“Müsavat Partiyasının Milli Şuradan çıxmasını arzulamırdıq”

“Müsavat Partiyasının Milli Şuradan çıxmasını arzulamırdıq”

Hazırda oxunan: “Müsavat Partiyasının Milli Şuradan çıxmasını arzulamırdıq”

39750

“Ziyalılar Forumunun fəaliyyətinin bərpası istiqamətində müvafiq addımlar atılır”

 

“Gənclərin aparıcı qüvvəyə çevrilməsi istiqamətində də müzakirələr aparırıq”

 

“Vətəndaşlar mütəşəkkil qaydada qiymət artımına münasibət bildirməlidir”


Milli Şura sədri Cəmil Həsənli demokratik güclərin ən böyük koalisiyasındakı mövcud durum, habelə qurumun gələcək plan və fəaliyyəti ilə bağlı “Hürriyyət” qəzetinə müsahibə verib. Moderator.az həmin müsahibəni olduğu kimi təqdim edir.

 

- Cəmil bəy, öncə Müsavat partiyasının Milli Şura sıralarını tərk etməsinə münasibət öyrənmək istərdik. Sizcə Müsavat Partiyasının gedişindən sonra Milli Şuranın fəaliyyətində hansısa problemlər meydana çıxa bilərmi?

 

- Bildiyiniz kimi, Müsavat Partiyası Milli Şuranın aparıcı partiyalarından biri idi. Biz Müsavat Partiyasının Milli Şuradan çıxmasını arzulamırdıq. Lakin buna baxmayaraq, bu baş verdi. Bir şeyi nəzərə almaq lazımdır ki, Milli Şura partiya prinsipinə görə deyil, fərd prinsipinə görə qurulub. Milli Şurada kifayət qədər geniş bir dairə qalır. Müsavat Partiyasından başqa digər qüvvələr burada təmsil olunur. Vətəndaş cəmiyyətləri, sivil təşkilatlar və s. qüvvələr də Milli Şuradakı fəaliyyətlərini davam etdirirlər. Ölkənin tanınmış ziyalıları da Milli Şuradakı fəaliyyətlərini davam etdirməkdə qərarlıdırlar. Milli Şura Müsavat Partiyasının onun sıralarını tərk etməsindən sonra şübhəsiz ki, öz fəaliyyətini davam etdirəcək. Milli Şura bugünə qədər olduğu kimi  bundan sonra da Azərbaycan cəmiyyətinin arzu və iradəsini əks etdirəcək.

 

- Oqtay Gülalıyev qeyd edib ki, Milli Şuranın gələcək taleyi ilə bağlı qurum dxilində yekdil fikir yoxdur. Sizcə doğrudanmı Milli Şuranın gələcəyi ilə bağlı vəziyyət bu qədər qeyri-müəyyən və ümidsizdir?

 

- Məsələ ondadır ki, Milli Şuranın gələcək aqibəti və fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılır. Milli Şura üzvləri, partiya rəhbərləri bu barədə müzakirələr aparır, düşüncələrini bölüşürlər. Bu fikir mübadilələrində ayrı-ayrı tanınmış ziyalılar da iştirak edir. Onların da fikirlərini dinləyir, bu yöndə müzakirələr aparırırıq. Şübhəsiz ki, Milli Şuranın gələcək fəaliyyətini təmin etmək lazımdır. Milli Şura yaradılanda da orada başlıca məqsəd siyasi partiyalara daxil olmayan ayrı-ayrı nüfuzlu şəxsləri, ziyalıları, QHT rəhbərlərini bu təşkilata cəlb etmək idi. Çünki onsuz da partiyalar var və onlar öz işlərini aparırlar. Böyük bir dairə var ki, onlar siyasi partiyalardan kənarda qalıb. Lakin onlar müxalif fikrin daşıyıcılarıdır. Onlar ölkədə dəyişiklik istəyirlər. Bunların isə böyük bir hissəsi gənclərdir. Milli Şuranın bir missiyası da gənclərin fəaliyyətini sitimullaşdırmaq, onların fəaliyyətinə təkan verməkdən ibarətdir. Bütövlükdə, gənclərin rolu və təsir imkanlarının artırılması mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə də müəyyən işlər gedir. Ötən prezident seçkiləri gəncliyin yeni bir qüvvə kimi Azərbaycanın siyasi həyatına daxil olduğunu təsdiq etdi. Xüsusilə də əsgər ölümləri ilə bağlı gəncliyin təşkil etdiyi möhtəşəm mitinq, ondan sonrakı dövrdə baş verən təşkilatlanma, gənclərin həbs edilməsi, bütün bunların gənclərin cəmiyyətdə böyük bir qüvvə kimi özünü ortaya qoyduğunu göstərir. Biz Milli Şurada gənclərin aparıcı qüvvəyə çevrilməsi istiqamətində də müzakirələr aparırıq.

 

- Maraqlıdır ki, Ziyalılar Forumunda iştirak edən bəzi ziyalılar Milli Şurada təmsil olunmadı və bu gün də belə bir istək nümayiş etdirmirlər. Onların Milli Şuranın fəaliyyətində iştirak etməməsi nə ilə bağlıdır?

 

- Bu məsələ Milli Şura yaanmazdan əvvəl müzakirə edilmişdi. Belə razılıq əldə olunmuşdu ki, Ziyalılar Forumu Milli Şuraya tam heyətlə daxil olmasın. Milli Şura Ziyalılar Forumuna nisbətən siyasətə daha çox meyillidir. Buna görə də Ziyalılar Forumundakı bir sıra tanınmış üzvlərimiz burada təmsil olunmadı. Rüstəm İbrahimbəyov, Gültəkin Hacıbəyli, E.Namazov və mən Milli Şurada təmsil olundum. Digər dostlarımız isə Milli Şurada təmsil olunmadı. Bütün bunlar razılıq əsasında reallaşdı.

 

- Son vaxtlar Ziyalılar Forumunun fəaliyyəti ilə bağlı da müəyyən durğunluq müşahidə edilir. Ziyalılar Forumunda təmsil olunan şəxslərin bir araya gəlməməsi nə ilə bağlıdır?

 

- Şübhəsiz ki, bu məsələdə həm vaxt, həm də digər amillər rol oynayır. Ziyalılar Forumunun bəzi üzvləri xaricdə olur. R.İbrahimbəyov uzun müddətdir ki, xaricdədir. R.Əliyev də çox zaman xaricdə olur. Mənim bir sıra səfərlərim olub. Prezident seçkiləri kimi mühüm siyasi prosesin də bu məsələdə təsiri oldu. Buna görə də Ziyalılar Forumunun Milli Şuradakı üzvləri daha çox siyasi proseslərdə iştirak etməli oldular. Amma Ziyalılar Forumu ilə bağlı da bir sıra müzakirələr olub. Hazırda da onun fəaliyyətinin bərpa edilməsi istiqamətində də müvafiq addımlar atılır.

 

- Milli Şuranı tərk edəndən sonra AXCP və Müsavat arasında ölkə mətbuatında ciddi ittihamlar  səslənməkdədir. Ölkənin iki müxalif siyasi partiyasının bir-birinə olan məlum münasibətini necə dəyərləndirirsiniz?

 

- Təbii ki, bu cür olayların baş verməsi bizim tərəfimizdən arzuedilməzdir. Milli Şuraya hərə öz qərarı ilə daxil olub və hərə öz qərarı ilə çıxa bilər. Buna görə müxalif güclərin bir-birinə qarşı kampaniya aparması, vəziyyəti gərginləşdirməsi və s. kimi halları məqbul hesab eləmirəm. Bütün münasibətlər sivil qaydada həll olunmalıdır. Fikir ayrılıqlarının ən doğru həlli məhz budur.

 

- Bundan bir müddət öncə ölkədə yanacaqdan tutmuş ərzaq məhsullarının qiymətinə qədər demək olar ki, bütün məhsulların qiymətində ciddi artım baş versə də, vətəndaşların bu artıma münasibəti adekvat olmadı. Sizcə xalqın baş verənlərlə bağlı ortaya adekvat mövqe qoymaması nə ilə bağlıdır?

 

- Ümumiyyətlə, hər bir bahalaşmanın iqtisadi əsasları olmalıdır. Azərbaycandakı bahalaşmanın isə iqtisadi əsasları yoxdur. Çünki Azərbaycan dünyanın ən bahalı ölkələrindən biridir. Hətta Azərbaycanın özündə istehsal edilən məhsullar belə xaricilərlə müqayisədə vətəndaşlara baha qiymətə satılır. Nefti Azərbaycan Dövlət Neft Şirkəti xarici dövlətlərə Azərbaycan vətəndaşlarına satdığından daha ucuz satır. Qaz məhsulunun satılmasında da eyni tendensiya müşahidə edilir. Qiymət artımını iqtisadi əsaslandırma müəyyən edir. Azərbaycanda iqtisadi əsaslandırma olmadığı üçün qitmərlər süni şəkildə artır. Şübhəsiz ki, insanlar baş verənlərlə bağlı mövqe ortaya qoymalı, bu cür arzuedilməz yeniliklərə öz münasibətlərini ifadə etməlidirlər. Çünki bu qiymət artımının bahalığı vətəndaşın üzərinə düşür. Vətəndaş təşkilatlanmış şəkildə olanda onun müqavimətinin bir xeyri olur. Vətəndaşların tək-tək baş verənlərə münasibət sərgiləməsi isə çətindir. Ya Quba və ya İsmayıllı hadisələri kimi olaylar baş verməlidir, ya da mütəşəkkil qaydada qiymət artımına münasibət bildirməlidir. Hələ ki, bu istiqamətdə görüləsi bir sıra işlər var. Hesab edirəm ki, Azərbaycan konstitusiyasına uyğun olaraq vətəndaşların mübarizəsinin daha sivil, daha konstitusyon yolu müəyyən edilməli, cəmiyyət təşkilatlandırılmalıdır. Yalnız xalqın birgə kosntitusyon mübarizəsi vəziyyəti dəyişə bilər.

 

Seymur Əliyev

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO