Millət vəkili Ceyhun Osmanlının jurnalist Xədicə İsmayılla bağlı məlum addımlarında heç bir antikonstitusion hərəkət yoxdur. Bunu Gün.Az-a açıqlamasında ixtisasca hüquqşünas olan millət vəkili Çingiz Qənizadə deputat həmkarı Ceyhun Osmanlının jurnalist Xədicə İsmayılın xarici ölkə vətəndaşları (ABŞ Xarici Kəşfiyyat İdarəsinin iki əməkdaşı) ilə danışığının audioyazsını Respublika Prokurorluğuna təqdim etməsindən sonra həmin şəxsin mətbuatda və sosial şəbəkələrdə antikonstitusion addım atmaqda, Konstitusiyanın müvafiq 32-ci maddəsinin 3-cü bəndini pozmaqda ittiham olunmasına münasibətini bildirərkən dilə gətirib.
Qeyd edək ki, adıçəkilən maddədə söhbət yalnız şəxsi həyatdan gedir.
Həmin maddəni tam olaraq təqdim edirik:
Maddə 32 Şəxsi toxunulmazlıq hüququ:
III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Ç.Qənizadə qeyd edib ki, əksinə, bu, C.Osmanlının vətəndaşlıq mövqeyidir və alqışlanmalıdır.
Millət vəkilinin dediyinə görə, burada Konstitusiyanın müvafiq maddəsinin pozulmasından, şəxsi həyata müdaxilə edilməsindən də söhbət gedə bilməz:
“Amma orada nələr yazıldığını, baş verdiyini də hələlik tam dəqiq bilmirəm. Sadəcə, bu gün xəbər tutdum ki, həmin audioyazı prokurorluğa təqdim edilib.
Eyni zamanda bildirmək istəyirəm ki, Xədicə İsmayılın hərəkətləri-ayrı-ayrı adamların ictimai-siyasi fəaliyyətinə kölgə salmaq cəhdləri böhtan xarakterli bir məsələdir. Əslində Xədicə İsmayılın hərəkətləri də “başadüşülən”dir.
Çünki o əvvəllər də bu tipdə, bu mövqedə, bu ambisiyada addımlar atıb. Yəni, başqalarına qara yaxmaq, başqalarının şəxsiyyətini alçaltmaq, jurnalist fəaliyyəti zamanı insanları studiyada, mikrafon qarşısında ittiham etmək onun “dəst-xəttidir”.
Millət vəkili eyni zamanda, bir müddət öncə X.İsmayılın “hesabatında” adıkeçən hüquq müdafiəçiləri ilə də bağlı açıqlama verdiyini xatırladıb:
“Bildiyiniz kimi, orada hüquq müdafiəçilərinin bəziləri parlamentin komitə sədri Səməd Seyidov və Ədliyyə Nazirliyi ilə əməkdaşlıqda ittiham olunur ki, bu da tamamilə səhvdir. Əslində hakimiyyətlə hüquq müdafiəçiləri arasında işgüzar əlaqələrin qurulması, onların bir masa arxasında orturması, bir-birilərini dinləməsi, müəyyən məsələlərdə ortaq məxrəcə gəlməsi, yəni, kimlərinsə həbsdən azad olunması və ya cəzasının azaldılmasında yaxından əməkdaşlıq etməsi vacibdir.
Burada qəbahətli heç nə yoxdur. Bəli, biz Səməd Seyidovla da əməkdaşlıq edirik. Bu baxımdan, yaxşı olardı ki, orada Səməd Seyidovun yox, mənim adım yazılaydı...”
Ç.Qənizadə həmçinin deyib ki, prokurorluq məlum səs yazısını dinlədikdən sonra orada müəyyən cinayət xarakterli əməllərin olduğunun təsdiq etsə, o zaman məsələyə yenidən və daha detallı münasibət bildirmək olar:
“Amma Ceyhun Osmanlıya qarşı addımlar, kampaniya yolverilməzdir. Ceyhun Osmanlı ölkənin siyasi həyatında olan adamdır, millət vəkilidir. Bu baxımdan, Ceyhun Osmanlı öz ölkəsi, istər iqtidarda, istər müxalifətdə olan tanınmış adamlar haqda məlumatların hansısa xarici ölkə vətəndaşlarına ötürülməsinin şahidi olubsa və bunu öz telefonunun diktafonunda qeyd edibsə, burada əksinə ona təşəkkür düşür. Onu qınamaq üçün heç bir əsas və yer yoxdur.
Bir daha qeyd edirəm ki, onun addımlarında heç bir antikonstitusion hərəkət yoxdur. Çünki dediyim kimi, Konstitusiyanın istinadən edilən maddəsində şəxsi həyata müdaxilədən söhbət gedir. Bu məsələdə isə şəxsi həyata müdaxilə söhbəti yoxdur”.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda X.İsmayılın amerikanlı diplomatlarla görüşdə onlara müəyyən siyahı verməsi xəbəri yayılmışdı.
Məlumata əsasən, X.İsmayıl görüş zamanı diplomatlara müxalifətdə olan bir qrup insanın siyahısını verib. İddiaya əsasən, siyahıda X.İsmayılın fikrincə müxalifətdə olub, müxalifət əleyhinə işləyən insanların adları yazılıb.
Millət vəkili Ceyhun Osmanlı Facebook sosial şəbəkəsində jurnalist Xədicə İsmayılın restoranda görüşünün audio yazısı olan telefonunu prokurorluğa təqdim etdiyini bildirib.
C.Osmanlı yazıb: “Mən Brüsseldə səfərdə olanda jurnalist Xədicə İsmayıl növbəti dəfə adımı öz Facebook səhifəsində “yad” etdi. “Jurnalist” Xədicə İsmayılın Art Garden restoranında özünə yaxşı məlum olan, amma başqalarına az məlum olan görüşünün audio yazısı olan şəxsi telefonumu bu gün Baş Prokurorluğa təqdim etdim. Xədicə xanımın yüksək səslə danışdığını hər kəs bilsin deyə uğurlar. P.S. Vətənə xəyanət bağışlanılmır!!!”.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib ki, millət vəkili Ceyhun Osmanlı tərəfindən Xədicə İsmayılovanın əcnəbilərlə danışıqlarının əks olunduğu iddia edilən audio yazını Baş Prokurorluğa təqdim edilən audio yazıdakı danışıqların istintaq yolu ilə tam və hərtərəfli araşdırılması, qanuna müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.








































































































