60 ilin kölgəsi… UZUN ŞAİR

60 ilin kölgəsi… UZUN ŞAİR

Hazırda oxunan: 60 ilin kölgəsi… UZUN ŞAİR

630296

Vəli Əkbər, telejurnalist

Altmış yaşa çatmaq şair üçün yubiley deyil. Şairin yubileyi əgər yaradıcılığı buna imkan verərsə, özündən sonra olar. 100-150-200...-500 və s. 60 yaş isə bir qədər dayanıb öz kölgəsinin boyuna baxmaqdır. Salam Sarvanın kölgəsi uzundur. Özündən çox uzun... 

Salamla münasibətlərim müxtəlif olub, qısa görüşmələr, uzaqdan və epizodik, amma həmişə davam edib. Çünki onun poeziyası var. 
 

Ayrı-ayrılıqda şeirləri də özü kimi qaradinməzdir, çox danışmır. Oxuyub kitabı bağlayırsan, şeir arxanca gəlir. Bəzən küçədən rastlaşdığın bir tanışın söhbətinin içindən çıxır, bəzən çoxdan unutduğun bir adamın üzünə çevrilir.


Salam Sarvanın yaradıcılığına baxanda ilk hiss etdiyimiz şey onun poeziyasının yaşdan çox, zamanla münasibətidir. O, zamanın içində yazsa da, zamana tabe olmayan şairlərdəndir.

Salam Sarvan Azərbaycan poeziyasına gurultu ilə daxil olan, özünü bəyan etməyə çalışan şairlərdən olmayıb. Onun şeirlərində nümayişkaranəlikdən daha çox daxili gərginlik, pafosdan daha çox sükut, hökm verməkdən daha çox sual var.

Salam Sarvanın poeziyası da səs-küylü poeziya deyil. O, tribunaya çıxmır. Mikrofon istəmir. Özünü sübut etməyə çalışmır. Daha çox gecə otaqda tək qalan adamın düşüncəsinə bənzəyir: sakitdir, amma içində bütün şəhər oyaqdır.

Onun şeirində sözün çəkisi var və hər söz olduğu yerdə ağır-sanbaldır. Bəlkə də buna görə Salam Sarvanın şeirlərində artıq heç nə yoxdur. Çünki artıq söz şeirin düşmənidir. O, sözə qənaət edir, mənaya yox. Bu poeziyada sükut da danışır. Bəzən onun şeirini oxucusu özü tamamlayır. 

Salam Sarvanın oxuyub “ürəyimdən tikan çıxdı” deyə bilməzsən, bəlkə də ürəyimə tikan batdı deyirsən və onu çıxarmaqla məşğul olursan. Fırlanır söz Salamın poeziyasında. 

Onun şeirlərində tənhalıq sadəcə kədər deyil, insanın özünə belə tam çata bilməməsidir. Sevgi də adi sevgi deyil. Bir adamı sevməkdən daha çox, həmin adam gedəndən sonra onun səndə qoyduğu boşluğu danışmaqdır və danışa-danışa daşımaqdır. Burada yaddaş arxiv deyil. Xatirələrin semantik yenilənməsi, reinterpretasiyasıdır. 

Salam Sarvan poeziyasında dünyanı düzəltməkdən əl çəkmiş, amma laqeyd olmayan müdrik adam obrazındadır. O, öz hücrəsinə çəkilərək aza qane olaraq sözün üstünə söz yığmır. Az sözün min çalarını göstərir.
 

Onun poeziyasının gücü bəzəkdə deyil, dəqiqlikdədir. Onun sözü bıçaq kimi kəsir və insanın unutduğu, çoxdan qaysaq tutan yarasını al-qan edir. Salam Sarvanın poetikası sado-mazoxistdir, o adamı ağrıları ilə dirçəldir, özünə qaytarır, şair isə bundan ləzzət alır. Burada Salam Sarvanın poetikası öz qəribə paradoksuna çatır: şeir ağrını artıraraq insanı ağrıdan xilas edir.


Salam Sarvanın altmış ili Azərbaycan poeziyasında bir şairin yaşlanması deyil, bir şeirin dərinləşməsidir, bir kultun oturmasıdır.

Bu gün onun şeirlərinə oxuyanda orada təkcə bir şairin keçdiyi illəri yox, hər birimizin yaşantılarını da görürük. Bizim itirdiklərimizi, bizim susduqlarımızı, bizim vaxtında demədiyimiz sözləri.

60 yaşında Salama uzun ömür arzulamaq asandır, mən ona uzun söz də arzulamıram. Qoy, sözü yenə az olsun, amma çəkisi çox.

Və ən əsası, bu dünyada hamının səs salmağa çalışdığı bir vaxtda qoy, o, öz sükutunun səsini itirməsin.

Və bəlkə də Salam Sarvan haqqında ən doğru söz budur: o, poeziyada özünü çox göstərmədən öz yerini göstərməyi bacaran şairlərdəndir.

60 il sonra şair dayanıb… Salam Sarvan öz kölgəsinin boyuna baxır.

Onun şeirləri isə hələ yol gedir, bu kölgə uzanır...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO