Türk dünyasında QHT diplomatiyası yeni geosiyasi inteqrasiya mərhələsi yaradır - TƏHLİL

Türk dünyasında QHT diplomatiyası yeni geosiyasi inteqrasiya mərhələsi yaradır - TƏHLİL

Hazırda oxunan: Türk dünyasında QHT diplomatiyası yeni geosiyasi inteqrasiya mərhələsi yaradır - TƏHLİL

613567

Türk dünyasında inteqrasiya prosesləri son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Əgər əvvəllər əməkdaşlıq əsasən siyasi və iqtisadi müstəvidə inkişaf edirdisə, artıq bu proses vətəndaş cəmiyyəti institutlarını, humanitar platformaları və ictimai diplomatiya mexanizmlərini də əhatə edir.

Bu baxımdan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının forumları yalnız ictimai təşəbbüs deyil, eyni zamanda Türk dünyasının gələcək strateji birliyinin formalaşmasına xidmət edən mühüm platformaya çevrilir. Azərbaycanın bu istiqamətdə təşəbbüskar mövqe tutması isə ölkənin Türk dünyasının inteqrasiya proseslərində aparıcı aktorlardan biri olduğunu göstərir.

Türk dünyasının geosiyasi güc mərkəzinə çevrilməsi strategiyası

Prezident İlham Əliyevin Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə səsləndirdiyi fikirlər bu siyasətin əsas istiqamətlərini aydın şəkildə ortaya qoyur.

Dövlət başçısı bildirib ki, “Ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir”. Bu mesaj təsadüfi deyil. Müasir beynəlxalq münasibətlər sistemində regional birliklərin rolu sürətlə artır və Türk Dövlətləri Təşkilatı da artıq yalnız mədəni yaxınlıq platforması deyil, geosiyasi güc mərkəzi kimi formalaşmağa çalışır.



Prezident İlham Əliyev həmin çıxışında vurğulayıb ki, “Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək”.

Bu yanaşma Azərbaycanın təşkilat daxilində strateji koordinasiya missiyasını üzərinə götürdüyünü göstərir. Xüsusilə son illərdə Bakının Türk dünyasının əsas siyasi və humanitar platformalarından birinə çevrilməsi bunu təsdiqləyən mühüm faktorlardan biridir.

Azərbaycanın Türk Dövlətləri Təşkilatında koordinasiyaedici rolu

Azərbaycanın hazırda Türk Dövlətləri Təşkilatına sədrlik edən ölkə kimi üzv dövlətlərin vətəndaş cəmiyyəti institutları arasında ictimai kommunikasiyanın gücləndirilməsinə xüsusi diqqət ayırması da strateji xarakter daşıyır. Çünki müasir dövrdə dövlətlərin beynəlxalq təsir imkanları yalnız rəsmi diplomatiya ilə deyil, həm də ictimai diplomatiya və “yumşaq güc” mexanizmləri ilə ölçülür.

Bu baxımdan QHT-lər arasında əməkdaşlığın genişləndirilməsi Türk dünyasının ortaq maraqlarının beynəlxalq platformalarda müdafiəsi üçün əlavə imkan yaradır.

2025-ci ilin noyabrında Bakı və Naxçıvanda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin I Həmrəylik Forumu bu istiqamətdə mühüm dönüş nöqtəsi oldu. İlk dəfə olaraq Türk dünyasının vətəndaş cəmiyyəti institutları vahid platformada bir araya gələrək ortaq fəaliyyət mexanizmlərinin formalaşdırılması istiqamətində addım atdılar.

Prezident İlham Əliyev forum iştirakçılarına müraciətində xüsusi vurğulayıb ki, “Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir”. Bu fikirlər Türk dünyasının artıq yeni strateji mərhələyə daxil olduğunu göstərir. Burada əsas məqsəd yalnız münasibətlərin qorunması deyil, institusional inteqrasiyanın dərinləşdirilməsidir.

QHT forumları Türk dünyasında ictimai diplomatiyanı gücləndirir



Dövlət başçısı həmin müraciətində Azərbaycanın konkret təşəbbüslərlə çıxış etməyə hazır olduğunu da bəyan edib.

Forumun ən mühüm nəticələrindən biri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının yaradılması oldu. Platformaya ilk rəhbərliyin Azərbaycana həvalə olunması və daimi qərargahın Bakıda yerləşdirilməsi ölkənin Türk dünyasının ictimai diplomatiya mərkəzlərindən birinə çevrildiyini göstərir. Bu, həm də Azərbaycanın təşkilat daxilində artan nüfuzunun göstəricisidir.

Son yeddi ay ərzində artıq ikinci dəfə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Azərbaycanda bir araya gəlməsi əməkdaşlığın davamlı xarakter aldığını sübut edir. 2026-cı il mayın 16-da Bakıda keçirilmiş II Həmrəylik Forumu da bu baxımdan mühüm əhəmiyyət daşıyır.

“Bakı Şəhərsalma Həftəsi” çərçivəsində təşkil olunan forum Türk dünyasının əməkdaşlıq gündəliyinin urbanizasiya, dayanıqlı inkişaf və qlobal şəhər siyasəti kimi istiqamətlərlə əlaqələndirildiyini göstərir.

Ortaq humanitar və mədəni platformaların formalaşması

Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı təşkilatın beynəlxalq çəkisinin genişləndiyini nümayiş etdirir. Xüsusilə WUF13 tədbirinin Türk dünyasında ilk dəfə keçirilməsi ilə bağlı səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq platformalarda artan nüfuzunu göstərən mühüm amillərdəndir.

II Həmrəylik Forumu çərçivəsində ilk dəfə Azərbaycan-Qırğızıstan, Azərbaycan-Türkmənistan və Azərbaycan-Şimali Kipr QHT-lərinin Əməkdaşlıq Forumlarının keçirilməsi isə əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Bu platformalar gələcəkdə ortaq humanitar layihələrin hazırlanması, beynəlxalq təşkilatlarda koordinasiyalı fəaliyyət və ictimai diplomatiyanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Son illərdə keçirilmiş Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan və Azərbaycan-Qazaxıstan QHT forumları da Türk dünyasının vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin sistemli xarakter aldığını təsdiqləyir. Bu forumlar BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyət üçün mühüm baza yaradır.

Türk dövlətləri arasında institusional inteqrasiyanın yeni mərhələsi



Forum çərçivəsində türk sivilizasiyasının ortaq tarixi və mədəni irsi ilə bağlı vurğular da diqqət çəkir. Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi haqqında sərəncamı Türk xalqlarının mədəni və elmi birliyinə verilən önəmin göstəricisidir.

Dövlət başçısı Türküstanda keçirilən Zirvə görüşündə bildirib ki, “Türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi iyun ayında Bakıda keçiriləcək. Əminəm ki, bu tədbir xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək”. Bu təşəbbüs Azərbaycanın Türk dünyasının mədəni və intellektual mərkəzlərindən birinə çevrildiyini bir daha nümayiş etdirir.

Prezident İlham Əliyevin Türk dünyası ilə bağlı siyasətində əsas xətt ortaq kimlik, ortaq tarix və ortaq gələcək konsepsiyası üzərində qurulur. Bu yanaşma yalnız siyasi əməkdaşlığı deyil, xalqlar arasında mənəvi və humanitar bağlılığın gücləndirilməsini də hədəfləyir.

Məhz bu səbəbdən QHT forumları Türk dövlətləri arasında strateji yaxınlaşmanın ictimai dayaqlarını formalaşdıran mühüm platformaya çevrilir.

Yekun olaraq demək olar ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT forumları artıq regional əməkdaşlıq formatını aşaraq geosiyasi və humanitar inteqrasiyanın mühüm mexanizminə çevrilir. Bu platformalar Türk dünyasının beynəlxalq sistemdə vahid mövqedən çıxış etməsinə, ortaq maraqların müdafiəsinə və koordinasiyalı fəaliyyətin güclənməsinə xidmət edir.

Azərbaycanın bu prosesdə aparıcı və təşəbbüskar rol oynaması isə ölkənin Türk dünyasında siyasi, humanitar və ideoloji mərkəz statusunu daha da möhkəmləndirir.

Artıq türk dövlətlərinin ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün birgə qrant müsabiqələri elan etməsinin vaxtı çatıb. Yeri gəlmişkən, Azərbaycan bu istiqamətdə də təşəbbüsü ələ alıb, Azərbaycanın QHT Agentliyi II Həmrəylik Forumunda tərəfdaşlarına müraciət edib ki, ortaq qrant layihələrini reallaşdırmağa hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO