Pediatrdan SƏRT REAKSİYA: “Valideynlər absurd fikirlərə əsaslanıb, peyvənddən qaçırlar”

Hazırda oxunan: Pediatrdan SƏRT REAKSİYA: “Valideynlər absurd fikirlərə əsaslanıb, peyvənddən qaçırlar”

167359

Son günlər qızılca sürətlə yayılır. Bu xəstəlik artıq pandemiya mərhələsinə keçmək üzrədir. Heç bir qurumsa buna görə məsuliyyəti öz üzərinə götürmür. Səhiyyə Nazirliyi bəyan edir ki, qızılcadan ölənlər peyvənd olunmayanlardır.

Məsuliyyəti kim daşıyır?

Nəzərə alaq ki, peyvənd könüllüdür. Könüllü olduğuna görə də pandemiyaya və ölüm hallarına görə məsuliyyət valideynlərin üzərində qalır. 
 

MÖVZU İLƏ BAĞLI:

Bu şəxslərə qızılca əleyhinə peyvənd vurmaq olmaz - XƏBƏRDARLIQ 


Məsələ ilə bağlı pediatr Vaqif Qarayevin fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, SSRİ vaxtı peyvənd məcburi idi:

“Ona görə də o zaman peyvəndi olan xəstəliklərin epidemiyasına rast gəlinmirdi. Amma indi bizdə peyvənd könüllüdür. Valideyn istəmirsə, uşağına peyvənd vurdurmur. Valideynin dilindən imtina iltizamı alınır, vəssəlam. Beləcə, həkimin də, müvafiq qurumların da burda məsuliyyəti bitir”. 

Bəs, valideynlər peyvənddən niyə qaçırlar?

Vaqif Qarayevin sözlərinə görə, sosial şəbəkələr yaranandan sonra peyvənd əleyhinə böyük bir ordu formalaşıb:

“Təəssüflər olsun ki, bizim toplum üçün də bu göydəndüşmə bir təbliğatdır. İnsanlar heç bir elmi əsası və tədqiqat sübutu olmayan sözləri əsas tutaraq peyvənddən yan qaçırlar. Guya peyvəndlər uşağı əlil, ağıldankəm və autizm edir. Kökündən absurd fikirlərdir. Doğrudan da, peyvənd autizm törədicidirsə, niyə peyvənd olmayan uşaqlar da bu xəstəlikdən əziyyət çəkir? Üstəlik, bizdən xeyli inkişaf etmiş olan avropalılar niyə uşaqlarını vaxtlı-vaxtında peyvənd elətdirir?! 

Yəni, peyvəndin ziyanları barədə səsləndirilən fikirlərin heç bir əsası yoxdur. Qızılca COVİD-dən də qabaq vardı. O zaman xəstəxanalarda qızılcadan əziyyət çəkənlər daha çox idi. Valideynlər bəhanə gətirirlər ki, karantin olduğuna görə uşaqlarını peyvənd etdirə bilməyiblər. Halbuki, 3-5 il bundan qabaq da valideynlər peyvənd etdirməyə həvəssiz gedirdi”. 

Maarifləndirmə işi necə aparılmalıdır?

“Mən hər gün sosial şəbəkədə yazıram, insanlarla ünsiyyətim zamanı təbliğatımı aparıram ki, təkcə qızılca yox, həm də göy öskürək, difteriya var. Bunlar çox ciddi xəstəliklərdir. Biz bu xəstəliklərdən uşaqları qorumalıyıq. İzləyirəm. Mətbuatda hansısa ölüm xəbəri yayılanda insanlar həyəcanlanır, ayağa qalxır ki, “necə edək, uşaqlarımızı bəladan qurtaraq?!”  

Amma bir neçə gün sonra həyəcanı azalan bəzi insanlar peyvəndin əleyhinə çıxır. Mən bunu şəxsi təcrübəmə əsasən deyirəm. Məsələn, bu gün zənglər yenə başlayıb.

Soruşurlar ki, uşağımızı necə qoruyaq? Məsləhət verirəm. Amma iki gün sonra həmin məsləhətin əleyhinə sosial şəbəkədə yazılar gedir ki, “peyvənd ziyanlıdır” və s. 

O gün efirdən xanım aparıcı qışqırır ki, niyə peyvənd olunmalıyıq ki?! Bu xanım aparıcı çıxışına siyasi rəng də qatır ki, erməniyə silah satan Hindistanın vaksinini niyə vurdurmalıyıq?! Bu cür çıxışları eşidəndə, görəndə xəcalət çəkirəm. Vallah ayıbdır. Sovet vaxtı olsaydı, bu cür məsuliyyətsiz çıxış edənləri aparıb türməyə basırdılar. Amma indi söz azadlığıdır deyə hər kəs ağlına gələni deyir. Son nəticədə isə zərbə xalqa, xalqın gələcəyinə dəyir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO