
- A-
- A
- A+
Kredit götürmək istəyənlərin nəzərinə – Qaydalar sərtləşdirilir
Azərbaycan Mərkəzi Bankı bankların kredit verərkən nəzərə almalı olduğu bir sıra qaydalara dəyişiklik edib.
Yeniliklər zaminin gəlirinə, borcalanın gəlirlərinin yoxlanılmasına və nisyə satışla məşğul olan şəxslərə verilən kreditlərə aiddir.
Qərara əsasən, istehlak krediti götürən şəxsə zamin durulduqda, borcun zaminin gəlirinə nisbəti 70 faizdən çox olmamalıdır. Yəni zaminin kreditlər üzrə borc yükü onun gəlirinin 70 faizini keçməməlidir. Bu tələb yeni qayda qüvvəyə mindikdən sonra yaranan kredit öhdəliklərinə tətbiq edilir.
Digər dəyişikliyə görə, borcalanın gəliri rəsmi sənədlər və ya dövlət informasiya sistemlərindəki məlumatlar əsasında müəyyən edilə bilirsə, bank həmin şəxs üçün gəliri davranış modeli vasitəsilə proqnozlaşdıra bilməyəcək.
Gəliri təsdiqləyən sənədlərə əməkhaqqı arayışı, pensiya və müavinətlərin ödənilməsi barədə məlumat, depozitlərdən əldə olunan faiz gəlirlərini təsdiqləyən bank arayışı və digər müvafiq sənədlər daxildir.
Nisyə satışla məşğul olan şirkət və fərdi sahibkarlarla bağlı da yeni tələb müəyyən edilib.
Onların nisyə satış portfelinin ümumi həcmi və alıcılarının sayı barədə banka verdiyi məlumatlar kredit bürolarına təqdim edilən məlumatlarla müqayisə olunacaq. Göstəricilərdən hər hansı biri üzrə uyğunluq 90 faizdən aşağı olarsa, bu hal aktivlərin təsnifləşdirilməsi zamanı nəzərə alınacaq.
Qərara əsasən, bankların kredit risklərini idarə etməsi ilə bağlı qaydalara da dəyişiklik edilib. Həmçinin model əsasında verilmiş və son 12 ayda balansdan silinmiş kreditlərlə bağlı müddəaya əlavə olunub.
Dəyişikliklər oktyabrın 10-dan qüvvəyə minib.
Yeni dəyişikliklər nə vəd edir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib ki, kreditlərin verilməsində qaydaların sərtləşdirilməsi bank sektorunda risklərin azaldılmasına və borcalanın məsuliyyətinin artırılmasına hesablanıb:
“Burada məqsəd kreditlərin verilməsini süni şəkildə məhdudlaşdırmaq yox, daha ehtiyatlı davranaraq verilən kreditlərin rahatlıqla geri ödənişinə əsaslar yaratmaqdır. Həmçinin niyyətlər arasında problemli kretitlərin həcmini azaltmaq və bankların dayanıqlılığını təmin etmək də var. Bu siyasət bank sisteminin qorunması üçün həyata keçirilir. Bu da təsadüfi deyil. Çünki dövlət və onun iqtisadiyyatı bank sektoru ilə nəfəs alır.
Nəzərə alaq ki, bank iqtisadiyyatın güzgüsüdür.
İqtisadiyyatdakı problemlər dərhal bank sektorunda özünü büruzə verir. O cümlədən də bank sektorunda aparılan sağlam siyasət iqtisadi inkişafa zəmin yaradır. Ona görə də kreditlər daha çox geri qaytarılması mümkün olan sahələrə təklif olunmalıdır. Bu səbəbdən də qərar daha çox məsuliyyətli borclanma və risklərin idarə olunmasında mühüm addım kimi qəbul edilməlidir. Əksinə qərar verilmiş olsa idi, əhali banklardan daha çox borclu qala bilərdi. Bu da iqtisadi iflası yaxınlaşdırardı”.
Surxay Atakişiyev, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































