Keçmiş məmurların tender imperiyası – Milyonlar necə GÖYƏ SOVRULUR?

Hazırda oxunan: Keçmiş məmurların tender imperiyası – Milyonlar necə GÖYƏ SOVRULUR?

25966

Keçmiş məmur oliqarxiyası demək olar ki, tender və dövlət satınalmalarını qazanc mənbəyinə çevirib. Mətbuatda gedən xəbərlərə nəzər salsaq görərik ki, iri məbləğli tenderlərin əsas “qəhrəmanları” keçmiş məmurlar olur.

1 manat sərmayəsi olan şirkətlərin milyonluq tenderləri....

Çox zaman isə tenderləri “udan şirkətlərin” məhz aşağı sərmayə və qısa müddət ərzində “proksi” şəxslər adına qurulan şirkətlər olur. Lakin elə kresloları ilə vidalaşan keçmiş məmurlar açıq şəkildə də bu işlə məşğul olmaqdan çəkinmirlər. 

Rüşvət maxinasiyaları, mənimsənilən milyonlar...

Nəzər salaq...Faktlar...

Bu yaxınlarda Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə elan etdiyi müsabiqənin qalibi bəlli olub. Qalib Şirkət Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “İmprotex Trucks and Buses” MMC elan olunub.

Qeyd edək ki, qurum “İmprotex” Şirkətlər Qrupuna daxildir. Xəzər MKTB ilə şirkət arasında imzalanan müqavilənin maliyyə dəyəri isə nə az, nə çox düz 457. 151.35 manat olub.

Bu sadalayacağımız faktların tam başlanğıcıdır. İstənilən insan internet üzərindən araşdırma aparsa daha uzun siyahı əldə edə bilər.

16 milyon 559 min 900 manatlıq tender...

İkinci fakt Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Star Construction-12" QSC olmasıdır.

Şirkət “yarıdacağı işlərə görə” İcra Hakimiyyəti tərəfindən  16 milyon 559 min 900 manat vəsait alıb. Şirkət isə daha əvvəl Bakı şəhəri üzrə Təhsil İdarəsində Təmir-tikinti və təchizat sektorunun müdiri Bayramov Mirsahib Atamalı oğluna aiddir.

Digər fakta əsasən Göygöl Rayon İcra Hakimiyyəti “Ərdağı” MMC ilə maliyyə dəyəri 859 424.66 AZN olan müqavilə imzalayıb. Şirkət Nazim Məmmədov adnda şəxsə məxsus olmasına baxmayaraq, gizli mənbə bildirir ki, həqiqətdə o keçmiş yüksəkçinli məmurlardan birinə aiddir. Xatırladaq ki, bu şirkət bir neçə dəfə böyük məbləğli tenderlərin qalibi olub.

Səlim Müslümovun “yaxın adamı”...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (ƏƏSMN DSMF) Bərdə şöbəsinin keçmiş müdiri Raquf Məmtiyev isə Yevlax Şəhər İcra hakimiyyətinin elan etdiyi tenderin qalibi olub.

O, “Təmir-İnşaat” MMC şirkəti vasitəsilə tender zamanı qazanan “işlərinin” yerinə yetirmək üçün İcra hakimiyyəti ilə 630 353 manatlıq müqavilə bağlayıb. Burada isə maraqlı iki məqam var. Məlumata görə, R.Məmtiyev keçmiş nazir Səlim Müslümovun yaxın adamı kimi tanınıb. Digər fakt isə şirkətin kapitalının cəmi 10 manat təşkil etməsidir.

Burada bir sual ortaya çıxır? Keçmiş məmurlar hansı pullar ilə bu sərmayəni əldə ediblər ki, bu cür tenderlərin qalibi olub ortaya hər hansı bir kapitalı təqdim edə bilsinlər. Axı, onlar hər zaman rüşvət, korrupsiya hallarını inkar ediblər.

Qeyr-rəsmi sövdələşmələr, subyektiv maraqlar...

İqtisadçı Rəşad Həsənov Bizim.Media-ya açıqlamasında bildirb ki, bu cür hallar son zamanlar deyil, bir neçə ildir ki, belə hallar mövcuddur.

“Uzun zamandır ki, bu cür hallar formalaşıb. Çünki zamanında kapital yığımı ədalətsiz formada davam edib. Formalaşan şirkətlər daha çox məmurlara məxsus idi. Çünki toplanmış qeyri-qanuni vəsaitlər vasitəsilə bu şirkətlər investisiya edilirdi.

Eyni zamanda səlahiyyətlərdən sui-istifadə imkanları da normal biznes şərtlərini pozaraq məhz bu biznes subyektlərinin dominantlığına gətirib çıxarıb. Bu gün bir tərəfdən qeyr-rəsmi sövdələşmələrin, subyektiv maraqların təcrübəsində dövlət trenderlərində iştirak edən müəssisələr məmurlara məxsusdur.

Bir tərəfdən də bu əvvəlki dövrlərdə formalaşmış qeyri-qanunilikdir ki, bazarda rəqabət aparan şirkətlər yox dərəcədədir. Zamanında məmur müdaxiləsi rəqabət apara biləcək şirkətlərin inkişafının qarşısını aldı. Bu gün keçmiş məmurların bu tenderlərin qalibinə çevrilməsində xüsusi bağların, tanışlığın da böyük rolu var. Bundan başqa şirkətlər də bu hala öyrəşib və dəstəyi olan şirkətlərlə işləməyi daha da asan sayırlar”.

Keçmiş məmurlar miyonluq tenderlərdə...

İqtisadçı həmçinin qeyd edib ki, vaxtilə kresloda əyləşən məmurlar bununla da qeyri-qanuni vəsait toplamalarını bir növ etiraf edirlər.

“Bəzi məsələlər var ki, onlar aksiomadır. Bunların sübuta ehtiyacı yoxdur. Bu keçmiş məmurların da miyonluq tenderlərdə iştirakını aksiomaya bənzətmək olar. Məsələ ondadır ki, onlar mal varlıqları haqqında izahat verəndə isə ortaya çox absurd hallar çıxır.

Məsələn 13 yaşlı uşağın xaricdə biznesi ortaya çıxır. 17 yaşlı gəncin dünya səviyyəli bir şirkətin rəhbəri olması məlum olur. İzahatlar o qədər süni olur ki. Uzun müddət dövlət büdcəsi mənimsənilib və bunun nəticəsində iri məmur biznesləri ortaya çıxıb”.

Sonda R.Həsənov kiçik kapitallı şirkıtlərin milyonluq tenderlərdə iştirak etməsi məsələsinə də toxunub.

“Təəssüf ki, bu şirkətlərin nizamnaməsi barədə qanunda boşluq var. Şirkətin dövriyyəsi ilə onun kapitalı arasında uzlaşdırıcı hər hansı bir mexanizm yoxdur. Kapitalı 10 manat olan şirkət milyonluq tenderdə iştirak edir. Bu formal xarakter daşıyır. Qanunvericilikdə bu sahədə böyük boşluq var”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO