Mayami-Deyd dairəsinin iki polisi Netflix-in “The Rip” filmi ilə bağlı Ben Afflek və Mett Deymonun prodüser şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.
Bizim.Media xəbər verir ki, iddia kriminal dramda və filmin reklam kampaniyasında böhtana yol verildiyi iddiası ilə bağlıdır.
Mayami-Deyd dairəsi şerif idarəsinin əməkdaşları Ceyson Smit və Conatan Santana bildirirlər ki, adları filmdə çəkilməsə də, ekran işi onların nüfuzuna ciddi zərər vurub.
İddia ərizəsində qeyd olunur ki, Mett Deymon və Ben Afflekin canlandırdıqları personajlar real polislərə o qədər bənzəyir ki, tamaşaçılarda onların gerçək hadisələr və şəxslərlə əlaqəli olduğu təəssüratı yaranır.
“Qanun-mühafizə orqanlarının təsviri real əməliyyat çərçivəsində qanunsuz hərəkətlər, yanlış qərarlar və qeyri-etik davranışlar barədə fikir formalaşdırır”, - deyə iddiaçılar bildiriblər.
Polislərin versiyasına görə, film 2016-cı ildə onların iştirak etdiyi real işə əsaslanır. Həmin vaxt 21 milyon dollardan çox pul müsadirə olunub.
Lakin iddiaçılar bildirirlər ki, filmdə süjet xeyli dramatikləşdirilib: qəhrəmanlar korrupsiya ilə üzləşir, personajlardan biri isə hətta Narkotiklərlə Mübarizə İdarəsinin agentini öldürür.
“İstintaqın unikal detallarından istifadə olunması, həmçinin hadisələrin Mayami-Deyddə cərəyan etməsi filmdə göstərilən polislərin məhz biz olduğumuz təsəvvürünü yaradır”, - deyə şikayətdə qeyd edilib.
İddiaçılar filmin nümayişindən sonra ətrafdakı insanların mənfi reaksiyası ilə üzləşdiklərini bildiriblər.
Onların vəkillərinin sözlərinə görə, polislərə müsadirə olunmuş pulları şəxsi ehtiyacları, o cümlədən ev təmiri, avtomobil alınması və uşaqların özəl məktəblərinin ödənişi üçün istifadə etdikləri barədə eyhamlar edilib.
Hüquqşünaslar hesab edirlər ki, bu cür şərhlər tamaşaçıların film personajlarını real polislərin obrazı kimi qəbul etdiyini göstərir.
İddia ərizəsində filmdə “real hadisələr əsasında” ifadəsinin yer almasına da xüsusi diqqət çəkilir.
Polislərin iddiasına görə, iri məbləğdə pulun müsadirə olunması faktı istisna olmaqla, filmdəki hadisələrin əksəriyyəti tamamilə uydurmadır.
“Böyük məbləğin müsadirə edilməsi faktından başqa, filmdə göstərilən hadisələr baş verməyib”, - deyə sənəddə vurğulanıb.
Vəkillər bildirirlər ki, filmin nümayişindən əvvəl yaradıcı heyətə xəbərdarlıq göndərərək yayımın dayandırılmasını tələb ediblər, lakin bu tələb rədd olunub.
Filmin yayımlanmasından sonra şirkətlərin nümayəndələri narahatlıqların “əsassız” olduğunu bildiriblər. Onlar qeyd ediblər ki, filmdə polislərin adları birbaşa çəkilmir və onların qanunsuz hərəkətləri barədə konkret iddia yoxdur.
Buna baxmayaraq, iddiaçılar əks mövqedə israr edirlər. Onlar rəsmi təkzib və filmə xüsusi xəbərdarlıq qeydi əlavə edilməsini tələb edirlər.
“Biz ictimai təkzib və düzəliş, o cümlədən nəzərəçarpan xəbərdarlığın əlavə olunmasını tələb edirik”, - deyə sənədlərdə qeyd olunub.
Polislər həmçinin dəymiş zərərin ödənilməsini, cərimə xarakterli kompensasiyanı və hüquqi xərclərin qarşılanmasını istəyirlər.
Bizim.Media








































































































