Tanınmış həkim Tariyel Salmanovun vəfatından bir il ÖTÜR

Hazırda oxunan: Tanınmış həkim Tariyel Salmanovun vəfatından bir il ÖTÜR

186947

Bu gün məşhur həkim Tariyel Salmanovun vəfatının 1-ci ildönümüdür.

Bizim.Media xəbər verir ki, Tariyel Salmanov 1955-ci il avqustun 5-də Zəngilan rayonunun Şayıflı kəndində anadan olub. 

İlk arzusu heykəltaraş olmaq olsa da, sonradan onda həkimliyə maraq yaranıb.

Orta məktəbi 1973-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Univesitetinə) Müalicə-profilaktika fakültəsinə daxil olub. İnstitutu 1979-cu ildə bitirib. 

Bakıda qalıb işləmək təklif olunsa da, Şayıflı kəndinə qayıtmağı, orada həkim işləməyi qərara alıb. Ona görə də təyinatını Zəngilana alıb. 1980-ci ilin avqust ayından həm Zəngilan rayon Şayıflı sahə xəstəxanasında həkim-terapevt, həm də Zəngilan Mərkəzi Rayon Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsində həkim işləyib. 1988-ci ildən 1993-cü ilin martına kimi Şayıflı sahə xəstəxanasının baş həkim vəzifəsində işləyib.

Respublikanın sərhədyanı rayonlarında şəraitin normallaşdırılmasında xidmətlərinə, ictimai asayişin mühafizəsi vəzifələrinin həyata keçirilməsi zamanı mərdlik və fədakarlıq göstərdiyinə görə Azərbaycan Prezidenti onu 1991-ci il yanvarın 25-də  Fəxri Fərmanla təltif edib. 2004-cü ildə “Avropa Nəşr Mətbu Evi” Tariyel həkimi “İlin ən yaxşı terapevt həkimi” diplomu və medalı ilə təltif edib.
1989-1993-ci illərdə Zəngilan rayonunun müdafiəsində fəal iştirak edən Tariyel həkim 1991-1993-cü illərdə Zəngilan ərazi özünümüdafiə taborunda, Zəngilan alayının Tibb Xidmətinin formalaşmasında, tam gücü ilə fəaliyyət göstərməsində xüsusi xidmətlər göstərib. Şayıflıda təşkil olunmuş özünü müdafiə qruplarına hərbi həkim kimi rəhbərlik edib. 

1993-cü il oktyabrın 29-da Zəngilan rayonunu ən son tərk edənlərdən biri də Tariyel həkim olub. 1993-cü ilin mart ayında isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Zəngilan rayon Həkim Əmək Ekspert Komissiyasının sədri vəzifəsinə təyin olunub. 1997-ci ildə məcburi köçkün rayonlarının Həkim Əmək Ekspert Komissiyaları ləğv ediləndə Zəngilan Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsinə həkim-terapevt təyin edilib. 2015-ci il iyunun 5-dən son nəfəsinəcən (13 aprel 2023-cü ilədək) Zəngilan Mərkəzi Rayon Xəstəxanasının (MRX-nin) baş həkimi (indiki direktoru) vəzifəsində çalışıb.

Tariyel Salmanov ictimai fəaliyyəti ilə də seçilib.

O, 1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olub və 25 ildən artıq Zəngilan Mərkəzi Rayon Xəstəxanası YAP təşkilatının sədri və YAP Zəngilan rayon təşkilatının siyasi şurasının üzvü kimi rayonda böyük ictimai-siyasi iş aparıb. YAP-ın I, II, III və IV qurultaylarının nümayəndəsi olub. Eyni zamanda,1993-cü ildən 2000-ci ilədək 95 saylı Zəngilan-Qubadlı-Laçın seçki dairəsinin sədri, 2000-ci ildən 2023-cü ilədək  125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin Nəsimi rayonu üzrə 1 saylı məntəqəsinin sədri olub. 

1997-ci ildən etibarən Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyəti Zəngilan rayon bölməsinin sədri kimi də fəaliyyət göstərib.

Tariyel Salmanov tibbi və ictimai fəaliyyəti ilə yanaşı, yaradıcılığa da böyük önəm verib. O bir çox gözəl şeirlərin müəllifi olub. 

Allah rəhmət eləsin!

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO