Türkiyənin Antalya şəhərində yaşayış binasında liftdən istifadəyə görə qadın motokuryer və binanın işçisi arasında mübahisə baş verib.
Bizim.Media İHA-ya istinadla xəbər verir ki, sifarişi çatdırmaq üçün binaya daxil olan motokuryer Zehra Yumakoğulları liftdən istifadə etmək istəyərkən binanın işçisi ona pilləkənlə qalxmalı olduğunu bildirib.
Tərəflər arasında yaranan mübahisə zamanı həmin şəxs qadın kuryerin liftdən istifadəsinə mane olub və onu itələyib.
Motokuryer daha sonra sifarişi pilləkənlə yuxarı qaldıraraq çatdırıb. Hadisədən sonra o, dəbilqə kamerasındakı görüntülərlə birlikdə polisə müraciət edərək həmin şəxsdən şikayətçi olub.
Yumakoğulları bildirib ki, kuryerlər tez-tez bu cür münasibətlə üzləşirlər və heç kimin onlara fiziki təzyiq göstərmək hüququ yoxdur. Onun sözlərinə görə, dəbilqə kamerası olmasaydı, hadisəni sübut etmək çətin olardı.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media































































































