Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Nazirlər Kabineti 15 yaşınadək uşaqların sosial şəbəkələrdə hesab açmasını və bu platformalardan istifadə etməsini qadağan edən qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı ölkənin rəsmi WAM informasiya agentliyi yayıb.
Hökumətin bəyanatında bildirilir ki, bu yaş qrupuna daxil olan uşaqlar şəxsi hesab yarada, onlardan istifadə edə və ya onları idarə edə bilməzlər. Həmçinin onlara kontent paylaşmaq, şərh yazmaq və açıq qruplarda iştirak etmək qadağandır.
Sosial şəbəkə platformaları qaydaları pozan uşaqların hesablarını aşkarlayıb dərhal bloklamağa borcludurlar. 15-16 yaş arası yeniyetmələrə sosial şəbəkələrdən istifadəyə icazə verilsə də, onların hesabları ciddi nəzarətdə saxlanılacaq. Platformalar bu yaş qrupu üçün kontentləri filtrləməli, istifadə müddətini limitləməli və tanımadıqları istifadəçilərlə qarşılıqlı əlaqə funksiyalarını söndürməlidir.
Bundan əlavə, yeniyetmələrin şəxsi məlumatlarının kommersiya məqsədilə istifadəsi və onlara hədəfli reklamların göstərilməsi qadağan edilib. Hökumət vurğulayıb ki, valideynlərin razılığı belə bu məhdudiyyətlərin ləğvi üçün əsas ola bilməz.
Yeni qaydalara əsasən, sosial şəbəkələr istifadəçilərin yaşını müəyyən etmək üçün rəqəmsal şəxsiyyət vəsiqəsi və ya biometrik məlumatlar kimi etibarlı mexanizmlər tətbiq etməlidir.
Platformalara yeni tələblərə uyğunlaşmaq üçün 12 ay vaxt verilib. Qaydaları pozan sosial şəbəkələri ölkə ərazisində qismən və ya tamamilə bloklanma, eləcə də böyük məbləğdə inzibati cərimələr gözləyir.
Bizim.Media




































































































