Ptolomeydən Strabona: Qədim coğrafiyaşünasların tərənnüm etdiyi Azərbaycan şəhəri – TOPONİMLƏR

Ptolomeydən Strabona: Qədim coğrafiyaşünasların tərənnüm etdiyi Azərbaycan şəhəri – TOPONİMLƏR

Hazırda oxunan: Ptolomeydən Strabona: Qədim coğrafiyaşünasların tərənnüm etdiyi Azərbaycan şəhəri – TOPONİMLƏR

625662

Azərbaycanın cənubunda yerləşən, ən qədim bölgələrimizdən biri olan, taleyin hökmü ilə torpaqlarının bir hissəsi İranda qalmış (1828 - Gülüstan müqaviləsi) füsunkar və bir qədər də mistik Astara qədim tarixi, zəngin təbiəti və özünəməxsus mədəniyyəti ilə seçilir. Tarixi mənbələr təsdiq edir ki, Astaranın adı qədim dünya alimlərinin əsərlərində, səyyahların qeydlərində və coğrafiyaşünasların xəritələrində öz əksini tapıb.

Eramızın II əsrində yaşamış görkəmli riyaziyyatçı, astronom və coğrafiyaşünas Ptolomey Xəzər dənizinin xəritəsini tərtib edərkən onun sahillərində yerləşən yaşayış məntəqələri haqqında məlumat verib və Astaranı "Astarata" adı ilə qeyd edib.

Astara sözünün etimologiyası ilə bağlı müxtəlif versiyalar mövcuddur.

Talış toponimikasına görə "osto" sözü "asta", "ahəstə" mənasını verir. Elə buna görə də talışlar bu bölgəni bu gün də "Ostoro" kimi tələffüz edirlər. Qədim yunan tarixçisi Strabon isə qeydlərində meşənin adı ilə “Hirkaniya” olaraq qeyd edib, "dənizin ləpələrinin dağların ətəklərini öpməsi" kimi poetik şəkildə təsvir edib.

XVII əsr alman səyyahı Adam Oleariyə görə isə "ast" "aşağı", "çökək", "ura" və ya "ara" isə "yer", "yol" mənasını ifadə edir. Maraqlıdır ki, Oleari 1638-ci ildə Novruz bayramı ərəfəsində Astarada olub və qeydlərində vilayətin Xəzər dənizinin sahilində yerləşdiyini, burada qalın gövdəli üzüm tənəklərinin yetişdirildiyini yazıb. Şərqşünaslar P. V. Jilo və A. N. Kosarevin fikrincə isə "Astara" sözü fars dilindəki "setara" sözündən yaranıb və "ulduz" mənasını verir. Ümumilikdə talış dilində, eləcə də digər İran dillərində bu söz "ulduz" kimi qəbul olunur.

Qədim müəlliflərin şahidliyi

Tanınmış macar şərqşünası və səyyahı Armin Vamberi 1885-ci ildə Budapeştdə nəşr etdirdiyi "Türk elləri" kitabında Azərbaycanın təsvirinə geniş yer ayırıb. O, Astarada olduğunu qeyd edərək burada yaşayan insanların zəngin folklor ənənələrinə malik olduqlarını xüsusi vurğulayıb.
 

Qədim İpək yolunun mühüm yaşayış məntəqələrindən biri olan Astara əsrlər boyu Orta, Ön və Kiçik Asiya, Çin, Hindistan və Ərəb dünyası arasında ticarət və mədəni əlaqələrin inkişafında mühüm rol oynayıb. Astara şəhərinin cənub-qərbində yerləşən Qapıçıməhəllə kəndi ərazisində, Astara çayının sahilində VII əsrə aid karvansaranın mövcudluğu da bunun bariz nümunəsidir.


Hələ XIII əsrin sonu – XIV əsrin əvvəllərində Astaranın Maşxan yaşayış məntəqəsində pul zərbxanası fəaliyyət göstərib. Müxtəlif dövrlərdə bölgəyə hakim olmuş Hülakilər, Cəlairlər, Teymurilər və onların varisləri öz sikkələrini məhz Astara zərbxanasında zərb etdiriblər. Həmin sikkələrin üzərində "Zərbe Astara" – "Astarada zərb olunmuşdur" sözləri həkk edilib. Hazırda bu sikkələrin 16 nümunəsi Tacikistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda qorunur.

Astara 1747-ci ildə Talış mahalının paytaxtı olub.

Sonralar inzibati mərkəz Lənkərana köçürülsə də, Astara bölgənin iqtisadi və mədəni həyatında mühüm mövqeyini qoruyub saxlayıb.

Zəngin təbiəti ilə seçilən Astara termal bulaqları və nadir bitki örtüyü ilə tanınır. Burada Hirkan meşələrinin qiymətli endemik növləri – dəmirağacı, ipək akasiya, şümşad və azat ağacları bitir. Vaxtilə Qafqazda yaşamış xallı pələngin əsas məskənlərindən biri də məhz Astara meşələri olub.

Astara həm də Azərbaycanın aqrar potensialını dünyaya tanıdan bölgələrdəndir. Yüksək keyfiyyətli çayı, çəltiyi, sitrus meyvələri, tərəvəzi və balı ilə məşhur olan rayonun narıngi, limon, portağal, feyxoa, kinkan və digər subtropik meyvələri xarici bazarlarda da özünəməxsus yer tutur. Astara çayı isə müxtəlif illərdə Madrid, Moskva və digər şəhərlərdə keçirilən beynəlxalq sərgilərdə qızıl medallara layiq görülərək Azərbaycanın kənd təsərrüfatı məhsullarının nüfuzunu dünyada daha da artırıb.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO