Köhnə qitəni bürüyən üsyan dalğası

Köhnə qitəni bürüyən üsyan dalğası

Hazırda oxunan: Köhnə qitəni bürüyən üsyan dalğası
645540
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropada inqilab kabusu dolaşır. Avropa uzun illərdir dünyaya demokratiya, insan hüquqları, sosial rifah və siyasi sabitlik dərsləri verməyə çalışdı. Lakin bu gün həmin dəyərlərin mərkəzi hesab olunan ölkələrdə baş verən hadisələr Avropanın mahiyyətini üzə çıxardı. Aydın oldu ki, Avropa heç də deyildiyi qədər demokratik, ədalətli deyilmiş.

Həyatın ironiyası

Hər zaman hansısa ölkədə baş verən xırda sosial narazılığı özlərinin siyasi dəyəniyinə çevirən Avropa dövlətləri bu gün eyni mənzərə ilə üz-üzədir. Xalq siyasi idaretmədən, infilyasiyadan, işsizlikdən, yüksək kommunal xərclərdən əziyyət çəkir. Avropa xalqları yenilik və dəyişiklik tələb edir.
 

MÖVZU İLƏ BAĞLI:

Fransada etirazlar çoxalır - Müxalifət prezidentdən nə tələb edir?


Fransada qalanan etiraz ocaqlarını alovu bütün Avropanı bürüdü. Bir aydan artıqdır ki, Fransada ictimai-siyasi sabitlik pozulub. Fransanın bu vəziyyətə düşməsininsə səbəbi islahatların yarımçıq qalması, sosial və immiqrasiya təzyiqlərinə qarşı acizlik nümayiş etdirilməsi, xarici siyasətdə strateji tərəfdaşların itirilməsi və böhran xərclərinin vaxtında azaldılmamasıdır.

Makronun yarıtmaz siyasəti və ambisiyaları Fransanı, dolayısı ilə Avropa İttifaqını çətin duruma salıb. Təsadüfi deyil ki, oktyabr ayı bütövlüklə Fransa üçün ən ağır dönəm olub. Əvvəlcə 2026-cı il büdcə düzəlişlərinə və layihəsinə qarşı etirazlar başladı. Deputatlar Makron hökuməti tərəfindən hazırlanan büdcə layihəsinin rədd etdi. Eyni zamanda, hökumətin hazırladığı 2027-ci il büdcə proqnozları nəinki Milli Assembleyada, eləcə də xalq arasında kəskin etirazlara səbəb oldu.

Bunun ardınca, oktyabrın 13-də Fransada şagirdlərin, tələbələrin və təhsil İşçilərinin tətilləri başladı. Bunun ardınca yanacağın bahalaşması və alıcılıq qabiliyyətinin azalmasına qarşı aksiyalar başladı. Oktyabrın 17-də Paris, Lion, Nant və Renn kimi böyük şəhərlərdə on minlərlə insan küçələrə axışaraq Makronun yarıtmaz siyasətinə etiraz səslərini ucaltdılar. 

Ayın son şənbə günü isə etirazlar pik həddə çatdı. Rəsmi məlumatlara görə oktyabrın 31-də 500 mindən artıq etirazçı küçələrə çıxıb. Etiraz aksiyaları təbii ki, insidentsiz ötüşməyib. Belə ki, Hellouin gecəsi keçirilən mitinqlər zamanı polis 779 nəfəri saxlayıb.

Hakimiyyət RAID xüsusi təyinatlıları və GIGN jandarmeriyası da daxil olmaqla 70 min hüquq-mühafizə əməkdaşını etirazların yatırdılmasına cəlb edib. Lionda və digər şəhərlərdə etirazçılara qarşı göz yaşardıcı qaz tətbiq edilib.

Bu da etirazçıların qəzəbinə səbəb olub. Bu səbəbdən davam edən sosial narazılıq fonunda məktəbli və tələbə həmkarlar ittifaqları çərşənbə axşamı və cümə axşamı lisey və universitetlərdə yeni blokadalar keçirməyə çağırıblar. Yaxın günlərdə etirazların davam edəcəyi gözlənilir.

Almaniya etirazların episentrinə çevrilir

Fransada baş qaldıran etirazlar, ardınca Almaniyada tətil və etiraz aksiyalarının gündəmə gəlməsi Avropanın sosial-iqtisadi modelinin ciddi sınaq qarşısında olduğunu göstərir. Dünyanın müxtəlif regionlarında baş verən hadisələrə dərhal siyasi qiymət verməyə çalışan Avropa dövlətləri öz cəmiyyətlərindəki narazılıqların səbəblərini araşdırmaq əvəzinə, onları inzibati və siyasi vasitələrlə nəzarətdə saxlamağa çalışır.

Avropa uzun illərdir dünyaya demokratiya, insan hüquqları, sosial rifah və siyasi sabitlik nümunəsi kimi təqdim olunur. Lakin son həftələr Fransada başlayan və ardınca Almaniyaya yayılan kütləvi etirazlar bu parlaq mənzərənin arxasında ciddi problemlərin toplandığını bir daha üzə çıxarır. İqtisadi çətinliklər, bahalaşma, gənclərin gələcəyə inamının azalması, təhsil sistemindəki çatışmazlıqlar və sosial bərabərsizlik artıq Avropanın aparıcı dövlətlərində belə küçə qarşıdurmalarına səbəb olur.

Fransada geniş vüsət alan etirazların ardınca Almaniyada da gənclərin iştirakı ilə kütləvi nümayişlərin keçirilməsi təsadüfi hadisə deyil. Bu, ayrı-ayrı ölkələrin hüdudlarını aşan, Avropa cəmiyyətində uzun müddətdir yığılıb qalan sosial narazılığın təzahürüdür.

Maraqlıdır ki, Avropanın ən güclü iqtisadiyyatlarından birinə malik Almaniya da artıq bu problemlərdən kənarda qala bilmir.

Almaniyadakı narazılığın arxasında hansı səbəblər dayanır?

Almaniyada oktyabrın 31-də keçirilən nümayişlərin əsas təşkilatçılarından biri olan "GenZ regelt!" hərəkatı 30-dan artıq şəhərdə aksiyalar təşkil edib. Etirazçıların gündəliyində yaşayış xərclərinin artması, təhsilə ayrılan vəsaitin yetərsizliyi, sosial xidmətlərin zəifləməsi, mənzil əlçatanlığı və məcburi hərbi xidmətə qayıdışa etiraz kimi məsələlər yer alıb. Təşkilatçıların açıqlamalarında təxminən 120 min iştirakçının mitinqlərə qatıldığı bildirilib.

Səslənən tələblər isə Almaniya cəmiyyətində xüsusilə gənc nəslin üzləşdiyi problemlərin miqyasını göstərir. Gənclər təhsil almaq, işləmək, mənzil sahibi olmaq və normal həyat qurmaq imkanlarının getdikcə çətinləşdiyini düşünürlər. Onların narazılığı təkcə iqtisadi göstəricilərlə deyil, gələcəyə dair gözləntilərlə də bağlıdır.

Almaniya iqtisadiyyatının son illərdə zəif artım nümayiş etdirməsi, yaşayış xərclərinin yüksəlməsi və sosial təminat sisteminin üzləşdiyi təzyiqlər də bu narazılığın dərinləşməsinə təsir göstərir. Deməli, küçələrə çıxan gənclərin etirazı yalnız bir günlük siyasi hadisə deyil, daha geniş sosial-iqtisadi problemlərin nəticəsidir.

Fransadakı hadisələrin Almaniyaya təsiri isə Avropada etirazların bir-birindən təcrid olunmuş şəkildə inkişaf etmədiyini göstərir. Almaniyadakı gənclərin Fransadakı nümayişlərdən ruhlandığı, digər Avropa ölkələrindəki etirazlarla həmrəylik nümayiş etdirdiyi göz önündədir.

Demokratiya, sosial rifah və real həyat arasındakı ziddiyyət

Əslində, Almaniyada baş verənlər Avropanın sosial-iqtisadi modelinin qarşılaşdığı ciddi sınaqların göstəricisidir. İllərdir inkişaf etmiş iqtisadiyyat, yüksək həyat standartları və güclü sosial müdafiə sistemi ilə fəxr edən Avropa ölkələrində gənclərin küçələrə çıxaraq təhsil, mənzil, iş və sosial təminat tələb etməsi haqlı suallar doğurur.

Bir tərəfdən Avropa siyasi elitaları qlobal liderlik iddialarını gündəmə gətirir, beynəlxalq proseslərə istiqamət verməkdən danışır, digər tərəfdən isə öz cəmiyyətlərinin fundamental sosial ehtiyaclarının təmin edilməsində çətinliklərlə üzləşirlər.

Burada problem insanların narazılığının vaxtında eşidilməməsi, sosial problemlərin dərinləşməsi və hökumətlə cəmiyyət arasında etimadın zəifləməsidir.

Bununla yanaşı, etirazların zorakılığa çevrilməsi də ayrıca narahatlıq doğurur. Noyabrın 1-də Almaniyanın Berlin, Frankfurt, Hamburq və Köln şəhərlərində nümayişlərin bir hissəsi iğtişaşlarla müşayiət olunub. Frankfurt şəhərində mağazalar qarət edilib, polisə “molotov kokteylləri” atılıb. Berlində 27 polis əməkdaşı xəsarət alıb, 60-a yaxın şəxs saxlanılıb.

Avropanın siyasi elitası baş verənlərdən hansı nəticəni çıxarmalıdır?

Fransa və Almaniyada baş verənlər Avropa üçün ciddi xəbərdarlıqdır. İqtisadi gücün mövcudluğu öz-özlüyündə sosial rifahın təminatına zəmanət vermir. İnsanların gündəlik həyatında bahalaşma, mənzil problemi, təhsil çatışmazlığı və işsizlik kimi problemlər həllini tapmadıqca siyasi sabitliyin qorunması da çətinləşir.

Avropa dövlətləri digər ölkələrdə demokratiya, insan hüquqları və sosial ədalət məsələlərinə münasibət bildirərkən ilk növbədə öz cəmiyyətlərindəki problemlərə də diqqət yetirməlidirlər. Çünki demokratiya yalnız siyasi bəyanatlarla, beynəlxalq hesabatlarla və müəyyən dəyərlərin təbliği ilə ölçülmür. Onun real göstəricisi vətəndaşın gündəlik həyatında, sosial təminatında, təhsil almaq və gələcəyini qurmaq imkanlarında özünü göstərir.

Fransadan Almaniyaya yayılan etiraz dalğası bir daha göstərir ki, Avropanın sosial rifah vəd edən siyasi sistemləri öz vətəndaşlarının gözləntilərini qarşılaya bilmir.

Bir sözlə, Avropanın küçələrində baş verənlər sadəcə nümayişlər və polis qarşıdurmaları deyil. Bu hadisələr cəmiyyətlə siyasi idarəetmə arasında dərinləşən problemlərin, nəsillərarası narazılığın və sosial-iqtisadi gözləntilərlə real imkanlar arasındakı fərqin təzahürüdür.

Avropanın siyasi elitası bu mesajı düzgün oxumalıdır. Çünki cəmiyyətin problemlərini küçələrə çıxmadan həll etmək dövlət idarəçiliyinin əsas vəzifələrindən biridir. Əks halda, bugünkü etirazlar sabah daha geniş sosial və siyasi böhranların başlanğıcına çevrilə bilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO