Mişustini Bakıya gətirən SƏBƏB – Rusiya baş nazirinin səfərinin PƏRDƏARXASI

Mişustini Bakıya gətirən SƏBƏB – Rusiya baş nazirinin səfərinin PƏRDƏARXASI

Hazırda oxunan: Mişustini Bakıya gətirən SƏBƏB – Rusiya baş nazirinin səfərinin PƏRDƏARXASI

181385

Xəbər verdiyimiz kimi Rusiyanın Baş naziri Mixail Mişustin martın 5-də Azərbaycana səfərə gəlib. İki gün davam edən səfər çərçivəsində rəsmi görüşlər olub. Ən əsas iki ölkə arasında bir sıra yeni müqavilələr imzalanıb.

İqtisadi münasibətlərdə inkişaf

Nəzərə alaq ki, Rusiya Azərbaycanın əsas strateji tərəfdaşlarından biridir. Ortaq tarixi keçmiş və eyni coğrafi ərazidə qərar tutmaq bu ölkələri hər zaman bir-birinə yaxınlaşdırıb. Amma 22 fevral 2022-ci ildə Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanandan sonra münasibətlər yeni müstəviyə çıxarıldı. Bu da iki ölkə arasında əlaqələrin inkişafında yeni imkanlar açdı. 

Təsadüfi deyil ki, 2022-ci ildə Azərbaycandan məhsul ixracı əvvəlki illə müqayisədə 2,56, Rusiyadan idxal isə 18,81 faiz artdı. 2023-cü ildə isə Azərbaycandan qonşu ölkəyə 1 milyard 196 milyon 411 min dollarlıq mal ixrac olunub ki, bu da 2022-ci illə müqayisədə 3,53 faiz çoxdur. Bununla paralel, ötən il Rusiyadan ölkəmizə 3 milyard 162 milyon 328 min dollarlıq məhsul idxal edilib. Bu da əvvəlki illə müqayisədə 18,29 faiz artıqdır. 

Ümumiyyətlə, 2023-cü ildə iki ölkə arasında iqtisadi əlaqələr kifayət qədər genişlənib. Ümumi ticarət dövriyyəsi 4,4 milyard dollar qədər yüksəlib. Hər ötən il iki ölkə arasında iqtisadi əlaqələrin artdığı diqqət çəkir və əlaqələr qarşılıqlı əhəmiyyət kəsb edir. Bu gün Rusiya Azərbaycanın əsas idxal tərəfdaşıdır və qeyri-neft məhsulları üzrə ixracımızda birinci yerdədir. Rusiyanın Cənubi Qafqaz regionundakı ticarətinin 45%-i Azərbaycanın payına düşür.

Əməkdaşlığın inkişafının əsas səbəbləri 

Ticarət dövriyyəsinin əsas səbəbi iki ölkə arasındakı yüksəksəviyyəli əməkdaşlıq münasibətləridir. Təbii ki, bu məsələdə Azərbaycanın apardığı balanslaşdırılmış siyasət əsas yer tutur. Üstəlik, unikal coğrafi mövqeyi Azərbaycanı Rusiya üçün əvəzolunmaz tərəfdaşa çevirir. Təsadüfi deyil ki, Şərqi Avropanı Yaxın Şərqlə birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması məhz Rusiya və Azərbaycanın əməkdaşlığı şəraitində mümkün olub. Bu dəhliz istər şimaldan cənuba daşınan, istərsə də şimaldan Avropaya gedən yüklərin çatdırılmasına xidmət edir. 

Bu layihənin uğurla realizə olunması sayəsində yükdaşımaların həcmi səkkiz dəfə, cari ilin altı ayı ərzində isə 60 faiz artıb. 2024-cü ildə həmin layihə çərçivəsində Bakıdan Rusiya Federasiyası ilə sərhədə qədər yeni dördzolaqlı magistral yol istifadəyə veriləcək. Eyni zamanda bu ilin sonuna qədər sərhədyanı Samur çayı üzərində birgə tikilən körpünün də istifadəyə verilməsi nəzərdə tutulur.

Perspektivdə daha nələr var?

Bu gün iki ölkə arasında 140-a yaxın dövlətlərarası və hökumətlərarası müqavilə və saziş qüvvədədir. Bu il yanvar ayının 22-də Rusiya ilə Azərbaycan arasında  2024-2026-cı illər üzrə Yol Xəritəsi imzalanıb. Bu sənəd, təbii ki, proqram xarakterlidir və əlaqələrin gələcək inkişafını özündə ehtiva edir.  

Planda əksini tapan Yol xəritəsi ticarətin və qarşılıqlı sərmayələrin həcminin artırılmasını, nəqliyyat potensialının inkişafını, birgə müəssisələrin yaradılmasını, rəqəmsallaşma sahəsində, büdcə-vergi sektorunda təcrübə mübadiləsini, həmçinin humanitar əlaqələri nəzərdə tutur.

Bir sözlə, hazırkı dönəmdə Rusiya ilə iqtisadi-siyasi əlaqələrimiz ən yüksək səviyyəyə çatıb. Bu da təbii ki, dövlətimizin və xalqımızın maraqlarına tam uyğundur.

Bu mənada Mixail Mişustin ölkəmizə işgüzar səfəri əlaqələrimizin inkişafında yeni səhifələr açılmasına təkan verəcək, iqtisadiyyatımız bir qədər də böyüyəcək. Nəzərə alaq ki, Azərbaycanın qeyri-neft sektoru üçün ən sərfəli bazar Rusiyadır. Rublun məzənnəsindəki qeyri-stabillik hələlik bu istiqamətdə müəyyən problem yaradır. Amma bu da keçicidir…

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO