Səhnəmizin “qayınanası” – Doğum günü olan Nəsibə Zeynalova barədə maraqlı FAKTLAR

Hazırda oxunan: Səhnəmizin “qayınanası” – Doğum günü olan Nəsibə Zeynalova barədə maraqlı FAKTLAR

188078

Bu gün Azərbaycan kino və teatr tarixində iz qoymuş aktrisa, Xalq artisti Nəsibə Zeynalovanın doğum günüdür. 

Nəsibə Zeynalovanın aktrisa olmasında iki yaşında itirdiyi, üzünü görmədiyi atasının rolu çox olub. 

Bizim.Media Xalq artisti haqqında maraqlı məlumatları təqdim edir: 

Nəsibə Cahangir qızı Zeynalova 1916-cı il 20 apreldə Bakıda aktyor ailəsində doğulub. Həm də tacir olan atası övladının onun aktyorluq sənətini davam etməsini çox istəyib. Lakin aktrisanın atası onun 2 yaşı olanda yatalaq xəstəliyindən vəfat edib.

Erməni daşnaklarının paytaxtda törətdiyi qırğınlardan canını qurtaran, İrana qaçan ailə qayıdanda ailə başçısını itirir. Bu azmış kimi Azərbaycanda sovet hökuməti qurulanda Cahangir Zeynalovanın bütün sərvətini müsadirə edirlər. Bundan sonra Nəsibə xanım və anası Hüsniyyə xanımın çətin günləri başlayır.
Aktrisa yaşamaq üçün atasından qalan əşyaları da satdıqlarını deyib. O, ailəyə kömək üçün zavodların birində fəhlə işləməyə məcbur olub. Elə Nəsibə Zeynalovanın aktyorluq yolu da buradan başlayır. Artıq anasını da itirən Nəsibə xanımın istedadını Şəmsi Bədəlbəyli zavodun özfəaliyyət dərnəyində kəşf edir. Onun köməkliyi və öz istedadı sayəsində Musiqili Komediya Teatrına işə başlayır.

Aktrisanın teatrda bir çox tamaşalarda uğurlu obrazlarla yadda qalıb. Bugünədək izlənən, replikləri dillər əzbəri olan tamaşa isə “Hicran”dır. Nəsibə xanım 65 il teatrda çalışıb. Ömrünün sonlarına yaxın isə teatrdan ayrılır. Aktrisa həmin zamanlar televiziyalardan birinə müsahibəsində kövrəlir, teatr üçün darıxdığını deyir.

Uşaqkən atasını, gənckən anasını itirən ailənin yeganə övladı aktrisanın ilk həyat yoldaşı da İkinci Dünya müharibəsində həlak olur. O, 38 yaşında özündən 11 yaş kiçik şəxslə yenidən ailə həyatı qurur.

Nəsibə xanımın adını daşıyan nəvəsi Nəsibə mətbuata müsahibəsində nənəsinin onu övladlığa götürdüyünü bildirib:

“Nənəmin adını daşımağımın maraqlı tarixçəsi var. Mən martda doğulmuşam. Əvvəl istəyiblər ki, adımı Bahar qoysunlar. Amma nənəm deyib ki, yox, mənim qızım yoxdur. Nəvəm əvvəlcə mənim qızım olacaq. Sonra da öz adımı ona verəcəm. Nənəm sözlə kifayətlənməyib. Məni sənədlə də öz qızı edib. Beləliklə, mən şəxsiyyət vəsiqəsində Cahangir qızı yox, Mütəllim qızıyam”.

Nənəsinin xasiyyətinin tünd olduğunu deyən nəvəsi anası ilə münasibətlərinin yaxşı olduğunu qeyd edib. Bütün Azərbaycanın gəlinlə yola getməyən “qayınana”sı öz gəlininə qarşı həlim davranıb.

Uşaqdan-böyüyə “qayınana” obrazı ilə yadda qalan aktrisa bir çox Azərbaycan filmləri, “Ögey ana”, “Böyük dayaq, “Qanun naminə”, “Bizim Cəbiş müəllim”də yaddaqalan obrazları canlandırıb.

Komediya ustası olan aktrisa heç də həmişə komik rollar oynamaqdan məmnun olmayıb.
Nəsibə Zeynalovanın istedadı təkcə atasından yox, həm də anasından keçib. Anası təhsilsiz qadın olsa da musiqiyə marağı olub, dəf, qarmon ifa edib, məlahətli səsi olub.

Bunu Nəsibə Zeynalovanın nəvəsi, həm də qızı Nəsibə müsahibələrinin birində deyib. O, nənəsinin "Qayınana" filmində oxuduğu bayatının anasına məxsus olduğundan bəhs edib.
Heyvanları xüsusilə, pişikləri çox sevib. Harda sahibsiz pişik görsə, evə gətirirmiş. Bir dəfə isə öz pişiyi üçün qonşu pişiyinə xonça ilə elçi gedir. Ədəb-ərkanla qonşudan pişiyin "həri"sini alır.

Sonradan atasının mülkünün yerində yaranan Musiqili Teatrda  ilk dəfə səhnəyə çıxan Nəsibə Zeynalova 2004-cü il martın 10-da Milli Teatr Günündə vəfat edib. Həmin gün Azərbaycan teatrının Nəsibə Zeynalovaya aid səhnəsinin pərdəsi həmişəlik endi. Enən pərdə arxasında isə onu daim yaşadacaq onlarla maraqlı obrazları qaldı. 

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO