“Hazırda məktəbəqədər və ümumi təhsil müəssisələri üzrə 104 mindən çox, ali təhsil müəssisələri üzrə isə 11 mindən çox aktiv TəhsilPlus kart istifadəçisi var”.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Təhsilin İnkişafı Fondundan məlumat verilib.
Fondun mətbuat katibi Könül Abdulrəşidova bildirib ki, qeyd olunan 3 təhsil səviyyəsi üzrə ümumi istifadəçi sayı 115 mindən çoxdur:
“TəhsilPlus layihəsi çərçivəsində təhsil işçilərinin ölkə üzrə vahid kartla təmin edilməsi prosesi mərhələli şəkildə həyata keçirilir. İlkin mərhələdə məktəbəqədər, ümumi və ali təhsil müəssisələrində çalışan əməkdaşların kartlarla təminatına başlanılıb. Məktəbəqədər və ümumi təhsil üzrə 13 regional təhsil idarəsindən 9-unda kartların sifarişi, çapı və paylanması tam yekunlaşıb, digər 4 idarə üzrə isə işlər yekunlaşma mərhələsindədir. Ali təhsil müəssisələri üzrə isə layihəyə 28 universitet qoşulub”.
Könül Abdulrəşidova açıqlamasında qeyd edib ki, növbəti mərhələdə peşə təhsili müəssisələri və kolleclərin, həmçinin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin əməkdaşlarının layihəyə cəlb olunması nəzərdə tutulur:
“Bu mərhələlərin ardıcıl şəkildə tamamlanması ilə TəhsilPlus kartlarının bütün təhsil işçilərini əhatə etməsi təmin ediləcək.
TəhsilPlus kartı təhsil işçilərinin gündəlik iş və ödəniş ehtiyacları üçün bir sıra funksiyaları özündə birləşdirir. Kart əməkhaqqı və debet kartı kimi istifadə olunmaqla yanaşı, təhsil işçisinin çalışdığı müəssisəyə giriş-çıxış vasitəsi kimi də istifadə edilir. Bununla yanaşı, kart istifadəçiləri layihənin tərəfdaş şəbəkəsinə daxil olan müxtəlif müəssisələrdə alış-veriş, sağlamlıq, xidmət, istirahət və digər sahələr üzrə endirim və bonuslardan yararlana bilirlər.
Hazırda kart istifadəçilərinə kitab və dəftərxana ləvazimatlarının alışında və kinoteatrlarda 5%, “Bravo” mağazalarında QR ödənişlər zamanı 3%, yanacaqdoldurma məntəqələrində, kafe və restoranlarda, eləcə də apteklərdə 2% bonus imkanları təqdim olunur.
“Referans” Tibb Mərkəzinin Bakı və Gəncə filiallarında 10% endirim, BakıKart QR ödənişlərində 10% bonus, Gəncədə “City Card” ödənişlərində isə 10% nəqliyyat endirimi tətbiq edilir. Layihə çərçivəsində təhsil işçilərinin əməkhaqqı və gündəlik ödənişlərini, iş yerində identifikasiyasını və tərəfdaş xidmətlərindən əldə olunan üstünlükləri bir kart üzərindən istifadə edə bilməsi üçün imkan yaradılır”.
Nəzrin Mirzəyeva, Bizim.Media




































































































