Bugünlərdə Rusiya Dövlət Dumasında ölkənin varlı vətəndaşlarından alınan gəlir vergisinin bir qədər də artırılması məsələsi müzakirə edilməkdədir. Müzakirələrdə ölkənin varlı vətəndaşlarından alınan gəlir vergisinin əhəmiyyətli dərəcədə artırılaraq 30%-ə çatdırılması təklif edilir.
Məlumat üçün qeyd edək ki, gəlir vergisi yalnız Rusiyada dyeil, dünyanın bir çox inkişaf etmiş demokratik ölkələrində də tətbiq edilməkdədir. İqtisadçı ekspertlər hesab edir ki, gəlir vergisnin tətbiqi sosial ədalət prinsipinin tələblərinə cavab verməklə yanaşı, dövlət büdcəsinin doldurulması, maliyyə ehtiyatının artırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Hazırda Rusiya parlamentində müzakirə edilən məlum məsələ Azərbaycanda da gəlir vergisinin tətbiqi məsələsini aktuallaşdırmaqdadır. Mütəxəssislərin bir çoxu hesab edir ki, məlum qanun layihəsinin ölkəmizdə tətbiqi dövlət büdcəsinə ciddi məbləğdə vəsait axınını təmin edə bilər ki, bu da müxtəlif sosial layihələrin reallaşmasına sərf edilə bilər. Lakin bəzi ekspertlər hesab edir ki, gəlir vergisinin tətbiqi üçün öncə vətəndaşların dəqiq gəlirləri haqqında məlumatlar mövcud olmalıdır ki, bu da yalnız gəlir deklorasiyasının tətbiqi sayəsində mümkündür. Gəlir deklorasiyasının tətbiqi məsələsində isə hökumətin maraqlı olmadığı göz önündədir. Belə ki, ölkənin bütün ali məmur təbəqəsi həm də respublikanın ən varlı şəxsləri hesab edildiyi üçün gəlir deklorasiyası və bunun ardınca tətbiq ediləcək gəlir vergisinin məhz bu şəxsləri “vuracağı” birmənalıdır. Elə bu səbəbdən də bugünə qədər ictimai müstəvidə bir neçə dəfə müzakirə edilməsinə baxmayaraq, gəlir vergisinin tətbiqi ilə bağlı Azərbaycan parlamenti tərəfijndən real addımlar atılmayıb.
Moderator.az-a açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramov isə hesab edir ki, Azərbaycanda gəlir vergisinin tətbiqi üçün öncə lazımi hüquqi baza formalaşdırılmalı, yalnız bundan sonra məlum qanun layihəsi parlament tərəfindən müzakirəyə çıxarılmalıdır:
“Sərvət vergisinin tətbiqi bir sıra ölkələrdə müşahidə edilməkdədir. O cümlədən Rusiya daha çox gəlir əldə edən şəxslərdən daha çox vergi almaq praktikasını tətbiq edir. Azərbaycanda da gəlir vergisinin tətbiq edilməsi ilə bağlı müzakirələr aparılsa da, varlılardan daha çox verginin alınması tətbiq edilməyib. Bizim apardığımız qiymətləndirmələrə görə, indiki halda gəlir vergisinin tətbiqi üçün Azərbaycanda yetərincə hüquqi baza formalaşmayıb”.
Ekspertin qənaətincə, Azərbaycanda gəlir vergisinin tətbiqi üçün öncə gəlir deklorasiyası tətbiq edilməli, kimin nə qədər sərvətə malik olduğu müəyyənləşməlidir. Gəlir vergisinin məhz bu məlumatlar əsasında tətbiq edilməsi mümkündür:
“Gəlir vergisinin tətbiqi üçün hökmən əhalinin gəlirlərinin deklorasiyası tərtib olunmalıdır. Yalnız gəlirlərlə bağlı deklorasiya tətbiq edildikdən, vətəndaşlar öz gəlirləri ilə bağlı məlumat verdikdən sonra, gəlir vergisinin tətbiqi mümkündür. Gəlir deklorasiyasi tətbiq edilmədən sərvət vergisinin tətbiqi imkansızdır”.
V.Bayramovun qənaətincə, gəlir deklorasiyasının mövcud olmadığı bir şəraitdə sərvət vergisinin tətbiq edilməsi mümkün deyil və bu, ilk növbədə praktikada özünü doğrultmayacaq:
“Hətta gəlir deklorasiyası olmadan sərvət vergisi tətbiq edilsə belə, bu, praktikada işləməyəcək. Gəlirlərin deklorasiyası ona görə vacibdir ki, vətəndaşların, habelə onların varlı hissəsinin nə qədər gəlirə sahib olduğunu müəyyənləşdirmək mümkün olsun. Bir daha qeyd edirəm ki, gəlir deklorasiyası olmadan bunun reallaşması mümkün deyil”.
Ekspertin sözlərinə görə, gəlir deklorasiyasının tətbiqi ölkənin varlı şəxslərinin rəsmi surətdə müəyyənləşməsi baxımından əhəmiyyətlidir. Sərvət vergisi də, məhz varlı olduğu rəsmi surətdə öz əksini tapan şəxslərlə bağlı tətbiq edilə bilər: “Gəlir vergisinin tətbiqi mümkün olsa da, bunun üçün öncə lazımi mexanizmlər və hüquqi baza formalaşmalıdır. Gəlir deklorasiyası sayəsində varlı şəxslərin kimliyi rəsmi olaraq müəyyənləşdirilməlidir. Bundna sonra həmin varlı şəxslər üçün gəlir vergisi tətbiq edilə bilər”.
V.Bayramovun sözlərinə görə, indiki halda Azərbaycanda gəlir vergisinin tətbiqi mümkünsüzdür və bu, yalnız gələcəkdə gerçəkləşə bilər:
“Şübhəsiz ki, indiki məqamda sərvət vergisinin tətbiqi mümkünsüzdür və bu, yalnız gələcəkdə öz əksini tapa bilər. O zaman ki, bunun üçün zəruri olan bütün şərtlər formalaşmış olsun”.
Seymur Əliyev



































































































