Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Hazırda oxunan: Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

612439

Son aylarda sosial şəbəkələrdə bölgələrdə torpaq və fərdi yaşayış evlərinin qiymətlərinin sürətlə artdığı ilə bağlı paylaşımlar geniş müzakirə olunur. Xüsusilə turizm potensialı yüksək olan rayonlarda torpaq sahələrinin əvvəlki illərlə müqayisədə daha baha qiymətə təklif edilməsi diqqət çəkir. Bəzi ekspertlər bunu real bazar tələbi ilə əlaqələndirsə də, digərləri qiymət artımında süni şişirtmələrin və sosial mediada yaradılan “investisiya dalğası”nın ciddi rol oynadığını düşünür.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı daşınmaz əmlak eksperti Elnur Azadov bildirib ki, pandemiyadan sonra dünyanın bir çox ölkəsində daşınmaz əmlak bazarında ciddi bahalaşma müşahidə olunur:

“Ümumiyyətlə, pandemiyadan sonra bütün dünyada, xüsusilə inkişaf etməkdə olan ölkələrdə daşınmaz əmlakın qiymət artımı izlənilir. Hər ölkənin özünəməxsus səbəbləri və iqtisadi göstəriciləri var. Pandemiyadan sonra böyük həcmdə alıcı kütləsinin bazara daxil olması da qiymət artımını sürətləndirən əsas amillərdən biri oldu”.

Ekspertin sözlərinə görə, Azərbaycanda müşahidə olunan bahalaşmanın miqyası isə iqtisadi göstəricilərlə tam uyğun gəlmir:

“Bugünkü vəziyyətlə müqayisədə bazarda təxminən 65-70 faiz qiymət artımı var. Bu isə kifayət qədər böyük göstəricidir. Hesab edirəm ki, ölkənin mövcud iqtisadi vəziyyətinə görə bu qədər bahalaşma tam əsaslı deyil”.

Elnur Azadov qeyd edib ki, qiymət artımının əsas səbəblərindən biri tikinti sektorunda rəqabətin azalmasıdır:

“Son illərdə tikinti şirkətlərinə verilən icazələrin sayı kəskin şəkildə azalıb. Nəticədə bazarda rəqabət mühiti pozulub. Az sayda fəaliyyət göstərən tikinti şirkətləri isə bazarda normadan artıq qiymət artımına səbəb olublar. Yəni müəyyən mənada süni bahalaşma formalaşdırılıb və təəssüf ki, bu proses hazırda da davam edir”.

Ekspert əlavə edib ki, əvvəlki illərlə müqayisədə bazarda aktivliyin həcmi ciddi şəkildə aşağı düşüb:

“2016-cı illə müqayisədə hazırda tikintiyə başlayan şirkətlərin sayı təxminən 8-10 dəfə azalıb. Əsas problemlərdən biri də məhz budur”.

Onun fikrincə, bölgələrdə torpaq və ev qiymətlərinin artmasında sosial medianın da təsiri az deyil:
 

“Bəzi rayonlarda qiymətlər real bazar tələbindən daha çox sosial mediada yaradılan gözləntilər hesabına artırılır. İnsanlarda ‘bu gün almasam, sabah daha baha olacaq’ düşüncəsi formalaşdırılır. Bu da bazarda əlavə psixoloji təzyiq yaradır”.


Ekspert yaxın aylarda da bölgələrdə qiymətlərin yüksək səviyyədə qalacağını istisna etmir. Onun sözlərinə görə, tikinti sektorunda rəqabət artırılmasa və yeni layihələrin sayı çoxalmasa, bazarda ciddi ucuzlaşma gözlənilmir. (modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO