Si Cinpin Putinlə yeni QAZ MÜQAVİLƏSİNİ imzalamaqdan yenə imtina etdi

Si Cinpin Putinlə yeni QAZ MÜQAVİLƏSİNİ imzalamaqdan yenə imtina etdi

Hazırda oxunan: Si Cinpin Putinlə yeni QAZ MÜQAVİLƏSİNİ imzalamaqdan yenə imtina etdi

614360

Rusiya Prezidenti Vladimir Putinin Çinə növbəti rəsmi səfəri Moskvanın uzun müddətdir gözlədiyi "Sibir Gücü-2" (Sila Sibiri-2) qaz kəmərinin tikintisinə dair yekun razılaşmanın əldə olunması ilə nəticələnməyib.

Bizim.Media xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov iki ölkə liderinin danışıqlarından sonra layihə üzrə hələ də razılaşdırılmamış "nüansların" qaldığını etiraf edib.

Peskov jurnalistlərə açıqlamasında bildirib: "Müəyyən nüanslar barədə hələ danışıqlar aparılmalıdır". O, layihənin marşrutu və "əsas anlaşma parametrlərinin" razılaşdırıldığını desə də, kəmərin inşasının konkret müddətlərinə dair hələlik dəqiq sövdələşmənin olmadığını vurğulayıb: "Hələlik dəqiqlik yoxdur. Hər halda bu, kommersiya məlumatıdır, lakin əsas parametrlərin razılaşdırılması özü də kifayət qədər böyük nailiyyətdir".
 

Qeyd edək ki, Vladimir Putin Pekinə 5 baş nazir müavini, 8 nazir və ölkənin nəhəng dövlət şirkətlərinin, o cümlədən "Qazprom" və "Rosneft" rəhbərlərinin daxil olduğu geniş heyətlə yollanmışdı. Səfər çərçivəsində tərəflər arasında ümumilikdə 40 sənəd imzalansa da, Kremlin dərc etdiyi rəsmi siyahıda "Sibir Gücü-2" layihəsinin və ya neft-qaz sahəsində hər hansı yeni irimiqyaslı müqavilənin adı yer almayıb.


"Financial Times" (FT) qəzetinin məlumatlı mənbələrə istinadən yazdığına görə, Avropa bazarını itirən "Qazprom" üçün həyati əhəmiyyət kəsb edən bu kəmər ətrafında əsas fikir ayrılığı qazın qiyməti ilə bağlıdır. Belə ki, Pekin Rusiyadan mavi yanacağın qiymətini daxili Rusiya qiymətlərinə (hər min kubmetr üçün təxminən 50 dollar) yaxın səviyyəyə endirməyi tələb edir. Bu isə Çinin hazırda idxal etdiyi mövcud qiymətdən ($258) 5 dəfə, "Qazprom"un uzaq xaricdəki digər müştəriləri üçün müəyyən etdiyi qiymətdən ($420) isə 8,5 dəfə ucuzdur.

Bundan əlavə, Çin tərəfi ölkədə qaza olan tələbatın artıq öz pik nöqtəsinə çatmasından ehtiyat edir və bu səbəbdən əlavə idxal öhdəlikləri götürməyə tələsmir. Hazırda Çin Rusiyadan ildə 38 milyard kubmetr qaz alır. Rusiya hökuməti isə onilliyin sonuna qədər Uzaq Şərq marşrutu və "Sibir Gücü-1" kəmərinin gücünün artırılması hesabına bu həcmi illik 56 milyard kubmetrə çatdırmağı planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO