Məşhur Hollivud rejissoru Stiven Spilberq yeni fantastik filmi "Açıqlama günü"nün (Disclosure Day) təqdimatı çərçivəsində CBS kanalına verdiyi müsahibədə sensasiyalı bəyanatla çıxış edib. O, yadplanetlilərin artıq Yerdə olduğuna tam əminliyini ifadə edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Spilberq bu qənaətə ABŞ Konqresindəki rəsmi şahid ifadələri, sənədli filmlər və ömrü boyu topladığı dolayı sübutlar əsasında gəldiyini bildirib.
Elm dünyası isə rejissorun bu iddialarına ciddi şübhə ilə yanaşır. London və Mançester universitetlərinin aparıcı astrofizikləri qeyd edirlər ki, ulduzlararası məsafələr insan ağlına sığmayacaq dərəcədə böyükdür.
Ən yaxın ekzoplanetə çatmaq üçün mövcud texnologiya ilə minlərlə il vaxt lazımdır və fizika qanunlarına görə işıq sürətini aşmaq qeyri-mümkündür.
Kils Universitetinin astrofiziki Yakko van Loon isə bildirib ki, milyardlarla il əvvəl yadplanetlilərin gəlmə ehtimalı olsa da, onlar Yerdə deyil, yalnız Ayda və ya kosmik zibil şəklində iz qoya bilərdilər.
Alimlər vurğulayırlar ki, indiyə qədər radioteleskoplar vasitəsilə heç bir kənar sivilizasiya siqnalı qeydə alınmayıb. Mançester Universitetinin professoru Maykl Qarret Spilberqin fikirlərini yüksək sənət əsəri adlandırsa da, onların elmlə heç bir əlaqəsi olmadığını, sadəcə bədii təxəyyülün məhsulu olduğunu vurğulayıb.
Bizim.Media































































































