Bu gündən etibarən “Avtovağzal” və “Xocəsən” metro stansiyalarına giriş ödənişsiz olub. Qərarın əsas məqsədlərindən biri Sumqayıt, Xırdalan şəhərləri, Bakı-Şamaxı yolu istiqamətində yerləşən yaşayış məntəqələri, eləcə də Abşeron və Qaradağ rayonlarının bir sıra ərazilərindən gələn sərnişinlərin “Şamaxinka” və “20 Yanvar” ərazilərinə daxil olmadan metrodan istifadəsinin asanlaşdırılmasıdır. Bu isə sözügedən stansiyalarda sərnişin sayının artması ehtimalını gündəmə gətirir.
Digər tərəfdən, hazırda “Avtovağzal” stansiyasında qatarların hərəkət intervalı təxminən 5-7 dəqiqə, “Xocəsən” stansiyasında isə 8-12 dəqiqə arasında dəyişə bilir.
Ödənişsiz gedişin sərnişin sayının artımına səbəb olacağı halda metropolitenin hərəkət intervalı tənzimlənəcəkmi?
Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında bildirib ki, sərnişin sayının artacağı təqdirdə bütün zəruri tədbirlər görüləcək:
““Yaşıl xətt” üzrə sərnişin daşınması 50 faiz və daha çox azalıb. “Bənövşəyi xətt”də isə 35-40 faiz azalma müşahidə olunur. Yəni artan sərnişin tələbatı, mövcud azalma ilə müqayisədə hər hansı problemin yaşanmayacağını göstərir.
Bununla belə, Bakı Metropoliteni texniki hazırlıqları da görüb. “Yaşıl xətt”imizdə hazırda interval 3 dəqiqə 30 saniyədir, amma onun 3 dəqiqəyə endirilməsində hər hansı problem yaşanmayacaq. Eyni qaydada “Bənövşəyi xətt”də də zəruri olan bütün tədbirlər görüləcək.
Sərnişin axınının yaradacağı zərurətdən asılı olaraq xətt 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub, hazırda 5 vaqonlu qatarlar hərəkət edir. İntervalın tənzimlənməsi, sözügedən vaqonlarda sıxlıq müşahidə olunması və əlavə tədbirlərin görülməsi diqqət mərkəzindədir”.
Bizim “Yaşıl xətt”imiz üzrə ehtiyat qatarların da nəzərdə tutulması onu göstərir ki, qarşıdakı dövrdə Bakı Metropoliteni bununla bağlı hər hansı çətinlik gözləmir.
B.Məmmədov qeyd edib ki, sərnişinlərin Bakı Metropolitenini seçməsi onların yolunu daha qısa etməsi, vaxt itkisinin və ödənişsiz olduğu üçün maliyyə itkilərinin qarşısının alınması baxımından müsbət təsirləri olacaq.
Onun sözlərinə görə, ən vacib təsirlərdən biri də, 20 Yanvar, Moskva prospekti, Şamaxinka kimi tanınan ərazilərdə axınların qarışmaması, tıxacların qismən aradan qaldırılması və digər istiqamətlərdə müsbət dinamik təsir göstərməsi olacaq.
Bildirilib ki, Azərbaycanın yerüstü nəqliyyatı və digər aidiyyəti qurumlar da daxil olmaqla, monitorinqlər hər gün aparılır və operativ olaraq istənilən qərarın verilməsi mümkündür.
Qeyd edək ki, “Xocəsən” və “Avtovağzal” metrostansiyalarına ödənişsiz girişin ən azı bir ay davam etməsi gözlənilir.
Xədicə Paşayeva, Bizim.Media




























































































