"Onun sayəsində işğal günlərində "Azərnəşr" Kəlbəcərlilərin doğma ocağına çevrilmişdi"

Hazırda oxunan: "Onun sayəsində işğal günlərində "Azərnəşr" Kəlbəcərlilərin doğma ocağına çevrilmişdi"

592452

Azərbaycan ədəbiyyatımız, ümumən mədəniyyətimiz ağır itkiyə məruz qalmışdır. Müqtədir tərcüməçi, Azərbaycan ədəbiyyatının böyük təbliğatçısı və təəssübkeşi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarıyla "Şöhrət" və "İkinci Dərəcəli Əmək ordeni"nə, Prezidentin fərdi təqaüdünə layiq görülmüş görkəmli ictimai xadim Azər Abdulla oğlu Mustafazadə haqqın dərgahına qovuşmuşdur. Bütün şüurlu həyatını Azərbaycan mədəniyyətinə həsr etmiş Azər müəllim rəhmətlik Əjdər Xanbabayevdən sonra respublikamızın ən uzunömürlü və layiqli naşiri olmuşdur. Orta məktəbi Bakıda bitirdikdən sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnsitutuna daxil olur, təhsilini başa vurandan sonra "Literaturnaya Azerbaydjan" jurnalında şöbə müdiri və məsul katib vəzifələrində işləyir, 1968-71-ci illərdə SSRİ Yazıçılar İttifaqının orqanı olan "Literaturnaya qazeta"nın Azərbaycan üzrə xüsusi müxbiri təyin edilir. O dövrlərdə Azərbaycan ədəbiyyatını, mədəniyyətini və incəsənətini İttifaq miqyasında geniş təbliğ edir,  görkəmli yazıçı və şairlərimizi SSRİ oxucusuna tanıtdırır. 1972-83-cü illərdə Moskvada SSRİ Yazıçılar İttifaqında Azərbaycan Ədəbiyyatı üzrə Şuranın məsul katibi vəzifəsinə irəli çəkilir. Bu vəzifəni şərəflə yerinə yetirən Azər müəllim ədəbi-bədii və tərcüməçilik fəaliyyətindən də qalmır, ləyaqətlə Azərbaycan ədəbiyyatının təbliğinə xidmət edir. O illərdə M. İbrahimovun, S. Rəhimovun, F. Kərimzadənin, Sabir Əhmədovun, Kamal Abdullanın, İ.Hüseynovun və digər yazıçılarımızın əsərlərini rus dilinə tərcümə edərək Moskvanın nüfuzlu nəşriyyatlarında nəşr etdirir. Onun bu böyük xidmətlərini yüksək qiymətləndirən Heydər Əliyev Azər Mustafazadəni Azərbaycana dəvət edir və 1983-cü ilin əvvəllərində Azərbaycan Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti işləri Komitəsinə sədr müavini vəzifəsinə təyin edir. Tale elə gətirdi ki, mən də elə həmin ildə həmin Komitəyə dəvət olundum və Azər müəllimin kuratsiyasında olan Tərcümə Ədəbiyyatı İdarəsində redaktor vəzifəsində çalışmağa başladım. O başlayan--bu başlayan, bugünədək bir yerdə çalışdıq. 3 il istisna olmaqla--1987-ci ildə Azər Mustafazadə Azərbaycan KP MK-nın Mədəniyyət şöbəsinə müdir təyin edildi. Orada çalışdığı dövrdə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə fədakarlıqla qulluq etdi. Sonra onu Şəki Şəhər Partiya Komitəsinə birinci katib təyin etdilər. Etiraf edirdi ki, məni sanki ədəbi aləmdən ayırıb öz rayonuma "sürgün" etdilər. 1990-cı ildən ömrünün sonunadək Azərbaycan Dövlət Nəşriyyatı--Azərnəşrdə direktor vəzifəsində çalışdı. Rəhmətlik Əjdər Xanbabayevdən sonra müəllimim kimi, böyük qardaşım kimi nəşriyyat işlərində birgə fəaliyyət göstərdik. Azər müəllim geniş erudisiyaysı, zəngin ensiklopedik biliyi, mütaliəsi ilə seçilən azsaylı naşirlərdən idi. Böyük və zərif qəlb sahibi, təmənnasız ziyalı, gözü-könlütox, tamahsız insan, əlinin-zehninin qabarı ilə çörəyini qazanan əsl zəhmətkeş ziyalı idi. Birgə çalışdığımız illərdə də bədii yaradıcılığını--tərcüməçiliyini dayandırmadı. S. Əhmədovun, Kamal Abdullanın, Sabir Rüstəmxanlının, Elçinin və digər bir sıra yazıçıların əsərlərini yüksək professionallıqla rus dilinə tərcümə edib əksəriyyətini Moskvada nəşr etdirdi. Sonuncu tərcüməsi Yusif bəy Çəmənzəminlinin "Studentlər" əsəri oldu. Əbdürrəhimbəy Haqverdiyevin hekayələrini tərcümə etməyi nəzərdə tutmuşdu, zalım fələk qoymadı…İndi onun haqqında yazmaq da, danışmaq da mənə çox ağırdır. Çünki təqribən 40 il bir yerdə çalışmışıq, dərdimiz-sərimiz bir olub. Heç unutmaram, --düşünürəm ki, qədirbilən Kəlbəcər cammatı da unutmaz--ağır 1993-cü ildə hələ Kəlbəcər işğal olunmamışdan qabaq Azərnəşrdə "Kəlbəcərin müdafiəsinə kömək" qərargahı yaradılandan ta bugünümüzədək Azərnəşr Kəlbəcərlilərin doğma ocağına çevrilmişdi və bu da Azər müəllimin əsl vətənpərvərliyinin sayəsində oldu. Hətta bəzən işə gələndə kabinetinin də hər cür qayğıya və dəstəyə möhtac olan kəlbəcərlilərlə dolu olduğunu görəndə bircə dəfə də olsun, sifətini turşutmadı. Təbii ki, bu kiçik qeydlərim Azər müəllim haqda yazılacaq yazılarıma müqəddimə kimi dəyərləndirilməlidir. Ümumittifaq miqyasında görkəmli ədəbiyyatşünaş, tərcüməçi, naşir kimi hörmətlə anılan Azər Mustafazadənin nurlu siması, xeyirxah əməlləri onu tanıyan hər kəsin qəlbində özünə yuva qurub. Əziz və işıqlı xatirəsi bütün kitabsevərlərin, ziyalıların, ələlxüsus da Kəlbəcərlilərin yaddaşında əbədiyaşarlıq möhürü kimi qalacaqdır.

 

Əlövsət Ağalarov, sabiq millət vəkili, "Azərnəşr"in baş redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO