“2025-ci il üzrə dövlət büdcəsinin gəlirləri 39 milyard 184,6 milyon manat təşkil etmiş, bu da təsdiq olunmuş proqnozdan 2,2 faiz çox olmuşdur. Dövlət büdcəsinin xərcləri 38 milyard 604,6 milyon manat təşkil etmiş, təsdiq edilmiş göstərici ilə müqayisədə 6,8 faiz az icra olunmuşdur. Nəticədə dövlət büdcəsi 580 milyon manat profisitlə başa çatıb”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov parlamentin bugünkü iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, 2026-cı il yanvarın 1-nə Azərbaycan Respublikasının dövlət borcu faktiki ÜDM-in 20,1 faizini təşkil etmişdir ki, bu da beynəlxalq meyarlar baxımından təhlükəsiz səviyyə hesab olunur.
"Həmin tarixə Vahid Xəzinə Hesabının sərbəst qalığı 1 milyard 330,3 milyon manat olmuşdur ki, bu da dövlət maliyyəsinin dayanıqlılığının mühüm göstəricilərindən biridir.
2025-ci ildə dövlət büdcəsinin uğurla icrası nəticəsində:
– əhalinin sosial rifahının yüksəldilməsinə yönəlmiş öhdəliklərin tam və vaxtında yerinə yetirilməsi təmin edilmişdir;
– müdafiə və milli təhlükəsizlik sahəsində xərclər dövlət siyasətinin əsas prioritetlərindən biri kimi saxlanılmışdır;
– Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa, yenidənqurma və məskunlaşma proqramlarının maliyyələşdirilməsi davam etdirilmişdir;
– nəqliyyat, logistika, enerji və digər strateji infrastruktur layihələrinin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitləri ayrılmışdır;
– sahibkarlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunun genişləndirilməsi istiqamətində dövlət dəstəyi tədbirləri davam etdirilmişdir;
– ölkənin iqtisadi dayanıqlığının möhkəmləndirilməsi və uzunmüddətli inkişaf hədəflərinin təmin olunması istiqamətində mühüm nəticələr əldə edilmişdir" - deyə o vurğulayıb.
Sədr müavini bildirib ki, 2025-ci ilin dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetlərinə, sosial-iqtisadi hədəflərə və milli maraqlara uyğun olaraq uğurla icra edilib.
Büdcənin icrası dövlət əhəmiyyətli layihələrin və təşəbbüslərin həyata keçirilməsinə, dövlətin əsas funksiyalarının fasiləsiz yerinə yetirilməsinə, eləcə də vətəndaşların sosial rifahının yüksəldilməsinə etibarlı maliyyə təminatı yaradıb.
Günay Şahmar, Bizim.Media

































































































