Sovet dövründən dadı, keyfiyyəti ilə dillər əzbəri olan Xaçmazın yerli pomidorunun dadını bilən insanlar indi bu sorta həsrət qalıblar. Son illərin müşahidələri də onu göstərir ki, fermerlər əkində Xaçmazın qədim ata-baba sortlarına üstünlük vermirlər. İndi bütün sahələrdə olduğu kimi, kəndlilər də tərəvəzin bu növünün əcnəbi sortlarına daha çox üstünlük verirlər. Onlar bunu xarici sort pomidorun görünüşünün cəlbedici olması ilə əlaqələndirirlər.
Xaçmaz sakini Firdövsi Məmmədov da Bizim.Media-ya Ukraynadan gətirilmiş "Lajen" sortu əkdiyini deyib. Onun sözlərinə görə bu sort pomidor daha sərfəli olduğu üçün əkib. 2 hektar sahədə pomidor əkdiyini deyən fermeri satış bazarı qane etmir: Min-bir əziyyətlə becərdiyi pomidorun kiloqramını indi şərikinin Bərdə bazarında 40 qəpiyə satdığını bildirir.
Bu da bir yeşiyi 7 -8 manata gəlib çıxır. Əziyyətimizə dəymir-deyə Firdövsi Məmmədov vurğulayıb.
Söhbət apardığımız digər fermerlər də yerli sortlara deyil, xarici pomidor sortlarına önəm verdiklərini deyirlər. Onlar bunu həmin sortların satış üçün daha sərfəli olması ilə əlaqələndirirlər. Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Qabil Ağabalayev da pomidor əkini aparan kəndlilərin əsasən xarici sortlara üstünlük verdiyini təsdiqləyib. Bildirib ki, xarici sortun daşınma qabiliyyəti möhkəm olduğu üçün fermerlər bu növləri daha çox əkirlər.
Qabil Ağabalayev bununla belə bu il pomidor məhsulunun bol olduğunu deyir.
Onun sözlərinə görə bu il rayonda 1934 hektar sahədə pomidor yetişdirilib və indiyəcən 30000 tondan çox məhsul yığılıb və hazırda yığımın ən qızğın vaxtıdır. Hazırda yığım davam edir. Baş mütəxəssis keçən il isə Xaçmazda 65000 tondan yuxarı pomidor yığıldığını açıqlayıb. Onun sözlərinə görə, bu il məhsulun daha çox olacağı ehtimal edilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu