Rusiyanın Balaşixa şəhərində avtomobili partladılan şəxsin Rusiya Silahlı Qüvvələrinin general-leytenantı olduğu məlum olub. Hadisənin ötən il Baş Qərargah rəisinin müavini, general Yaroslav Moskalikin qətlə yetirildiyi nöqtədən cəmi 350 metr aralıda törədilməsi diqqət çəkir.
Bizim.Media xəbər verir ki, bugünkü hadisə səhər saat 05:26-da qeydə alınıb.
Şahidlərin sözlərinə görə, yüksək rütbəli hərbçi sükan arxasına əyləşib avtomobili işə saldıqdan dərhal sonra güclü partlayış baş verib. Hadisə anının videosunda partlayış dalğasının general-leytenantın idarə etdiyi BMW markalı maşın yol kənarında dayanan digər avtomobilin yanından keçərkən reallaşdığı əks olunub.
"Conflict Intelligence Team" tədqiqat qrupunun rəhbəri Ruslan Leviyev bildirib ki, partlayıcı qurğu böyük ehtimalla yol kənarında park edilmiş digər avtomobilə yerləşdirilib və sui-qəsdi icra edən şəxs generalın maşınının yaxınlaşmasını gözləyərək bombanı məsafədən (uzaqdan nəzarətlə) işə salıb. Bununla belə, hüquq-mühafizə orqanlarına yaxın olan "SHOT" teleqram kanalı bombanın birbaşa hərbi rəsmisinin oturduğu sürücü oturacağının arxasına yerləşdirildiyini iddia edir.
Qeyd edək ki, partlayışın baş verdiyi "Aviatorlar" mikrorayonu xüsusi olaraq hərbi elita və təqaüdçülər üçün tikilib. Burada Rusiya ordusunun tanınmış pilotları, sualtı qayıq komandirləri, kosmonavtlar, döyüş əməliyyatlarının iştirakçıları və Beynəlxalq Kosmik Stansiyanın komandiri yaşayır.
Rusiya İstintaq Komitəsi yüksək rütbəli zabitə qarşı törədilən bu hadisə ilə bağlı qəsdən adam öldürməyə cəhd və silahların qanunsuz dövriyyəsi maddələri ilə cinayət işi qaldırıb.
Hadisə yerində ard-arda iki partlayış olub
"SHOT" teleqram kanalına danışan hadisə şahidi Hüseynin sözlərinə görə, ərazidə ard-arda iki partlayış səsi eşidilib. İkinci partlayış "BMW X3"ün salonundakı əldəqayırma partlayıcı qurğunun işə düşməsindən bir neçə dəqiqə sonra baş verib.
Hüseyn hadisə yerinə birinci çataraq alovu söndürüb və xəsarət alan general-leytenantı maşından çıxarmağa müvəffəq olub. Şahid bildirib ki, generalı avtomobildən çıxararkən o, xırıldayır və nəsə deməyə çalışırmış. Hüseyn yaralını təhlükəsizlik üçün maşından 10–15 metr kənara çəkərək ona ilkin yardım göstərməyə çalışsa da, 62 yaşlı yüksək rütbəli zabitin həyatını xilas etmək mümkün olmayıb və o, aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Rusiya İstintaq Komitəsi yüksək rütbəli zabitə qarşı törədilən bu sui-qəsdlə bağlı qəsdən adam öldürmə və silahların qanunsuz dövriyyəsi maddələri ilə cinayət işi qaldırıb. Hazırda hadisənin arxasındakı kəşfiyyat izləri araşdırılır.
Bizim.Media





































































































