Aliment ARTIRILIR – Boşanmaların sayı AZALACAQ? 

Aliment ARTIRILIR – Boşanmaların sayı AZALACAQ? 

Hazırda oxunan: Aliment ARTIRILIR – Boşanmaların sayı AZALACAQ? 

162609

Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatına əsasən, gələn ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum miqdarı 235 manat olacaq.

Bəs məbləğin artırılması bu sahədə nəyi dəyişəcək?

Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan hüquqşünas Əsabəli Mustafayev, bu məbləğin artırılmasının boşanmaların sayına təsir edəcəyi ilə bağlı səslənən fikirlərlə razılaşmadığını bildirdi.

Müsahibimiz düşünür ki, bu addımın mövcud problemin həllinə heç bir təsir etməyəcək:

“Əldə edilən təcrübəndən də görürük ki, hətta böyük məbləğlərdə əmək haqqı alan və aliment ödəmə qabiliyyətinə malik olanlar da bu prosesdən qaça bilmirlər. Bu baxımdan da inanmıram ki, Maliyyə Nazirliyi bu məbləği həmin məqsədlə artırır. Bu əslində ehtiyac meyarları ilə bağlıdır ki, hər il artırılmaqda davam edir. 3-4 il əvvəl alimentin məbləği 150-170 manat idi, amma indi 210 manatdır. Gələn isə 235 manat olacaq, amma yenə də boşananların sayı artır. Bunun əsas səbəblərini tapmaq lazımdır”.

Hüquqşünasın sözlərinə görə, Mediasiya Şurasının həyata keçirdiyi tədbirlər də boşanmaların qarşısını bilmir:

“Ailədə yaranan münaqişələrin əsas səbəbi də işsizlik və maliyyə təminatının zəif olması ilə bağlıdır və bunların aradan qaldırılması daim gündəmdə olmalıdır. İstər yeni ailə quran, istərsə də uzun illər evli qalan cütlüklər arasındakı gərginliklərin hökm sürməsi, baş verən boşanmaların təxminən 70-75 faizi bunlarla bağlıdır”.

Məsələ orasındadır ki, əgər evdə uşaqlar varsa, onlarda belə vəziyyətdən mənfi təsirlərə məruz qalır, hətta psixoloji vəziyyətləri pozulur. Buna görə də çıxış yolunu boşanmaqda görürlər. Artıq cəmiyyətdə belə fikir formalaşır ki, belə ailənin qalmasındansa, boşanması daha doğru olar və uşaqlar da psixoloji zərbələrə məruz qalmazlar.

Ə.Mustafayevin sözlərinə görə, hazırda sosial sahədə fəaliyyət göstərən qurumlar və işçilər, eləcə də psixoloqlar, hüquqşünaslar belə ailələrlə mütamadi söhbətlər aparmağa çalışırlar:

“Boşanmalar əsasən, böyük ailələrlə və valideynlərlə birgə yaşayan gənc cütlüklər arasında baş verir. Bilirik ki, 20-25 il əvvəl valideynlərlə birlikdə yaşamaq adi hal idi və övladlardan biri buna borclu idi.

Amma indi bu məsələ problem yaradır.

Gəlin-qayınana, gəlin-qayınata və ya əksinə münasibətləri burada özünü çox kəskin şəkildə göstərir. Digər problem isə gənclərin mənzil təminatının olmaması ilə bağlı və buna görə də onlar valideyn yanında yaşamağa məcbur olur”.

O, əslində övlad sahibi olan gənc cütlüklərin əksər hallarda boşanmaq istəmədiyini diqqətə çatdırdı:

“Ona görə ki, özlərindən daha çöx övladlarını fikirləşirlər. Ancaq bir çox hallarda aralarındakı gərginliyin pik həddə çatması onları boşanmağa sövq edir”.

Bu gün övladlarını tək böyüdən anaların sayının artdıığını söyləyən Ə.Mustafayevin dediyinə görə, bunun qarşısını almaq mümkün deyil:

“Əgər övlad anası ilə qalırsa, bu, onun gələcəyinə və tərbiyəsinə mənfi təsir edir. Çünki, ana övladını saxlamaq üçün işləməyə məcbur olur və uşaqları özbaşına qalır. Belə uşaq isə qısa müddətdə müəyyən qrupların təsiri altına düşür. Bu gün artan cinayətkarların, narkotik aludəçilərinin bir çoxu təkvalideynli uşaqlardır. Buna görə də dövlət xüsusi proqram hazırlamalı və belə qadınlara dəstəyini artırmalıdır. Ancaq təəssüf ki, belə proqram da yoxdur.

Bəs, bu problemdən qurtulmaq üçün nə etmək lazımdır?

Onun sözlərinə görə, vəziyyətdən qurtulmaq və boşanmaların qarşısını almaq üçün dövlət tərəfindən gənc ailələrə hərtərəfli dəstək verilməlidir:

“Bundan başqa, valideyn olmaq bir vəzifədir və cütlüklərin müəyyən təzyiqlərə dözmələri lazımdır. Bu da bizdə çox çətindir. Təəssüf ki, belə ailələrə sosial-psixoloji xidmətin təşkili çox zəifdir və bunun üçün investisiyalar yatırılmalıdır.

Dünyanın bir çox aparıcı, inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrinin hamısında belə bir təcrübə var. Bu ölkələrdə ailələrin sosial həyat şəraiti və aylıq gəliri yüksək olsa da, dövlət uşaqların gələcək həyatı və inkişafı üçün investisiya məqsədli aylıq vəsaitlər ayırır”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO