Cəbrayılda sərhədçilər üçün yaşayış binaları istifadəyə verildi – FOTO

Hazırda oxunan: Cəbrayılda sərhədçilər üçün yaşayış binaları istifadəyə verildi – FOTO

120729

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə kompleks tədbirlər davam etdirilir.

Bu barədə Bizim.Media-ya DSX-dan bildirilib.

Fevral ayının 15-də Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində zabit-gizirlər üçün yaşayış binaları xidməti istifadəyə verilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin, eləcə də Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirən bacı və qardaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərimizdə hərbi qulluqçular və onların ailə üzvləri üçün nəzərdə tutulmuş növbəti yaşayış binalarının təntənəli açılışı münasibətilə şəxsi heyəti təbrik edib.

Çıxışda ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sərhədlərimizin işğaldan azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi qeyd olunub, görülən işlər çərçivəsində yeni hərbi hissələrin xidməti-döyüş fəaliyyətinə başlamasının dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqətin növbəti təzahürü olması bildirilib.

Vətən Müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək şücaət göstərən, bu gün də düşmən işğalından azad olunmuş müqəddəs sərhədlərimizin toxunulmazlığını təmin edən Azərbaycan sərhədçilərinin ölkəmizin ərazi hüdudlarının mühafizəsi vəzifəsini hər zaman layiqincə yerinə yetirəcəkləri vurğulanıb.
Açılış mərasimindən sonra xidməti istifadəyə verilmiş yaşayış binalarında yaradılmış şəraitlə tanış olunmuş və xidməti mənzillərə baxış keçirilib.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO