Bildiyimiz kimi, bu gün, 1 avqust Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün ana dilimizin zənginliyini, saflığını və milli kimliyimizin ən vacib dəyərlərindən biri olduğunu bir daha xatırladır.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş tədbirdə vurğuladı ki, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır.
Buna görə də hər bir vətəndaşın borcu Azərbaycan dilinə hörmətlə yanaşmaq, onu düzgün və səlis şəkildə işlətmək, dil normalarına riayət etmək, eləcə də ana dilini gələcək nəsillərə sevdirərək ötürməkdir.
Bizim.Media bu əlamətdar gün ilə əlaqədar AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədlinin fikirlərini öyrənib.
O, ilk olaraq, vurğulayıb ki, ölkə başçısının ana dilinə göstərdiyi bu qayğı vətəndaşları da qayğılandırmalıdır:
"Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasında bir çox mövzuya toxunsa da, prioritet mövzu məhz ana dilinin qorunması idi. Dilimizə göstərilən bu qayğı bizi də qayğılandırmalıdır, dilimizdəki problemləri fərqinə varmalıyıq. Bu istiqamətdə sadəcə alimlərə iş düşmür, onların vəzifəsi tədqiqat aparmaqdır. Dilin qorunması isə bütün vətəndaşların borcudur. Prezidentin dilə qayğısı vətəndaşları, alimləri, jurnalistləri daha da ruhlandırır".
Nadir Məmmədli Ümummilli Lider Heydər Əliyevin ana dilinə göstərdiyi diqqətdən danışıb:
"Ümummilli Lider Heydər Əliyevin ana dilini qorumaqla bağlı cəhdləri, onun çıxışları hər zaman Azərbaycan dilinə olan sevgisini göstərib. O, öz açıqlamasında bildirib ki, dil bizə ata-babalarımızdan qalıb, onu qorumalı, gələcək nəsillərə ötürməliyik".
Alim ana dilinin saflığının qorunmasıyla əlaqədar bəzi çağırışlar da edib:
"Bu gün əgər bu dildə esse, roman, fəlsəfi əsər yazmaq olursa, bu, o deməkdir ki, Azərbaycan dili cilalanmış dildir. Bəli, o, yüz illərin çətinliyindən, cilasından keçib. Buna görə də onu qorumaq bizim əsas vəzifəmizdir".
Müsahibimiz son olaraq günümüzün problemlərindən biri olan dildə xarici sözlərdən istifadə etmək məsələsinə toxunub:
"Dildə əcnəbi sözlərdən yalnız sözün analoqu olmadığı zaman istifadə oluna bilər. Əlbəttə, dünyadakı qloballaşma dilimizə yeni sözlər qata bilər. Ancaq əvəzi olduğu halda, xarici sözü istifadə etmək düzgün deyil, çalışmalıyıq ki, öz milli sözlərimizdən istifadə edək".
Xatırladaq ki, Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən təsis edilib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
15:28 / 01.08.2026
Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL
Hazırda oxunan: Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL
Hazırda oxunan: Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL
628741
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































