Xəstəxanalarda onlayn növbə sisteminin işə düşməməsi ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Hazırda oxunan: Xəstəxanalarda onlayn növbə sisteminin işə düşməməsi ilə bağlı TƏBİB-dən AÇIQLAMA

185629

Koronavirus pandemiyası zamanı yaradılan və hazırda xəstəxanalara getmədən onlayn növbə götürmək üçün istifadə edilən “e-Tabib” mobil tətbiqi vasitəsilə onlayn növbə götürməyin mümkün olmadığını yazmışdıq.

Ötən il mart ayında təqdimatı keçirilən mobil tətbiqin yeni versiyası ilə vətəndaşın gedəcəyi xəstəxananı, tarixi və həkimi seçərək növbəyə yazılmasının mümkün olacağı bildirilmişdi. Lakin hazırda bu sistem işləmir. Belə ki, xəstəxana, həkim və vaxtı seçmək üçün açılan xanaların heç biri aktiv deyil.

Bu da icbari tibbi sığortanın vətəndaşlara yaratdığı pulsuz müayinə imkanlarından tam yararlanmağa imkan vermir. Belə ki, pulsuz müayinə və müalicə üçün xəstəxanalara üz tutan vətəndaşların ən çox şikayəti yaranan uzun növbələrdəndir. Bundan çıxış yolu kimi də “e-Tabib” mobil tətbiqinin yeni versiyasının işə salınacağı bildirilmişdi.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, tətbiq vasitəsilə vətəndaşlar yalnız bir xəstəxanada randevu götürə bilirlər:

“İcbari tibbi sığortanın tətbiqindən sonra vətəndaşların dövlət tibb müəssisələrinə müraciətlərində artım müşahidə olunub. Bu da vətəndaşların tibbi xidmətlərə əlçatanlığının təmin edilməsini göstərir. Əgər 2022-ci il ölkə əhalisinin 47%-i icbari tibbi sığortadan yararlanmışdısa, 2023-cü il üzrə bu rəqəm 52%-ə qədər artıb.

Qeyd edək ki, vətəndaşlarımız yaşadığı və ya qeydiyyatda olduğu ərazidən asılı olmayaraq, ixtisaslaşdırılmış ambulator yardım üçün TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə göndəriş vərəqəsi olmadan birbaşa müraciət edə bilir. Bu bəzən uzun növbələrin yaranmasına səbəb olur.

Növbə sıxlığının qarşısının alınması üçün ötən ilin sonundan Yeni Klinikada randevu sistemi işə başlayıb. Vətəndaşlar bəzi ixtisaslar üzrə Yeni Klinikada “e-Tabib” mobil tətbiqi vasitəsilə həkim qəbuluna elektron qaydada yazılırlar. Tədricən bu tibb müəssisələrinin siyahısı genişlənəcək. Belə ki, daxili infrastrukturu onlayn platformaya cavab verən digər dövlət tibb müəssisələrində də randevu sisteminin mərhələli şəkildə işə başladılması həyata keçiriləcək”.

Məlumatda hazırda alternativ qeydiyyat siteminin yaradıldığı bildirilib:

“Hazırda Yeni klinika, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Sabunçu Tibb Mərkəzi, Respublika Klinik Xəstəxanası, Nizami Tibb Mərkəzi, Quba Rayon Mərkəzi Xəstəxanası, Qusar Rayon Mərkəzi Xəstəxanası, Şamaxı Rayon Mərkəzi Xəstəxanası kimi müəssisələrdə elektron növbə sistemi fəaliyyət göstərir.

Xəstəxana məlumatlarının idarəetmə sistemi vətəndaşlara vaxtında, keyfiyyətli və təhlükəsiz xidmət göstərmək üçün vaxtaşırı təkmilləşdirilir.

TƏBİB-in tabeliyindəki "Rəqəmsal Tibbi Həllər" MMC tərəfindən xidmət əlçatanlılığını fasiləsiz olaraq təmin edə bilmək üçün hazırda “offlayn” mühitdə işləyə biləcək alternativ qeydiyyat sistem yaradılır. Test rejimində pilot olaraq bir neçə tibb müəssisəsində sınaqdan keçirildikdən sonra sistemin zərurət yarandığı hallar üzrə tabeli tibb müəssisələrində tətbiqi planlaşdırılır.  Bununla da xəstəxana məlumatlarının idarəedilməsində “onlayn” mühitdə yarana biləcək texniki ləngimələr zamanı fasiləsizlik tam təmin olunacaq”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO