Azərbaycanda media sahəsində vahid qurum - Media və Yayım Şurası yaradılacaq.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanun layihəsində əks olunub.
“Dövlət qulluğu haqqında” Qanunun müvafiq maddələrində Audiovizual Şura sözünün Media və Yayım Şurası sözü ilə əvəzlənlənməsi təklif edilib.
Həmçinin, “Media haqqında” Qanunun əsas anlayışlarında Audiovizual sözünün Media və Yayım Şurası sözü ilə dəyişdirilməsi təkliflərdə yer alıb.
Sənədə əsasən, yeni qurum televiziya və radio ilə yanaşı, çap və onlayn medianın da tənzimlənməsində iştirak edəcək, ümumilikdə media sektoruna nəzarət edən səlahiyyətli dövlət orqanı kimi fəaliyyət göstərəcək.
Təqdim olunan qanun layihəsi media sahəsində normativ tənzimləmənin müasirləşdirilməsi, tətbiq mexanizmlərinin gücləndirilməsi, hüquqi müəyyənliyin təmin edilməsi və beynəlxalq standartlara uyğunluğun artırılması məqsədi daşıyır.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media































































































