonra zədələnmiş nahiyəyə implantasiya etdik və nəzərəçarpacaq qoruyucu effekt əldə etdik”, – laboratoriya rəhbəri bildirib.
Alim izah edib ki, kükürd tərkibli maddə ilə hopdurulmuş matriks hidrogen-sulfidin (H₂S) tədricən ayrılmasını təmin edir. Bu qaz molekulu sinir toxumasında təbii şəkildə sintez olunur və qoruyucu xüsusiyyətlərə malikdir.
Baş-beyin travması zamanı isə H₂S səviyyəsi kəskin şəkildə azalır və bunun nəticəsində bir sıra patoloji proseslər inkişaf edir. Yeni hibrid preparat bu problemi aradan qaldırmağa yönəlib: kollagen matriksi zədələnmiş toxumanın strukturunu dəstəkləyir, H₂S-in tədricən ayrılması isə sinir hüceyrələrinin həyat qabiliyyətinin qorunmasına və patoloji dəyişikliklərin azalmasına kömək edir.
Tədqiqatçılar həmçinin meduzaların Azov dənizində həddindən artıq çoxalması probleminin tibbi məqsədlər üçün xammal mənbəyinə çevrilə biləcəyini vurğulayıblar.
Alimlərin sözlərinə görə, “dəniz” kollageni heyvan mənşəli kollagendən daha təmiz olması ilə fərqlənir. Belə ki, onun tərkibində bakteriyaların və onların həyat fəaliyyəti məhsullarının miqdarı daha azdır.
DGTU alimləri Azov dənizindən əldə edilən meduza kollageninin sinir toxuması hüceyrələri üçün təhlükəsiz olduğunu və yumşaq hidrogellərdən məsaməli konstruksiyalara qədər müxtəlif formalarda istifadə edilə biləcəyini müəyyənləşdiriblər.
Bununla belə, meduza kollageninin klinik praktikada istifadəsinə keçid üçün əlavə tədqiqatların aparılması tələb olunur. Alimlər hesab edirlər ki, bu istiqamətdə elmi və texnoloji baza artıq formalaşdırılıb.
Tədqiqatın nəticələri International Journal of Molecular Sciences jurnalında dərc olunub.
Bizim.Media































































































