Əsrlərə şahidlik edən Ağcaqala – Tarixi abidə nə vaxt bərpa OLUNACAQ? – FOTO 

Hazırda oxunan: Əsrlərə şahidlik edən Ağcaqala – Tarixi abidə nə vaxt bərpa OLUNACAQ? – FOTO 

185761

Şəkinin Aydınbulaq kəndindəki Ağcaqala qülləsi Azərbaycan ərazisində mövcud olan müdafiə tikililərindəndir. Quruluşca Abşeron qəsrlərinin düzbucaqlı planlı qüllə tipinə – Böyük Mərdəkan və Ramana qəsrlərinin qüllələrinə bənzəyir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu tarixi abidənin taleyi ilə bağlı kənd sakinləri dəfələrlə müvafiq qurumlara müraciət ünvanlayıb. 

Kənd sakini İbrahim Əyyubovun verdiyi məlumata əsasən qüllənin həm divarları, həm də bürcləri yuxarıya doğru daralıb ensizləşir. El arasında bir neçə adı olan Aydınbulaq qülləsi ətrafında qapalı quruluşlu qala divarlarının olması da ehtimal edilir. Geniş düzənliyin ortasında yüksələn qüllə bu yerlərdən keçən karvan yolu üstündəki keşikçi qalasının son nişanəsidir.

Yerli əhəmiyyətli bu memarlıq abidəsinin üzərində heç bir qeyd olmadığı üçün onun tarixini təyin etmək çətindir. Lakin kompozisiya-planlaşdırmaya və eyni zamanda elementlərin konstruktiv xüsusiyyətlərinə görə XIII-XIV əsrlərin Abşerondakı müdafiə tikintiləri ilə, demək olar ki, eynidir.


Yarıuçuq vəziyyətdə olan qüllənin hündürlüyü 10,5 metrdir. Birinci mərtəbənin hündürlüyü 4, ikinci mərtəbənin hündürlüyü 2,8, üçüncü mərtəbənin hündürlüyü isə 2,6 metrdir. Divarların qalınlığı aşağı hissədə (bünövrədə) 1,2 metr, yuxarı hissədə isə 0,8 metr təşkil edir. Qapı boşluğu abidənin şərq divarında yerləşir. Axırıncı mərtəbələrdə ensiz pəncərə boşluqları var.

Məlum olduğu kimi, Abşeron qalalarında su təchizatı istehkamın həyətində qazılmış quyular vasitəsilə həyata keçirilirdi. Bəzi yaruslarda divarın bütün qalınlığı boyunca kiçik deşiklər – vertikal kanallar keçirdi ki, bunun vasitəsilə də tullantı suyu bayıra çıxarılırdı.

Lakin Aydınbulaq bürcünün divarlarında deşik və quyu aşkar edilməyib. Bu da onu göstərir ki, bürc müşahidə məntəqəsi vəzifəsini daşıyırmış.

Bürcün divarları çay daşları ilə tikilib və kobud yonulmuş daşlarla üzlənib. Abşeron qalalarında olduğu kimi, burada da divarların üz örtüyünün möhkəmliyini və monolitliyini təmin etmək üçün içəridən dikinə qoyulmuş böyük ölçülü daşlarla hörülüb. Qapıüstü örtükləri, mərtəbələrarası örtüklər və divarların bərkidilməsində arçan ağac növündən istifadə edilib.


Bu tarixi abidənin dövlət qeydiyyatına alınması və mühafizəsi ilə bağlı kənd sakinlərinin müvafiq təşkilat və dövlət qurumlarına etdiyi müraciətlərə nəhayət ki, ilkin reaksiyalar verilir. Nəhayət ki, sakinlərin haqlı istəyi, tələbi qismən də olsa reallaşmaq üzrədir. 
Belə ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti qülləni ölkə əhəmiyyətli tarixi abidə kimi qeydiyyata alıb və onun mühafizəsi təşkil ediləcək. Onun bərpa və restavrasiyasına gəlincə isə bu qarşıdakı illərin investisiya planlarında nəzərdə tutulur. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO