Salyanda evlərin ikimərtəbəli tikilməsinin SİRRİ – REPORTAJ/FOTO  

Hazırda oxunan: Salyanda evlərin ikimərtəbəli tikilməsinin SİRRİ – REPORTAJ/FOTO  

171738

Aran bölgəsi həmişə isti iqlimi ilə seçilib. Bu yerlər el arasında “ilan mələşən çöllər” də adlanır. Buranın qışı da çox vaxt isti keçir. Elə ona görə də adətən, isti yerlərdə evlərin kandarları yerdən olur. Amma Salyana getsəniz, bunun əksinə şahid olarsınız. 

Ötən əsrin ortalarından başlayaraq rayonda ikimərtəbəli evlər inşa olunmağa başlayıb. Lakin buna baxmayaraq, bu tikililərin birinci mərtəbəsində heç vaxt yaşayış olmayıb. Salyanlılar hər zaman ikinci qatda yaşamağa üstünlük veriblər.    

Bunun səbəbini öyrənmək üçün üz tutduq Salyana...


Salyana çatanda qarşımıza ilk çıxan Kür oldu, adı ilə məşhur olan ana Kür. Bu çaya fırtınası, daşqını ilə “dəli Kür” də deyilir. Amma bu gün Kür yatağına sığınaraq, yetim qalan uşaqlar kimi səssiz axır. Dəli ləqəbindən əsər-əlamət qalmayıb. Şəhəri dövrəyə alaraq, ilan kimi boynuna sarılaraq, sürünə-sürünə axır, Kür...    

Bələdçimiz Məmməd kişi taksisi ilə bizi şəhəri gəzdirir. Kür boyu evlər yan-yana düzülüb. Bir neçə metr mühafizə zolağından sonra Kürün həm o tayında, həm də bu tayında bir-birindən yaraşıqlı ikimərtəbəli evlər boy-boya dayanıblar. Kürün bugünkü “nazlı” halına sanki “qəmzə” qatır bu hündür evlər.   

İlk ünvanımız Firdovsi Axundovun ikimərtəbəli evi olur. Maşından düşüb ev sahibini səslədik. Qapıya çıxan Firdovsi kişi ilə hal-əhval tutandan sonra məramımızı dedik. Bir qədər susdu və gülümsədi. 


Dönüb bir neçə metr aralıdan axan Kürə doğru baxıb, dərindən bir köks ötürdü. “Gör bir necə sakit axır, şırıltısını belə eşitmək olmur. Bütün günahlar bu Kürdədir, bala. Nə özü dinc qalırdı, nə də bizi dinc qoyurdu. Ona görə də borc- xərc tapıb ikimərtəbəli ev tikirdik, amma birinci mərtəbəsində yaşaya bilmirdik.   

İkimərtəbəli evlərin inşasına ötən əsrin ortalarından başlanıb.

Mütəxəssislərin fikrincə, buna səbəb Kür çayının məcrasına sığmaması olub. Bu həmin dövrələrə düşür ki, Kür çayı tez-tez məcrasından çıxır, sahil boyu yaşayış məntəqələləri ya sulara qərq olurdu, ya da sel təhlükəsi ilə üz-üzə qalırdı. 
Bu dövrlərdə Kür çayında sululuğun səviyyəsi normadan atıq olduğundan, eyni zamanda yağış sularının çay istiqamətinə axının qarşısı bu səbəbdən alındığından əmələ gələn qurunt suları evlərin zirzəmisinə dolurdu. Çayın səviyyəsinin qurunt sularının səviyyəsindən hündür olması  qurunt sularının zirzəmilərdə uzun müddət qalmasına səbəb olurdu. Bu isə divarların çat verməsinə, rütubətin əmələ gəlməsinə  şərait yaradırdı. Ona görə də sakinlər tədricən nəmişlikdən qurtulmaq üçün alçaq evlərini söküb yerində daha hündür, ikimərtəbəli evlər tikməyə başladılar.


Arbatan kənd sakini Seyidağa Axundov deyir ki, “rayonumuz tarix boyu Araz və Kür çaylarının şıltağlığına məruz qalıb. Bölgəmizdə həmişə bu çayların qalxması nəticəsində çalalar, nohurlar bölgəsi adlanıb. İndinin özündə də kəndimizin çıxışında çala mövcud idi. Məhz sel-daşqın zamanı, leysan xarakterli yağışlar yağanda axıntı suları bu nohür və çalalara toplanırdı. Sonralar çalalar qurudulur, yaşayış əraziləri genişləndirilirdi”.

Gülağa Hüseynov isə bildirir ki, gözünü açandan rayonun selli- daşqınlı günlərini görüb: 
“Uşaq vaxtı məhəlləmizdə hərəkət edə bilməzdik, hər tərəf su olurdu. Qurunt suları evlərin zirzəmisənə, küçələrə dolurdu. Evlərin birinci mərtəbəsi qış boyu su olurdu, ta ki yay gələnə qədər. Ona görədə bütün ili nəmişlikdən əziyyət çəkirdik. Biz də məcbur olub, ikimərtəbəli evlər tikib, ikinci mərtəbəsində yaşayırıq”.

Hazırda isə vəziyyət çox dəyişib. 


Son illər Kür çayınıda sululuğun normadan kəskin aşağı düşməsi Salyan rayonunun ərazisindən qurunt sularının çəkilməsi ilə nəticələnib. Artıq evlərin birinci qatında nəmişlik tamamilə çəkilib. Sakinlər deyir ki, indi birinci mərtəbədə də yaşamaq mümkündür.

Salyandan ayrılmaq zamanı çatmışdı. Elə bu zaman bir anlıq Kürün əzəmətli, haylı-küylü  axdığı zamanlar gözlərimin önündə canlandı. Axı atalarımız “su gələn arxa bir də gələr” deyiblər.

Burada isə söhbət Dəli Kürdən gedir...

Bəs Kür yenə özündən çıxsa, qurunt sularının mənsəbi hara olacaq? Bu yağış və qurunt suları yenəmi evlərin zirzəmisinə və ya həyətlərə dolacaq? 


Məsələyə aydınlıq gətirmək üçün üz tutduq “Azərsu” ASC-nin 3 nömrəli Su Kanal idarəsinin Salyan Su-Kanal sahəsinə. Qurumdan Bizim.Media-ya bildirdilər ki, Salyan rayonunda su və kanalizasiya xətlərinin yenidən qurulması istiqamətində işlər davam edir. İşlər tamamlandıqdan  sonra qurunt sularının təmizlənməsi istiqamətində problemlər yaşanmayacaq.

Qurumun dediklərinə inanmaq istəyi ilə Salyandan ayrılırıq. Ümid edirik ki, salyanlıların evlərinin birinci mərtəbəsində yaşamaq arzuları bundan sonra da çin olacaq. 












Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO