Bizi birləşdirən, Zəfəri gətirən və gələcək inkişafa aparan – Azərbaycançılıq ideologiyası

Bizi birləşdirən, Zəfəri gətirən və gələcək inkişafa aparan – Azərbaycançılıq ideologiyası

Hazırda oxunan: Bizi birləşdirən, Zəfəri gətirən və gələcək inkişafa aparan – Azərbaycançılıq ideologiyası
646480
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hər bir xalqın tarixində elə dövrlər var ki, həmin mərhələlərdə verilən qərarlar, seçilən siyasi kurs və ortaya qoyulan milli iradə gələcək onilliklərin, hətta əsrlərin taleyini müəyyənləşdirir. Dövlətçilik tariximizdə belə həlledici mərhələlərdən biri 1990-cı illərin əvəllərinə təsadüf edirdi. Müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz həmin dövrdə yalnız siyasi və iqtisadi çətinliklərlə deyil, həm də parçalanmaq, dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.

Belə bir mürəkkəb tarixi şəraitdə xalqı vahid ideya, milli mənafe və dövlətçilik amalı ətrafında birləşdirə biləcək siyasi iradəyə, uzaqgörən liderə və milli ideologiyaya ehtiyac var idi. Məhz bu zərurət fonunda Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı müstəqil dövlətçiliyimizin gələcək inkişaf istiqamətini müəyyənləşdirdi. Onun müəllifi olduğu Azərbaycançılıq ideologiyası isə gələcək uğurlarımızın siyasi-ideoloji təməli rolunu oynadı.

Dövlətçiliyimizin xilası və milli ideologiyanın formalaşması

1990-cı illərin əvvəllərində Azərbaycanda hökm sürən siyasi hərc-mərclik, hakimiyyət uğrunda mübarizə, iqtisadi tənəzzül, Ermənistanın hərbi təcavüzü və ayrı-ayrı bölgələrdə baş qaldıran separatçılıq meyilləri müstəqilliyimiz üçün ciddi təhlükə yaratmışdı. Dövlət idarəçiliyindəki böhran, ordunun vahid komandanlıq altında birləşdirilməməsi və siyasi qüvvələr arasındakı qarşıdurma ölkəni faktiki olaraq vətəndaş müharibəsinin astanasına gətirmişdi.
 

Azərbaycanın müstəqilliyinin taleyinin sual altında olduğu həmin ağır günlərdə xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı. Ulu Öndər ilk növbədə dövlət idarəçiliyində sabitliyin təmin edilməsinə, silahlı qüvvələrin vahid komandanlıq altında birləşdirilməsinə, qanunsuz silahlı birləşmələrin ləğvinə və dövlət institutlarının möhkəmləndirilməsinə nail oldu. 1994-cü ilin mayında atəşkəsin əldə olunması isə ölkəyə iqtisadi və siyasi quruculuq proseslərinə diqqət ayırmaq imkanı verdi.


Lakin Ulu Öndərin qarşıya qoyduğu məqsədlər yalnız dövlət idarəçiliyinin bərpası ilə məhdudlaşmırdı. O, yaxşı anlayırdı ki, müstəqil dövlətin uzunömürlü olması üçün ilk növbədə milli həmrəylik, ortaq dəyərlər və vahid ideoloji platforma formalaşdırılmalıdır.

Bu tarixi zərurət fonunda Azərbaycançılıq ideologiyası meydana çıxdı...

Azərbaycançılıq məfkurəsinin təməl prinsipi onun birləşdirici mahiyyətidir. Bu ideologiya insanları dini mənsubiyyətinə, dilinə, milliyyətinə və etnik köklərinə görə ayırmır, hər kəsi Azərbaycan dövlətinə, Vətənə və ortaq milli maraqlara bağlılıq ətrafında birləşdirir. Azərbaycançılıq anlayışında əsas meyar insanın hansı etnik və ya dini qrupa mənsub olması deyil, Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə və gələcəyinə bağlılığıdır.
 

Ulu Öndərin formalaşdırdığı bu ideoloji xətt ölkəmizdə yaşayan müxtəlif xalqların və dini icmaların nümayəndələrinin vahid cəmiyyətin bərabərhüquqlu üzvləri kimi bir arada yaşamasına, ümummilli maraqlar naminə həmrəyliyinə əsaslanırdı.


Çünki Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qovuşduğu məkan olub. Ulu Öndər Heydər Əliyev məhz bu tarixi xüsusiyyəti müasir dövlətçilik fəlsəfəsinin mühüm komponentinə çevirdi.

Beləliklə, Azərbaycançılıq milli kimliyin ifadəsi, müstəqil dövlətimizin ideoloji dayağı, cəmiyyəti birləşdirən mənəvi körpü və gələcək nəsillərə ötürülən dövlətçilik mirası kimi formalaşdı.

"Əsrin müqaviləsi”ndən ordu quruculuğuna: Zəfərə aparan yol

Ulu Öndərin dövlətçilik strategiyasında iqtisadi inkişaf xüsusi yer tuturdu. Çünki siyasi müstəqilliyin qorunması və möhkəmləndirilməsi üçün iqtisadi müstəqilliyin təmin olunması vacib şərt idi.
 

Bu baxımdan 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın müasir tarixində dönüş nöqtələrindən birinə çevrildi. Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş dünyanın aparıcı neft şirkətlərini ölkəmizə cəlb etdi.


Ən mühüm məqam isə ondan ibarət idi ki, Azərbaycan öz təbii sərvətlərindən dövlət maraqları naminə istifadə etməklə iqtisadi inkişafın uzunmüddətli strategiyasını müəyyənləşdirdi.

Sonrakı illərdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin və digər beynəlxalq enerji layihələrinin reallaşdırılması ölkəmizin geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırdı.

Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasının digər mühüm istiqaməti Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil aktor kimi mövqeyinin möhkəmləndirilməsi idi.
 

Ulu Öndər ölkəmizin xarici siyasətini milli maraqlar, ərazi bütövlüyü və suverenlik prinsipləri üzərində qurdu. Böyük dövlətlərlə, beynəlxalq təşkilatlarla və regional güc mərkəzləri ilə münasibətlərin inkişaf etdirilməsi, enerji diplomatiyasının formalaşdırılması və Azərbaycanın beynəlxalq layihələrdə iştirakının genişləndirilməsi bu siyasətin əsas istiqamətlərini təşkil edirdi.


Eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq müstəvidə tanıdılması, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi və ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atıldı.

Ordu quruculuğu isə bu siyasətin ayrılmaz tərkib hissəsi idi.

Ulu Öndərin hakimiyyəti dövründə vahid komandanlıq sisteminin formalaşdırılması, nizami ordunun yaradılması, hərbi təhsil sisteminin inkişafı və Silahlı Qüvvələrin institusional əsaslarının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görüldü. Bütün bunlar sonrakı mərhələdə Azərbaycanın hərbi potensialının artırılması üçün zəmin yaratdı.

Ulu Öndərin Azərbaycançılıq ideologiyasının əsas xüsusiyyəti ayrı-ayrı sahələrdə görülən işlərin vahid məqsədə – müstəqil, güclü, iqtisadi və hərbi baxımdan dayanıqlı Azərbaycan dövlətinin qurulmasına xidmət etməsi idi.

İlham Əliyev və Azərbaycançılıq ideologiyasının yeni tarixi mərhələsi

Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən davam etdirildi. Bu mərhələdə Azərbaycanın iqtisadi imkanlarının genişləndirilməsi, müdafiə sənayesinin inkişafı, ordunun müasirləşdirilməsi, beynəlxalq əlaqələrin şaxələndirilməsi və işğal altındakı torpaqların azad olunması dövlət siyasətinin əsas prioritetləri sırasında yer aldı.
 

Xüsusilə ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın hərbi potensialının keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaratdı. Müasir silah və texnologiyaların alınması, hərbi qulluqçuların peşəkarlığının artırılması, xüsusi təyinatlı qüvvələrin hazırlanması və döyüş hazırlığının gücləndirilməsi nəticəsində Silahlı Qüvvələrimiz regionun mühüm hərbi güclərindən birinə çevrildi.


Bununla paralel olaraq, cəmiyyətdə vətənpərvərlik ruhunun gücləndirilməsi, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı yetişdirilməsi də Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılır.

44 günlük Zəfər: Azərbaycançılıq ideologiyasının tarixi təzahürü

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən mühüm hadisələrindən birinə çevrildi. 44 gün davam edən döyüşlər nəticəsində 30 illik işğala son qoyuldu. Noyabrın 8-də Şuşanın azad olunması isə müharibənin taleyini müəyyənləşdirən tarixi hadisə oldu.

Təbii ki, müasir ordu quruculuğu, iqtisadi potensial, diplomatik fəaliyyət, strateji idarəetmə və xalq-ordu birliyi qələbənin əsas amilləri sırasında yer alırdı.

Lakin bütün bu amilləri birləşdirən mühüm mənəvi-ideoloji xətt də mövcud idi: Azərbaycançılıq məfkurəsi...

Çünki Vətən müharibəsi günlərində Azərbaycanın müxtəlif bölgələrində yaşayan, fərqli dini və etnik mənsubiyyətə malik insanlar vahid məqsəd ətrafında birləşmişdilər. Cəbhədə döyüşən əsgərdən arxa cəbhədə çalışan vətəndaşa, şəhid ailələrindən xaricdə yaşayan soydaşlarımıza qədər hər kəs özünü vahid xalqın, vahid dövlətin və vahid Vətənin nümayəndəsi hesab edirdi. Bu birlik Azərbaycanın tarixi Zəfərində mühüm mənəvi dayaqlardan birinə çevrildi.

Prezident İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdə səsləndirdiyi fikirlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır:

"Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi - bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi".

Bu fikirlərdə diqqətçəkən əsas məqam Vətənə bağlılığın yalnız hərbi xidmət və döyüş meydanı ilə məhdudlaşmamasıdır. Çünki dövlətçilik şüuru, milli kimlik, vətənpərvərlik və bütün bunları özündə birləşdirən Azərbaycançılıq ideologiyası tarixi Zəfər dastanını qanları ilə yazan qəhrəmanlarımızın yetişdirilməsində mayak rolunu oynadı.

Şuşanın azad olunmasından sonra Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlər isə tarixi Zəfərimizin mahiyyətini özündə əks etdirirdi:

"Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!"

Dövlət başçısının Zəfərin qazanıldığı gün Ulu Öndərin məzarını ziyarət etməsi həm də qələbəyə gedən yola Azərbaycançılıq ideologiyasının işıq saldığının mesajı idi.

Antiterror əməliyyatı və suverenliyin tam bərpası

44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olsa da, dövlət suverenliyinin bütün ölkə ərazisində təmin edilməsi məsələsi hələ qarşıda idi.
 

2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatı nəticəsində Qarabağda separatizm bəlasına birdəfəlik son qoyuldu və dövlət suverenliyi ölkənin bütün ərazisində bərpa edildi.


Beləliklə, 1990-cı illərin əvvəllərində müstəqilliyini qorumaq uğrunda ciddi sınaqlarla üzləşən Azərbaycan 30 il sonra ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən dövlətə çevrildi. Suverenliyimizin bərpasında Azərbaycançılıq ideologiyası əsas mənəvi-siyasi platforma kimi çıxış etdi. Çünki güclü dövlət yalnız iqtisadi resurslar və müasir silahlarla deyil, həm də özünə inanan, milli maraqlarını dərk edən, ortaq gələcək naminə birləşməyi bacaran xalqla formalaşır.

Azərbaycançılıq – Zəfərdən gələcəyə uzanan dövlətçilik məfkurəsi

Bu gün Azərbaycanın qarşısında yeni dövrün yeni vəzifələri dayanır. Azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdışın təmin edilməsi, iqtisadi inkişafın davam etdirilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin dövlətçilik ruhunda yetişdirilməsi bu vəzifələr sırasındadır.
 

Çünki torpağı azad etməklə iş bitmir, onu qorumaq, inkişaf etdirmək daha böyük vəzifədir. Bu vəzifənin gələcək nəsillərə ötürülməsi davamlı məsuliyyət tələb edir. Şübhəsiz ki, bu məsuliyyətli vəzifənin yerinə yetirilməsində ideoloji birlik həyati əhəmiyyətə malikdir. Bu ideoloji birliyin təməlini isə Azərbaycançılıq məfkurəsi təşkil edir.


Əminliklə qeyd edə bilərik ki, Ulu Öndərin müəllifi olduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi Azərbaycançılıq ideologiyası ölkəmizin daha böyük qələbələrə, uğurlara gedən yoluna işıq salmağa davam edəcək.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Anar Tahirov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO