Fidan Abbasova ilə bağlı məhkəmə qərarı narkotik istifadəsini təsdiqlədi

Fidan Abbasova ilə bağlı məhkəmə qərarı narkotik istifadəsini təsdiqlədi

Hazırda oxunan: Fidan Abbasova ilə bağlı məhkəmə qərarı narkotik istifadəsini təsdiqlədi

607564

Son dövrlərdə müxtəlif qalmaqallarla gündəmə gələn, özünü guya sabiq məmurun oğlunun həyat yoldaşı kimi tanıdan (əslində hər hansı rəsmi nikah münasibəti olmayıb - red.) Fidan Loğman qızı Abbasova ilə bağlı hüquqi proseslər çərçivəsində yeni və diqqətçəkən faktlar ortaya çıxıb.

Bizim.Media "qafqazinfo.az"a istinadən xəbər verir ki, F.Abbasova narkotik maddə istifadəsi ilə əlaqədar məsuliyyətə cəlb edilib. Bu fakt məhkəmə tərəfindən təsdiqlənib.

Belə ki, Nərimanov Rayon Məhkəməsinin 5 mart 2026-cı il tarixli qərarına əsasən, Fidan Abbasovanın əməli İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə hüquqi qiymətini alıb. İş materiallarında yazılıb ki, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş tibbi rəyə əsasən, martın 4-də ondan götürülmüş nümunədə narkotik maddə marixuana - THC (+) aşkarlanıb.

Məhkəmə qərarı ilə Fidan Abbasova təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bununla yanaşı, onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması da müəyyən edilib.

Mövcud vəziyyətdən çıxmaq üçün Fidan Abbasovanın müdafiəçisi onu məsuliyyətdən yayındırmağa çalışıb. Belə ki, F.Abbasova məqsədli şəkildə özəl tibb müəssisəsində bir neçə dəfə yoxlamadan keçib, nəticələrin mənfi çıxması - narkotik vasitənin bədənindən təmizləndiyindən əmin olduqdan sonra dərhal Narkoloji Dispanserə təkrar müraciət etməklə guya ilkin tibbi rəyə zidd sənəd əldə edib.
 

Qərardan narazı qalan Fidan Abbasova apellyasiya şikayəti ilə çıxış edərək həm narkoloji mərkəzin, həm də hüquq mühafizə orqanlarının əməkdaşlarının fəaliyyətinə dair müxtəlif əsassız iddialar səsləndirib. O, təqdim etdiyi şikayətdə analiz nəticələrinin düzgün olmadığını, guya korrupsiya hallarının mövcud olduğunu iddia edib. Lakin işə Bakı Apellyasiya Məhkəməsində baxılarkən təqdim olunan bu iddialar obyektiv araşdırma predmetinə çevrilib və onların hər biri ayrıca qiymətləndirilib.


Məhkəmə iclasında dinlənilən mütəxəssis rəyləri və ekspertiza nəticələri göstərib ki, irəli sürülən arqumentlərin elmi və hüquqi əsası yoxdur. Məhkəmə baxışı zamanı əlavə olaraq dəvət edilərək dindirilən mütəxəssis rəyinə əsasən, bir daha təsdiqlənib ki, THC (+) nümunəsinin insan orqanizmindən hətta 2-4 gün ərzində təmizlənməsi tibb elmində təsdiqlənmiş faktdır.

Narkotik vasitənin aşkar edildiyi fevralın 24-dən martın 10-dək tam 14 gün keçdikdən sonra bədəndən silinməyinin tibbə uyğun olduğu təsdiqlənib. Bununla da məhkəməni həqiqətdən yayındırmaq cəhdi uğursuzluğa düçar olub.

Araşdırma zamanı xüsusilə aşağıdakı məqamlar müəyyən edilib:

- Respublika Narkoloji Mərkəzinin verdiyi ilkin tibbi rəyin etibarlılığı təsdiqlənib;

- Sidik nümunəsində aşkarlanan THC (+) nəticəsinin düzgünlüyü şübhə altına alınacaq hər hansı mötəbər sübut olmadığı müəyyən edilib;

- Apellyasiya şikayətində qeyd olunan siklin 3-cü günü ilə analiz nəticələri arasında hər hansı elmi əsaslandırılmış əlaqənin olmadığı müəyyən olunub;

- Şəxsin ilkin yoxlamadan günlər keçdikdən (müvafiq maddə qanından sorulduqdan) sonra öz təşəbbüsü ilə verdiyi təkrar analiz nəticələri ilkin tibbi rəyi təkzib edən sübut kimi qəbul edilməyib.
 

Bundan əlavə, məhkəmə tərəfindən narkotik maddələrin insan orqanizmindən çıxma müddəti ilə bağlı səsləndirilən iddialara da hüquqi və tibbi qiymət verilib. Belə ki, məhkəmə mütəxəssis rəylərinin təhlili nəticəsində qənaətə gəlib ki, Fidan Abbasovanın "taktika" ilə bədənindən təmizləndikdən sonra əldə etdiyi ikinci rəy narkotik istifadəçisini təmizə çıxarmaq üçün qurulmuş müdafiənin hissəsi idi.


Nəticədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş qərarla apellyasiya şikayəti əsassız hesab olunub. Birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılıb. Beləliklə, məhkəmələr tərəfindən toplanmış sübutlar və ekspertiza rəyləri əsasında Fidan Loğman qızı Abbasovanın inzibati xəta törətməsi faktiki, narkotik istifadə etməsi tam sübuta yetirilmiş hesab edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO