“Qaval daş”ım

“Qaval daş”ım

Hazırda oxunan: “Qaval daş”ım

60624

Hər daşı uzaq-uzaq tarixlərdən xəbər verən, hər daçında soyumuzun izi qalan, qədim türk elimizin adət-ənənəsini, məişət tərzini, inancını, əmək fəaliyyətini özündə yaşadan Qobustan qayalıqlarında arxeoloqların “Qaval daş” adını verdiyi musiqi sədalı bir daş var. Toxunduqca, haray çəkir, inləyir, insanı öz kökünə səsləyir. Bu səs, bu haray minilliklərin arxasından bu günümüzə boylanan, bizi keçmişini qorumağa haraylayan əcdadımızın səsidir. Səsinə səs verək, qoruyaq, əcdadımızın bizə əmanət  etdikləri vətəni.  

 

“Qaval daş”ım

 

“Qaval daş”ım, qaya daşım,

Tarixlərə yol yoldaşım.

Sən dönmüsən daş heykələ,

Məğrur dayan daş qardaşım.

 

Çox sınayıb səni zaman,

Verməyibdir bac qayalar.

Heykəlləşməz, ucalmayan,

Nidandırmı, tac qayalar!

 

Qoca Qorqud qopuzuyla,

Qaval çaldı, bəs nə dedi?!

Daşa dönmüş bu insanlar,

Axı bir vaxt, daş deyildi...

 

Bir daş atdım daş qayaya,

Çilik-çilik çilikləndi,

Mən mat qaldım hay haraya,

Bu daş qaya nə zil dindi.

 

Qurban olum səsinizə,

Lap zil dinin, dinin daşlar.

Elə dinin, çatsın bizə,

Ömrüm daşlar, günüm daşlar.

 

Nurəddin İsmayıl

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO