Müsahibimiz xatırlatdı ki, anasının ölümündən bir neçə ay öncə “Sahil” metro stansiyasının üstündə yerləşən çoxmərtəbəli binanın üstündəki mənzili boşaldılmışdı:
“Həmin mənzildən çıxarılan bütün əşyalar isə Novxanıdakı bağ evinə yerləşdirilmişdi. Orada bahalı xalçalar, çanaq antenalar, dəyəri 2-3 min manat olan antikvar telefonlar, evdən çıxan bir çox bahalı əşyalar var idi. Ev boşaldılandan sonra fikirləşdik ki, ordan çıxan əşyaları harda yerləşdirək. Qərar verdik ki, bağ boşdur, ən münasib yer oradır. Oğrular onların hamısını götürüblər. Hadisənin konkret hansı tarixdə baş verməsini dəqiq deyə bilmərəm. Amma xəbər tutan kimi müvafiq polis orqanına bu barədə xəbər verdik”.
A.Məmmədovun sözlərinə görə, hazırda polis bu oğurluq işi ilə bağlı araşdırma aparır. Dünən tezdən polislərlə əlaqə saxlayan A.Məmmədova araşdırmanın aparıldığı bildirilir. Müsahibimizdən “bu, sıradan oğurluq hadisəsidir, yoxsa Sevinc Babayevanın evindən çıxan əşyaların içində gizli sənəd, disk axtarmaq istəyənlərin təşəbbüsü?” sualına cavabda A.Məmmədov dedi ki, hadisədə hər hansı başqa səbəblər axtarmaq lazım deyil: “Bu, adi bir oğurluq hadisəsidir. Bağ yeridir, içəridə adam olmayıb, əşyaları oğurlayıblar. Polislər araşdırmaya başlayıb. Ümid edirəm, yaxın zamanda hər şey üzə çıxacaq”.
































































































