İspaniyalı tədqiqatçı Ana Velasko Molpeseres özünün yeni "Fashion and Politics: The Appearances of Power" ("Dəb və Siyasət: Hakimiyyətin Görünüşü") adlı esse-kitabında dəbə ötəri bir hadisə kimi deyil, hakimiyyətin əsrlər boyu öz imicini formalaşdırdığı və legitimliyini təsdiqlədiyi tamhüquqlu bir siyasi alət kimi yanaşır.
Bizim.Media xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.
Mətndə gətirilən ən parlaq nümunələrdən biri Melaniya Trampın 2018-ci ildə Afrika ölkələrinə etdiyi səfərlə bağlıdır. Həmin vaxt ABŞ-ın birinci xanımı tarixdə Avropa müstəmləkəçiliyi ilə assosiasiya olunan safari dəbilqəsində (şlyapasında) göründükdən sonra tənqid hədəfinə çevrilmişdi.
Daha sonra Misirdə panama şlyapası ilə qarşıya çıxması da onun qarderobunun siyasi və mədəni simvolizmi ilə bağlı ittiham dalğasına səbəb olmuşdu. Melaniya özü geyiminə deyil, humanitar gündəliyinə diqqət yetirməyə çağırsa da, müəllif vurğulayır ki, məhz geyim əsas interpretasiya (şərh) obyektinə çevrildi.
Araşdırma göstərir ki, bu cür hallar təsadüfi deyil: dəb tarix boyu siyasi tamaşanın bir hissəsi olub. Velasko Molpeseres iddia edir ki, hakimiyyət hər zaman vizual tərtibata ehtiyac duyub, geyimli bədən isə status və iyerarxiyanın nümayişinin ilk formasına çevrilib.
Essedə hakimiyyət daşıyıcısı olan rənglərə xüsusi diqqət yetirilir. Qədim dövrlərdə mollyusklardan əldə edilən tünd qırmızı (purpur) rəng Romadan tutmuş orta əsrlər kilsə iyerarxiyalarına qədər hakim elitanın rəmzi idi. Sonralar həmin rənglər və kodlar mənasını dəyişdi: ağ və bənövşəyi çalarlar sufrajistlərin (qadın hüquqları müdafiəçilərinin) simvolu oldu, tünd qırmızı isə İspaniyanın respublika rəmzlərində istifadə edildi.
Müəllif qarderob elementlərinin hakimiyyət sistemindən necə etiraz sisteminə keçdiyini izləyir. Belə ki, əvvəllər təvazökarlıq və dindarlıq rəmzi kimi qəbul edilən qadın saç düzümləri XX əsrdə azadlıq və müasirlik simvoluna çevrildi, kütləvi mədəniyyətdə şlyapaların yox olması isə kinematoqrafiyanın təsiri ilə əlaqələndirilir.
İnqilabi Rusiyada isə rəssamlar və dizaynerlər funksional, həndəsi və dekorativ dəbdəbədən məhrum olan yeni "proletar dəbi" yaratmağa çalışırdılar. Lakin sonradan Sovet sənayesi yenidən Qərb dəbinin, o cümlədən "Yves Saint Laurent" və "Dior" estetikasının təsirinə məruz qaldı ki, bu da ideoloji cəhətdən qapalı sistemlərdə belə mədəni mübadilənin qaçılmazlığını göstərdi.
Analizin digər bir hissəsi siyasi markerlər kimi aksessuarlara həsr olunub. Dövlət liderlərinin bəzəkli mantiyaları, zinət əşyaları, nişanları, kokardaları və hətta günəş eynəkləri hakimiyyətin ictimai imicinin bir hissəsinə çevrilir. Müəllif bu sıraya "Make America Great Again" (MAGA) şüarı olan müasir siyasi papaqları da daxil edərək, onların tarixi vizual təbliğat formaları ilə varislik təşkil etdiyini göstərir.
Araşdırmanın sonunda əsas ideya vurğulanır: geyim sadəcə estetika deyil, hakimiyyət, etiraz və cəmiyyətin daimi dialoq apardığı bir dildir. O, eyni zamanda həm təzyiq aləti, həm də azadlıq vasitəsi, həm elitar kod, həm də kütləvi şüar ola bilər. Məhz buna görə də, müəllifin qeyd etdiyi kimi, siyasətdə heç vaxt "neytral qarderob" olmur — xarici görnüşlə bağlı hər bir qərar qaçılmaz olaraq bir bəyanata çevrilir.
Bizim.Media






































































































