BİZİM TƏQVİM: 19 yanvarda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 19 yanvarda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 19 yanvarda baş vermiş tarixi hadisələr

174034

1990-cı ilin yanvarın 18-dən 19-a keçən gecə Cəlilabad və Biləsuvar rayonlarında Sovet-İran sərhədi qurğularının dağıdılmasının ardından minlərlə insan öz kimliyinə və tarixinə qayıtmaq üçün ana vətəni olan Cənubi Azərbaycana keçib.

Bəs 19 yanvarda tarixdə daha hansı əlamətdar hadisələr olub?

1. 19 yanvar 1915-ci ildə dünya müharibələri tarixində ilk dəfə hava hücumu faktı qeydə alınıb. Almaniya hərbi-dəniz donanmasına məxsus 3 dirijabl İngiltərə ərazilərini bombardman edib. Lakin Almaniya ordusunun bu əməliyyatı sonda uğursuzluğa düçar olub. Dirijabllar da geri qayıdarkən tufana düşərək qəzaya uğrayıblar.

2. 19 yanvar 1965-ci ildə "Naxçıvan", "Boksitoqorsk", "Sevsk" və "Sebej" balıqçı gəmilərinin Berinq dənizində qəzaya uğraması nəticəsində 100 nəfər həlak olub.

3. 19 yanvar 1981-ci ildə Tehranda girov saxlanılan amerikalıların azad olunması barədə İran və ABŞ arasında razılaşma imzalanıb. 1981-ci il yanvarın 20-də, yeni Prezident Ronald Reyqanın inauqurasiya günü Tehranda saxlanılan amerikalılar 14 aylıq girovluqdan sonra azad ediliblər.

4. 1990-cı il yanvarın 19-da Azərbaycanın Naxçıvan Ali Soveti Muxtar Respublikanın SSRİ-nin tərkibindən çıxması barədə qərar qəbul edib və Qars Müqaviləsinə əsasən, BMT, Türkiyə və dünyanın digər dövlətlərinə kömək üçün müraciət edib. SSRİ-nin mövcud olduğu 70 il ərzində ilk dəfə idi ki, Naxçıvan ittifaqın tərkibindən çıxmaq üçün bəyanat verirdi.

5. 19 yanvar 1990-cı ildə Ermənistan silahlı qüvvələrinin bir gün öncə başlanan hücumu nəticəsində Naxçıvan Muxtar Respublikasının Kərki kəndi işğal edilib.

6. Uzun sürən müzakirələrdən sonra Azərbaycan Respublikasının dövlət gerbi 1993-cü ilin bu günü təsdiq olundu.

7. Türkiyədə ölkə başçısının xalq tərəfindən seçilməsi və seçkilərin 5 ildən bir edilməsini nəzərdə tutan Prezidentliklə bağlı Seçki Qanunu 2012-ci il 19 yanvarda Türkiyə Böyük Millət Məclisində qəbul edilib.

8. 2013-cü ilin 19 yanvarında Bolqarıstan Haqq və Azadlıq Hərəkatının lideri Əhməd Doğan sui-qəsd cəhdindən təsadüfən xilas oldu. Belə ki, kürsüyə çıxan Ə.Doğanı vurmaq istəyən təcavüzkarın silahı açılmadı və o, elə salondaca, qaça bilmədən tutuldu.

19 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Bu gün XII əsrin böyük Azərbaycan memarı Əcəmi Əbubəkr anadan olub. Əcəminin Naxçıvanda yaratdığı Mömünəxatun türbəsi Şərq memarlığının ən qiymətli abidələrindəndir. Bu məqbərə üslubuna görə Səmərqənd saraylarını xatırladır. Buna görə də Səmərqənddəki tarixi abidələrin memarının Əcəmi, yaxud onun şagirdlərindən bir olduğu güman edilir.

2. Sosiologiya elminin yaradıcısı və pozitivizm axınının qabaqcıl nümayəndəsi Oqüst Kont 1798-ci ilin 19 yanvarında dünyaya gəlib. O.Kont "Üç vəziyyət qanunu" ilə sosioloji elminin təməlini atıb.

3. Azərbaycanın ilk maarifçi qadınlarından biri, böyük ədib Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə Məmmədquluzadə Cavanşir 1873-cü ilin bu günü anadan olub. Doğulduğu Ağcabədi rayonunun Kəhrizli kəndində qadınlar üçün ilk məktəb və toxuculuq emalatxanası açan, Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri və sədr müavini olan Həmidə Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalının nəşrində də xidmətləri vardır. Həmidə xanım həm də atası Əhməd bəy Cavanşirin təcümeyi-halını, Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir haqqında xatirələrini qələmə alıb, Azərbaycan yazıçılarının əsərlərindən nümunələri ruscaya tərcümə edib. (1873-1955)

4. Azərbaycan teatr aktyoru, Azərbaycan SSR xalq artisti Aydın Şahsuvarov 19 yanvar 1931-ci ildə anadan olub.

5. Azərbaycanlı rəssam, Azərbaycan SSR əməkdar incəsənət xadimi Cavad Mircavadov 1923-cü ilin bu günündə dünyaya gəlib.

6. Polkovnik-leytenant Vətən Müharibəsi Qəhrəmanı İlqar Orucov 19 yanvar 1984-cü ildə anadan olub.

7. Azərbaycanın Milli Qəhrəmanı Şamil Ramazanov 1976-cı ilin bu günündə doğulub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO