Ceyhun Bayramovla Abdullahian arasında NÖVBƏTİ TƏMAS – İranla münasibətlər NORMALLAŞIR?

Ceyhun Bayramovla Abdullahian arasında NÖVBƏTİ TƏMAS – İranla münasibətlər NORMALLAŞIR?

Hazırda oxunan: Ceyhun Bayramovla Abdullahian arasında NÖVBƏTİ TƏMAS – İranla münasibətlər NORMALLAŞIR?

140607

Dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, telefon danışığı zamanı Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti, bəzi mövcud problemlər və onların həlli məsələləri müzakirə edilib.

Qeyd edilən istiqamətlərdə iki ölkənin aidiyyəti qurumları arasında danışıqların və qarşılıqlı təmasların davam etdirilməsinə dair razılıq ifadə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Elmar Məmmədyarov: “Azərbaycan-Ermənistan sülhü Rusiya üçün daha vacibdir” – ÖZƏL


Qeyd edək ki, Tehrandakı Azərbaycan səfirliyinə hücum və bunun nəticəsində səfirliyimizin bağlanmasından sonra İranla Bakı arasında kəskinləşən münasibətlər fonunda iki ölkənin xarici işlər nazirləri arasında ilk olaraq aprelin 7-si və 8-də telefon danışıqları baş verdi. 

Ardınca aprelin 14-də tərəflər arasında növbəti telefon əlaqəsi oldu. Bundan sonra, münasibətlərdəki gərginliyin müəyyən dərəcədə zəifləməsinə rəğmən, İranın bəzi KİV-ləri və üzdəniraq politoloqları Azərbaycana qarşı ləkə yaxma kampaniyasını dayandırmadılar. Belə bir vəziyyətdə dünən iki ölkənin XİN rəhbərlərinin növbəti telefon danışığı baş tutur. 

Görəsən, Bayramovla Abdullahian arasında təmaslar Azərbaycan-İran münasibətlərinin normallaşmasına töhfə verəcəkmi? 

Bizim.Media-ya açıqlama verən politoloq Tofiq Abbasovun fikrincə, təmaslar vasitəsilə Azərbaycanla İran indi yaşanan çətin durumdan çıxacaqlar:

“Gərginlik yarananda rəsmi şəxslər arasında təmasların olması mütləq vacib və lazımdır. Çünki təmasların olmaması fonunda üçüncü qüvvələr boşluqlardan istifadə edərək ziddiyyətləri daha da dərinləşdirməyə çalışacaqlar. 

Azərbaycanla İran münasibətlərində soyuqluq, bir-birini inkar etmək öz özlüyündə qəribə və təhlükəli prosesdir. Bu iki xalqı birləşdirən çoxsaylı milli, mənəvi dəyərlər var. Siyasi cəhətdən ziddiyyətlər ola bilər. Ancaq onlar çözüləsi məsələlərdir. 

Şimal-Cənub nəqliyyat dəhlizi iki ölkənin bir-birinə necə lazım olduğunun göstəricisidir. İrəvan başqa dövlətlərin səylərilə ən vacib dəhliz qismində Ermənistanı göstərməyə çalışır. Amma Ermənistanın bunun üçün nə iqtisadi, nə texniki, nə də infrastruktur hazırlığı yoxdur. Lakin buna baxmayaraq, İrəvan çalışır ki, Bakı ilə Tehran arasında münasibətlər gərgin olsun”. 

İranla Azərbaycan arasındakı soyuqluq müvəqqəti xarakter daşıyır. Ola bilsin qarşıda yeni çətinlik və ziddiyyətlər yenə də olsun. Ancaq İranla Azərbaycan arasında münasibətlərin qırılması yolverilməzdir. 
Çünki bir-birimizə ehtiyacımız var. İki ölkənin rəsmiləri arasında təmaslar mütləq şəkildə münasibətlərin normallaşmasına töhfə verəcək. Təmaslar olmadan münasibətlər bərpa oluna bilməz. Azərbaycanın İranla heç zaman düşmən olmayıb. Son zamanlar baş verən gərginliklər də İranın günahıdır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO