“Bircə ölməyin, biz buradayıq!” - Müharibənin canlı şahidi olan həkimlə müsahibə

“Bircə ölməyin, biz buradayıq!” - Müharibənin canlı şahidi olan həkimlə müsahibə

Hazırda oxunan: “Bircə ölməyin, biz buradayıq!” - Müharibənin canlı şahidi olan həkimlə müsahibə
646379
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəstəxanaya daxil olanda ürək döyüntülərimin artdığını hiss edirəm. İlk dəfə deyil ki, müsahibəyə gəlirəm, bu həyəcan nədir?

Müharibənin ən dəhşətli, ən qanlı, ən ağrılı üzünü görmüş bir həkimdən müharibənin nə olduğunu soruşmağa gedirəm...

"Zəfəri soruşacam", deyə düşünürəm. Özümü sakitləşdirməyə çalışıram. Zəfəri soruşacam...

Bizim.Media 44 günlük Vətən müharibəsində yaralı əsgərlərə xidmət etmiş Respublika Klinik Xəstəxanasının həkimi, anestezioloq-reanimatoloq Pərviz İsmayılzadə ilə müsahibəni təqdim edir.

Ölməyin! Bircə ölməyin!

Doktor, elə buradan başlayaq - müharibə xəbərini nə vaxt, harada aldınız?

- Sentyabrın 27-də Türkanda dostumun bağında idim. Şöbə müdirimiz zəng edib müharibənin başladığını və təcili gəlməli olduğumuzu bildirdi.

Xəstəxanaya çatanda gördüm ki, artıq hazırlıq işləri görülüb. Hissə-hissə yola düşməli idik. Mənim növbəm noyabrın 4-də başlayırdı.

Hansı bölgəyə getdiniz, doktor?

– Füzuli Mərkəzi Xəstəxanasına... Orada bölünürdük: bir qrup xəstəxanada qalır, digər qrup isə Diaqnostika Mərkəzinə gedirdi. Həmin vaxt döyüşlər artıq Laçın dəhlizi istiqamətində şiddətləndiyi üçün üstünlük bu xəstəxanalara verilirdi. Şəxsi avtomobilimlə dörd həkim birlikdə yola düşmüşdük. Ora çatanda axşam saatları idi. Təcili yardım maşınları yaralıları gətirirdi. Dəhşətli mənzərə idi.

“Bircə ölməyin, biz buradayıq!” - Müharibənin canlı şahidi olan həkimlə müsahibə - foto 1

İlk reaksiyanız nə oldu?


- Biz yaralılara ilk olaraq deyirdik: “Ölməyin! Nə qədər ağır yaralı olsanız da, biz buradayıq, sizə kömək edəcəyik. Bircə ölməyin”.

Orada könüllü olaraq yola düşmüş bir məktəb direktoru ilə söhbət etdik. O, relyefin çətinliyindən, ərazidəki vəziyyətdən danışırdı. Müharibə təkcə top-tüfəngdən ibarət deyil axı. Texniki çətinliklər də var. Ermənilər orada 30 il ərzində elə bir şərait yaratmışdılar ki... Səngərlər... Hərbçilər danışırdılar ki, ermənilər həmin səngərlərdə, sanki evdə yaşayırmışlar.

Dayanmadan yaralı gəlirdi xəstəxanaya. İlk dəfə idi müharibə görürdüm. Müharibənin nə olduğunu orada anlayırdım...

Doktor, müharibənin ilk günlərində xəstəxanada vəziyyət necə dəyişir?

– Cəbhə bölgələrinə yaxın ərazilərdə yüksək səviyyəli, müasir avadanlıqlarla təchiz olunmuş hospitallar və xəstəxanalar təşkil edilmişdi. Bunlar olmasaydı, bəlkə də itkilərimiz daha çox olardı. Xəstəxanaya ilk dəfə daxil olanda artıq başa düşdüm ki, xüsusi hazırlıq görülüb. Ora adi xəstəxana deyildi. Hər halda, müasir tipli xəstəxana belə olmalı idi. Həkim briqadası, xəstəxananın təchizatı, orta tibb işçiləri – hamı xüsusi canfəşanlıqla çalışırdı. Bu, bir nəfərin bacaracağı iş deyildi. Biz həmin günlərdə xalq olaraq birləşmişdik. Çay içməyə, az da olsa, istirahət etməyə vaxt olmurdu. Həkimlər yorulmadan, gecə-gündüz əllərindən gələni edirdilər. Elə ağır yaralılar gəlirdi ki... Amma mən həmin xəstəxanada olduğum müddətdə bir nəfər də itirmədik, ölüm hadisəsi baş vermədi. Təchizat dalınca gedərkən vurulan hərbi maşında xəsarət alan hərbçiləri də gətirmişdilər. Yəqin ki, gördüyüm ən ağır yaralılar onlar idi. Ən ağır yaralıları, ən çox yaralını Laçın dəhlizi və Şuşa uğrunda döyüşlər gedən zaman gördüm.

“Bircə ölməyin, biz buradayıq!” - Müharibənin canlı şahidi olan həkimlə müsahibə - foto 2

Doktor, xəstəxana gün ərzində təxminən nə qədər yaralı qəbul edirdi?


– Çox. Bəzən xəstəxanada yer çatmırdı. Biz ağır yaralıları çeşidləyərək əməliyyata götürürdük, orta və yüngül yaralılara ilkin tibbi yardım göstərib onları rayon xəstəxanalarına, yaxud Bakıya təxliyə edirdik. Gün ərzində yüzlərlə yaralı gəlirdi. Dediyim kimi, dayanmağa, istirahət etməyə vaxt olmurdu. Cəmi bir dəfə iki saat vaxt tapıb istirahət etdim. Onda da çağırdılar ki, ağır yaralı gəlib, qayıtdım.

Ən çox hansı xəsarətlərə rast gəlinirdi, doktor?

– Qəlpə yaralarına. Amputasiya halları da vardı. Bir yaralı hərbçi vardı ki, sarğı əzələsi amputasiya olunmuşdu. Tədris Cərrahiyyə Klinikasına göndərdik onu. Əsgərlərin çoxunda minaatan qəlpələrindən yaranan xəsarətlər vardı.

Təlim keçmiş əsgəri gülləylə öldürmək mümkün deyil

“Bircə ölməyin, biz buradayıq!” - Müharibənin canlı şahidi olan həkimlə müsahibə - foto 3

Doktor, qarşınızdakı yaralının əsgər, hərbçi olduğunu bilmək emosional baxımdan işinizə təsir edirdimi?


– Bir haşiyəyə çıxım. Mən orada əsgərlərimizlə söhbət edirdim. Doğrudan da, canından keçməyə hazır olan oğullarımız vardı. Təsəvvür edin, bir əsgər çarpaz yaralanmışdı - həm yuxarı, həm də aşağı ətrafından xəsarət almışdı. Yoldaşları onu döyüş meydanından çıxara bilmirmiş. O deyirmiş ki, döyüş meydanında şəhid olanları da çıxaraq, onları da götürək. Bilirsiniz, təlim keçmiş əsgəri güllə ilə öldürmək mümkün deyil. Onlarla söhbət etdikcə ürəyim dağa dönürdü, kövrəlirdim. Özünü ələ almaq mümkün olmurdu. Deyirdim ki, bizim qeyrətimizi qaytardınız. Yaralanın, amma ölməyin...

(Həkim bu məqamda qəhərlənir, səsi titrəyir. Özünü ələ alması üçün söhbətə qısa fasilə verməli oluruq. Hiss olunur ki, həmin günləri xatırlamaq onun üçün asan deyil. Amma bilirəm ki, bu qəhərin içində həm də qürur, fəxr var).

Əsgərlərin hamısının boynundan sep kimi asılmış bir şey vardı. Soruşdum ki, bu nədir? Sən demə, gilizin içinə ad-soyadlarını yazıb qoyurlar ki, şəhid olsalar, kim olduqları bilinsin. Onlar ölümdən qorxmurdular. Hamısının cibində F-1 qumbarası vardı. Axırıncını ciblərində özlərini partlatmaq üçün daşıyırdılar. Ələ keçməmək üçün, əsir düşməmək üçün...

Yaddaşınızda xüsusi qalan bir yaralı, yaxud hansısa hadisə oldu?

- Elşən adlı bir snayper vardı. İki metr boyunda. Deyirdim ki, Elşən, sənin kimi snayperi raqatka ilə vuraram mən (gülür), bu boyda snayper olar? O oğlan yadımdadı həmişə. Onlarla yaralı bir cavan əsgər də vardı, yarası yüngül idi, barotravma almışdı. O qalmadı, qayıtdı döyüşə. Yüngül yaralıların çoxu qayıdırdı.

“Bircə ölməyin, biz buradayıq!” - Müharibənin canlı şahidi olan həkimlə müsahibə - foto 4

Müalicə etdiyiniz əsgərlərdən sonra hardasa qarşınıza çıxanlar, sizi tanıyanlar olub?


- Olub, hə. İki nəfər tanıyıb. Bir də, dostluq etdiyim polkovnik-leytenant var, Elçin... Əlaqə saxlayırıq, müharibədən sonra dostluq edirik. Onun bir əsgəri də vardı, müharibədən sonra hərbidə qalmadı, qayıtdı. Bir dostumun yanında işləyir, maşın ustasıdı. Onunla da əlaqəmiz var. Əvvəllər çoxları ilə əlaqəmiz vardı, yavaş-yavaş əlaqələr seyrəldi. Hərənin başı öz həyatına, işinə, qayğılarına qarışır, kiminsə vaxtı olmur. Amma haradasa rastlaşanda, üz-üzə gələndə bir-birimizi tanıyırıq.

Bu müharibə avtomat davası deyildi, raket, qəlpə müharibəsi idi...

Doktor, 6 il sonra o günlərdən danışırıq, o zamanı xatırlayanda hansı hissləri keçirirsiniz: ağrı, qürur, ya minnətdarlıq?

- Qürur hissi. Qürurlanıram. Xaricdə, kənarda olanda görürdüm ki, bizə hamı yuxarıdan-aşağı baxırdı. Torpaqlarımız otuz ildən çox işğal altında idi axı. Mən ona görə yaralı gələnlərə "siz bizə qeyrətimizi qaytardınız" deyirdim. Ali baş komandanın apardığı uğurlu xarici siyasət sayəsində kiçik ölkə olmağımıza baxmayaraq, öz sözümüzü dedik. Mən xalqın birliyini o günlərdə gördüm. Doğrudan da, yumruq kimi birləşmişdik. Heç kim əlindən gələni əsirgəmədi. Yardım edə bilən yardım etdi. Baxın, bizim xəstəxananın həyətində çadır qurulmuşdu - uzaqdan gəlib-gedən əsgər yaxınları üçün. Orada bir nəfər vardı, "Sədərək Yusif" dedilər, deyəsən. Təkcə o 80 min manatdan artıq ərzaq, mal gətirmişdi ora. Fonda pul göndərənlər vardı. Heç kim kənara çəkmədi özünü. Bizim heç ordudan fərarimiz də olmadı.

Bir şeyi də deyim, bu müharibə avtomat davası deyildi, raket, qəlpə müharibəsi idi. Hərbçilər deyirdilər ki, atılanda səsi eşidirdik, necə uzanmalı olduğumuzu da bilirdik ki, qəlpə bizi tutmasın. Bircə, dua edirdik ki, üstümüzə düşməsin. Sərhəd qoşunlarından yaralı bir hərbçi vardı. Balacaboy bir oğlan idi. Xəritədə 300 şərti işarə oxuya bilir dedilər. Mən onun savadına, biliyinə heyran qalmışdım. Deyirdi, bütün raketləri səsindən tanıyıram, hardan gəlir, necə mövqe tutmalıyam ki, məni aparmasın...

“Bircə ölməyin, biz buradayıq!” - Müharibənin canlı şahidi olan həkimlə müsahibə - foto 5

Bəs sizdə qorxu yox idi, doktor?


- Xəstəxananın yanına da iki dəfə raket atıldı. Düzdür, bir az aralı düşmüşdü, amma o səs... Bilirsiniz, ilk dəfə idi müharibə görürdüm. Orda insan qisas hissi ilə dolur, aqressiya yaranır düşmənə qarşı. Qorxu olmur. Beynindən çox şeyi bilirsən - ancaq qələbə haqqında düşünürsən.

Qələbəyə inanırdınız?

- Hə. Mən orada vəziyyəti görəndə, başa düşdüm ki, hər şey ölçülüb-biçilib, hazırlıq yüksək səviyyədədir. Qələbə isə birlikdədir. "Əqrəb, ördək, xərçəng" hekayəsindəki kimi - hərə bir yana çəksə, sən özün boyda od da olsan, alov da olsan, heç nə bacarmazsan. Mən o birliyi görəndə, əmin oldum ki, qələbə bizim olacaq.

Qələbə xəbərini harda aldınız?

- Xəstəxanada. Düzü, əvvəlcədən uşaqlar bizə xəbər vermişdi, Şuşanın alındığını bilirdik. Sonra da qələbə... Zəfər bayrağını elə bizim yanımızdan apardılar.

Müharibə bitən kimi qayıtdınız?

- Yox, bir neçə gün də qaldıq orada. Yaralı ola bilərdi, kimisə gətirərdilər. Ona görə qalıb gözlədik.

Doktor, sizcə, bu zəfərin arxasında hərbçilərdən başqa, kimlərin görünməyən əməyi də dayanırdı?

- Həkimlərin, tibb işçilərinin, feldşerlərin. Hamı yorulmadan, dincəlmədən çalışdı. Xalqın əməyi. Ali Baş Komandanın əməyi. Onun müsahibələri, onun danışığı xalqa ruh verirdi. Əsgərlərə ruh verirdi. Hərbçilərimizin ruh yüksəkliyi də böyük rol oynadı.

Doktor, sonda, zəfər hissini, zəfər həqiqətini bir cümlə ilə necə ifadə edərdiniz?

- Zəfər otuz ildən çoxdur ki, gözlədiyimiz, otuz illik həsrəti bitirən o şad xəbər idi...

Xəstəxanadan çıxarkən düşünürəm ki, zəfər qürurun ağrını ovutduğu bir müharibənin adıdır və bu zəfər hamımızındır.

Himnimizin ilk notları səslənəndə əlini qürurla sinəsinə qoyan, balaca əlləri həyəcandan titrəyən uşaqdan tutmuş, müharibə sözünü eşidəndə gözləri dolan həkimlərə qədər – hamımızın...

Şəhidlərimizin ruhuna sonsuz ehtiramla.

Zəfərin mübarək, Vətən!

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO