Azərbaycanda üçüncü “InnoWeek - İnnovasiya həftəsi” keçirilir

Azərbaycanda üçüncü “InnoWeek - İnnovasiya həftəsi” keçirilir

Hazırda oxunan: Azərbaycanda üçüncü “InnoWeek - İnnovasiya həftəsi” keçirilir

5501

Dekabrın 14-dən Azərbaycanda üçüncü “InnoWeek – İnnovasiya həftəsi” keçirilir. 

Bizim.Media xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı ilə baş tutan layihə, ölkəmizdə innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi, gənclər arasında innovativ düşüncə tərzinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilir.

Yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar “InnoWeek” çərçivəsində keçiriləcək müxtəlif yerli və beynəlxalq səviyyəli tədbirlər onlayn şəkildə təşkil olunub. 

“İnnovasiyalar həftəsi”nin ilk tədbiri “I2B – İdeyadan Biznesə” layihəsi ilə başlayıb. 14 dekabr tarixində “Robopark” layihəsi çərçivəsində “Matrix Təlim Mərkəzi” tərəfindən “Advanced Data Science & Deep Learning – Qabaqcıl data elmi və dərin öyrənmə”, 14-15 dekabr tarixlərində, onlayn kiber idman turniri, 15 “MHM-də ağıllı layihələr” tədbirləri keçirilib.

15 dekabr həmçinin “Cyber Security Envisioning Workshop” – “Kibertəhlükəsizlik vebinarı” tədbiri də təşkil olunub. Daha sonra “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platformasının yaradılmasına həsr edilmiş videokonfrans olub.

16 dekabr tarixində isə “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar Forumu – MAİNTECH FORUM” baş tutub. 16-17 dekabr tarixlərində “ölkəmizdə ilk “Creative Solution Go” – “Yaradıcı həllərə doğru” olimpiadası təşkil edilib.

Həmçinin 16 dekabr tarixində “eSAS” Könüllülük proqramı çərçivəsində Azərbaycan dili üzrə nitqin tanınması üçün süni intellekt sahəsinin inkişafının sürətləndirilməsi və dəstəklənməsi, müxtəlif növ böyük məlumat bazalarının hazırlanması məqsədilə həyata keçirilən layihə üzrə ən fəal, ən çox mətn səsləndirən könüllülərin mükafatlandırma mərasimi təşkil edilib.

17-18 dekabrda isə“World Net Summit” adlı beynəlxalq onlayn konfrans təşkil ediləcək. Həmçinin 17 dekabr “FemTech – Qadınlar texnologiyada” tədbiri də keçiriləcək. “World Net Summit” çərçivəsində 18 dekabr tarixində “CyberTECH – Kibertəhlükəsizlik sənayesinin inkişafı” və “Innovation Awards” mükafatlandırma tədbiri keçiriləcək. 

19 dekabr “Girls Code Azerbaijan” platforması tərəfindən “The full lifecycle of Machine Learning projects – Maşın öyrənməsi proyektlərinə ümumi ortaq yanaşma və “Devopsdays” beynəlxalq tədbirləri keçiriləcək. 

“InnoWeek – İnnovasiya həftəsi” dekabrın 19-da başa çatacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO