Dənizkənarı Bulvar İdarəsindən QANUNSUZLUQ - ŞİKAYƏT

Hazırda oxunan: Dənizkənarı Bulvar İdarəsindən QANUNSUZLUQ - ŞİKAYƏT

18827

Dənizkənarı Bulvar İdarəsinin (DBİ) inhisarçı siyasət apardığı və insanları bilərəkdən incitdiyi iddia olunur. 

Bizim.Media xəbər verir ki, ictimai fəal Orxan Əkbərovun “Facebook” hesabında qeyd etdiyinə görə, Dənizkənarı Bulvar İdarəsinin mühafizəçisi ona Neftçilər prospektində ödənişlə kirayə götürdüyü elektrik skuterlə gəzintiyə  imkan verməyib.

DBİ-nin əməkdaşı əsas gətirib ki, skuter mütləq Bulvardakı kirayə yerindən götürülməlidir:

“Yeraltı keçidlə Dənizkənarı Bulvara keçdik. Yeni Bulvarda velosiped və skuterlər üçün ayrılmış yerdə gəzişdik. Elə təzə başlamışdıq ki, DBİ-nin mühafizəçisi addımbaşı bizi saxlamağa başladı. Səbəb isə skuteri Bulvardakı kirayə yerindən götürməmiyimizdir. Bildirdi ki, burada sürməyə icazə yoxdur. Deyirəm, skuter özümündü, deyir sübut elə, yəni cibində skuteri aldığına dair çeklə gəz. Məntiqsizlikdir!” 

Şikayətçi DBİ-nin belə bir qayda qoymasını sərt tənqid edib:

“Velosiped və skuter üçün ayrılmış yerdə niyə başqa yerdən gətirilmiş skuter sürmək olmaz? Öyrəndim ki, bu qadağa yazılı deyil. Bulvar ictimai yerdir. Buna baxmayaraq DBİ niyə belə inhisarçı siyasət apararaq əhalini narahat edir? DBİ-nin belə bir qayda qoymağa ümumiyyətlə qanunla tənzimlənən haqqı varmı?”.

Dənizkənarı Bulvar idarəsinin mətbuat katibi Rəfail Niftəliyev Bizim.Media-ya açıqlamasında sözügedən iddiaya münasibət bildirib. 

O deyib ki, istənilən ərazidən kirayə götürülən skuter və ya velosipedin Bulvar ərazisində istifadəsinə məhdudiyyət yoxdur:

“Elə bir qayda yoxdur. Görünür, o məsələdə hansısa anlaşılmazlıq olub. Şikayətçi bu məsələni necə təsvir edib, bilmirəm. Hazırda bizə elə bir tapşırıq olmayıb. Kim haradan kirayə skuter və ya velosiped götürürsə, sərbəst şəkildə Bulvar ərazisində istifadə edə bilər. Sadəcə bir məsələ var. Əhalinin sıx olduğu köhnə Bulvar ərazisində həddindən artıq uşaqlar olur. Ora biz velosipedi də qadağan etmişik. O halda hansısa məhdudiyyət ola bilər. Amma digər ərazilərdə hərəkət sərbəstdir. Yeni Bulvarda həm skuter, həm də velosiped üçün xüsusi ayrılmış yerlər var ki, hərəkət üçün heç bir məhdudiyyət yoxdur”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO