Dünya Bankından müsbət proqnoz, “yaşıl enerji”nin İŞARTILARI – “Bizim Barel”in başına gələnlər

Dünya Bankından müsbət proqnoz, “yaşıl enerji”nin İŞARTILARI – “Bizim Barel”in başına gələnlər

Hazırda oxunan: Dünya Bankından müsbət proqnoz, “yaşıl enerji”nin İŞARTILARI – “Bizim Barel”in başına gələnlər

129609

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Bu həftə dünyada və ölkəmizdə, həmçinin Xəzər regionunda enerji bazarlarında bir xeyli maraqlı hadisələr baş verib.

Qlobal bazar. Neft cari həftə ərzində uzun sürən fasilədən sonra yenidən “85-90” dollarlıq qiymət diapazonunda ticarət edilməyə başladı. Neft qiymətlərinin 75-80 dəhlizindən birdən birə kəskin artımı OPEC+ çərçivəsində həftə əvvəli verilən gözlənilməz qərara bazar iştirakçılarının emosional reaksiyasının nəticəsi idi. 
Bu baxımdan da OPEC+ çərçivəsində birdən birə 9 ölkənin hasilatı gündəlik olaraq may ayından etibarən 1,66 mln barel azaltması reallıqda bazarda yaşanan “qara qızıl” bolluğu ilə əlaqədar deyil. Çünki dünya hazırda təkcə Kollektiv Qərb və Kreml tərəfdaşları kimi iki siyasi qarşıduran qütbə parçalanmayıb. Dünya həm də enerjidən asılı olan və iqtisadiyyatları enerjidən asılı olan ölkələrə bölünüb. Birincilər enerji daşıyıcıların qiymətlərinin münasibliyi uğrunda əlləşir, ikincilər isə öz resurslarını “ədalətli qiymətə” satmaq üçün qlobal bazarda imkanlar arayırlar. 

ABŞ Federal Ehtiyatlar Sisteminin davamlı olaraq uçot dərəcələrini artırması təbii ki, resurs ölkələrində təqdir edilmir. Bundan əlavə Səudiyyə və ona dəstək verən neft ölkələri hesab edirlər ki, qlobal iqtisadiyyatda təlatümün yaradılması, ticari əlaqələrin zəiflədilməsi və qarşılıqlı əlaqələrə yenidən baxılması, həmçinin Ukrayna böhranının müharibə səviyyəsinə qədər inkişaf etdirilməsi elə rəsmi Vaşinqtonun yürütdüyü siyasətin nəticəsidir. Ona görə də 75-80 dəhlizində olan neft qiymətlərinin daha yüksək dəhlizlərə keçilməsi məhz “proqnozlaşdırılmayan itkilərin” yerinin doldurulmasıdır. 

Xəzərin o tayında. Bu həftə Xəzərin o tayından Qazaxıstanın neft bazarından gələn xəbərlər  xarici investorlara əməlli başlı “soyuq duş” effekti təsirində olub.

Belə ki, əvvəlcə Qazaxıstan hökuməti “Kaşağan” layihəsi iştirakçılarını müqavilədə nəzərdə tutulduğu kimi ekoloji müddəalara riayət etməməkdə günahlandırıb və onları dəymiş ziyana görə 5,1 milyard dollar ödəməyə çağırıb. Bunun ardınca, “Bloomberg” agentliyi şirkətlərdə olan mənbələrəinə istinadən xəbər yayıb ki, Qazaxıstan hökuməti ölkənin iki böyük yatağı olan “Kaşağan” və “Karaçaqanak”-ı istismar edən şirkətləri 2010-2018-ci illərdə hökumətdən icazəsiz xərclərə görə məhkəməyə verib.

Qazaxıstan hökuməti hesab edir ki, layihə tərəfdaşları “Kaşağan”da 13 milyard dollar, “Karaçaqanak”da isə 3,5 milyard dollar əsassız xərcləmələrə yol veriblər. Və məsələnin hüquqi müstəvidə həlli üçün Kaşağan və Karaçaqanak üzrə mübahisələlərə müvafiq olaraq Cenevrə və Stokholm arbitraj məhkəmələrində baxılması üçün öz nümayəndələrini də təyin edib. 

Onu deyim ki, Xəzərin o tayında şirkətlərlə hökumətlər arasında maliyyə qalmaqallarının yaranması yenilik deyil. İmzalanmış müqavilələr belə dəyişdirilir. Bu baxımdan şirkətlər Azərbaycana həsəd apara bilərlər.
Çünki biz indiyə qədər imzaladığımız 37 neft və qaz müqaviləsində heç bir dəyişikliyə getməmişik, yazılanların icra edilməsini istəmişik.      

Özbəkistanda isə hökumət istilik enerjisi bazarında dövlətin monopoliyasına son qoymaq qərarına gəlib. Belə ki, dövlət qazanxanaların özəl şirkətlərə idarəetməyə verilməsinə hazırlığa başlayıb. Deyir ki, dövlət onları effektiv işlədə bilmir. Nəticəsinə baxaq, çünki bu problem illər boyu bizdə də mövcuddur. 

Texnoloji yenilik. Bu həftənin ilk iş günü Azərbaycanın neft sənayesi üçün mühüm bir hadisə ilə başladı. 

Söhbət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 4-də Bayıl tikinti-quraşdırma sahəsində bp-nin rəhbərliyi altında ərsəyə gələn “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində açıqlanan maraqlı bir məlumatdan gedir.

BP-nin operatorluğu ilə tikilən və Xəzərin Azərbaycan sektorunda, daha doğrusu “Azəri-Çıraq-Günəşli” blokunda quraşdırılacaq platforma digər platformalardan fərqlənəcək. Bu Platforma Səngəçal terminalından, yəni uzaq məsafədən idarə edilmək qabiliyyətindədir. İdarəetmə mexanizminə avtomatlaşdırılmış innovativ sistem daxil edilib.

Təsəvvür edin ki, dənizdə fırtınadır, insanların təhlükəsizliyi üçün təxliyyə qaçılmazdır. Və belə halda artıq hasilatı nə azaltmağa, nə də dayandırmağa ehtiyac duyulmayacaq. Çünki BP şirkətinin dünyada ilk dəfə olaraq Azərbaycanda tətbiq etdiyi uzaq məsafədən idarəedilən platformasının imkanları fantastikdir. Burada tətbiq olunan texnologiya ən müasir, sınaqdan keçmiş və beynəlxalq sertifikarlarla təsdiqini tapmış bir texnoloji yenilikdir.

Bu gün əminliklə demək olar ki, 1994-cü ildə “Gülüstan” sarayında imzalanana ilk neft müqaviləsinin reallaşması ilə Ulu Öndər Heydər Əliyevin mürəkkəb şəraitdə addım addım yaratdığı Azərbaycanın neft strategiyası bu gün praktikada özünü tam şəkildə gerçəkləşdirə bilib.   
Qayıdaq platformanın özünə, yəni nədən ibarətdir və niyə onun tikintisinə zərurət yaranıb. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun məlumatına görə, “Azəri-Çıraq-Günəşli” üzrə Hasilatın Pay Bölgüsü Sazişinin 2049-cu ilin sonuna qədər uzadılmasından sonra bu platformanın reallaşdırılması AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. Dəyəri 6 milyard dollar olan layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neftin hasil olunacağı proqnozlaşdırılır. 

Üst modullarının çəkisi 19,6 min ton olan bu platforma dənizdə suyun dərinliyinin təxminən 140 metr olan sahəsində - “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında quraşdırılacaq. Layihəyə, həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud “Faza 2” sualtı ixrac kəmərlərinə qoşulacaq.

Layihənin pik dövründə üst modulların tikintisi işlərinə 4400 nəfərədək işçi cəlb edilib və onların 90 faizindən çoxu Azərbaycan vətəndaşı olub.

Neft və iqtisadiyyat. Dünya Bankı 2023-cü ildə Azərbaycanda ÜDM-in artımını 2,2% səviyyəsində proqnozlaşdırır. Bu çoxdur ya az? Qeyd edim ki, cari ilin yanvar ayında DB-nın proqnozlarında Azərbaycanda iqtisadi artım 2,8% səviyyəsində gözlənilirdi. 2022-ci ildə Azərbaycanda iqtisadi artım 4,6% təşkil etdiyi halda dib. Azərbaycan hökuməti isə 2023-cü ildə iqtisadi artımı 2,7% proqnozlaşdırır.

Nədən Dünya Bankı Azərbaycanda iqtisadi artım tempinin orta dünya göstəricisindən daha aşağı sürətlə inkişaf edəcəyi qənaətinə gəlib? 

“Ortamüddətli perspektivdə Azərbaycanda iqtisadi artım ehtimal ki, böyük həcmli investisiyalar, o cümlədən Avropa İttifaqının dəstək göstərdiyi bir neçə enerji sövdələşməsi fonunda, eləcə də Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının həyata keçirilməsi üçün dövlət xərclərinin artması ilə dəstəklənəcək”, -deyə DB hesabatında bildirilir. 

DB qeyd edir ki, Azərbaycan enerji resurslarının dünya bazarlarındakı yüksək qiymətlərindən fayda əldə edib və bu vəziyyət tədiyə balansına kifayət qədər müsbət təsir göstərib. Bundan əlavə Azərbaycanın nəqliyyat sektoru Rusiya-Ukrayna müharibəsinin təzahürləri nəticəsində proqnoz edildiyindən daha çox gəlir əldə, belə ki, nəql marşrutları dəyişib. Həmçinin ortamüddətli dövrdə Avropaya Azərbaycan qaz ixracının artması da iqtisadiyyat üçün müsbət faktdır.

Bununla belə Bankın analitikləri ölkəmizin iqtisadi artımına neqativ təsir edəcək amilləri də açıqlayıblar. “Azərbaycanın əsas ixrac və fiskal gəlir mənbəyi kimi karbohidrogenlərdən asılılığının davam etməsi ölkə üçün əsas həssas məsələ olaraq qalır. Bu, neft hasilatının azalması, neft qiymətlərinin dəyişkənliyi və neftə əvəz tapmaq istiqamətində qlobal səy şəraitində uzunmüddətli artım üçün risklər yaradır”, - deyə DB qeyd edir.

Neft statistikamız. Belə ki, Azərbaycanda neft hasilatının cari və sonrakı illərdə azalması ölkənin iqtisadi artım tempinə təsir edəcək başlıca amil olacaq. Diqqət yetirin Azərbaycanda neft hasilatının son 5 ildəki dinamikasına.  Görünən odur ki, bir beşillikdə hasilat 6,1 mln ton azalıb.
Yəni orta hesabla hasilat ildə 1,22 mln ton azalma nümayiş etdirib. Elə cari ildə də hökumət 1 mln ton neftin azalmasını gözləyir. Azalma başa düşüləndir. Çünki əlimizdə olan ehtiyatlar azalır, heç bilirsiniz müstəqillik illərində nə qədər neft çıxartmışıq? 1991-ci ilin noyabrından ta 2023-ci ilin martına qədər 880 milyon tona yaxın! Azərbaycan ilk milyard ton neftini çıxartmaq üçün 100 il zaman sərf etmişdi və bu 1971-ci ilə təsadüf etmişdi. Sonrakı milyard ton neftin çıxarılmasına 46 il vaxt gərək oldu. İndi isə 30 ilə artıq 880 mln ton çıxarılıb. 

Hasilatda azalma öz yerində, amma azalma ilə yanaşı neftin qiymətləri də aşağı düşdüyü halda bunun neqativ təsirləri artıq hiss ediləcək səviyyədə olur. 

Dünya bankı da elə diqqəti bu məsələyə yönəldir. Çünki 2022-ci ildə neftimizin orta ixrac qiyməti 103 dollar olmuşdusa, bu il həmin həndəvərdə olması çətin proqnozlaşdırılan bir məsələdir.

Baxmayaraq ki, yenə də dünyanın bir sıra maliyyə qurumları və investisiya bankları cari həftə qlobal bazarlarda yaşanan hadisələrdən çıxış edərək cari il üçün Brent markalı neftin proqnoz qiymətlərini 95-105 dollar dəhlizinə qədər artırıblar. Amma diqqətinizə bir faktı çatdırmaq istəyirəm: 2015-ci ildən sonra neft qiymətləri ilə bağlı verilən proqnozların özünü təsdiq etməsini mən sadəcə müşahidə etməmişəm. Özü də xətalar bəzən 50%-ə qədər çatır, ötən il olduğu kimi: proqnozlar 67-69 dollar idi, reallıqda isə 100 dolları ötdü. 

“Yaşıl enerji”nin işartıları. Qərbdən gələn sədalar isə ondan xəbər verir ki, dünyanı yaşıllaşdırmaq siyasəti daha da intensivləşdirilir. Bu sahələrə investisiyaların artırılması inkişaf etmiş ölkələrin və qlobal investisiya fondlarının baxış bucağında prioritet sahəyə çevirir.        
Azərbaycan da bu baxımdan dünyanın nəbzini tutmaq, onunla həmahəng addımlamaq üçün indidən addımlar atır. Ölkənin enerji həyatında yaşıl enerjidən artıq bir müddətdir ki, daha çox danışılır, ona hökumət daha çox zaman ayırır, nəinki ənənəvi neftimizə. Azərbaycanın enerji bazarına hazırda maraq göstərən şirkətlər içərisində “yaşıl enerji”dən qaynaqlananlar, neftdən də, qazdan da üstünlük təşkil edir. 

Hətta “Boston Consulting Group” şirkəti belə Azərbaycanın alternativ enerji imkanlarını təhlil edərkən onun  gələcəkdə Avropada vacib regional lider və aşağı karbonlu hidrogen tədarükçüsü olmaq imkanlarını xüsusi ilə qeyd edib. Orta perspektivdə Azərbaycanın Avropa bazarına boru kəməri ilə çıxarıla bilən “yaşıl hidrogen” hesabına ildə 230-500 milyon dollar arasında gəlir əldə etməsinin mümkünlüyü də vurğulanıb. 

Beləliklə, məsələ təkcə hansısa enerji resurslarına malik olmaq deyil, onun qlobal bazarda satışına nail olmaq üçün siyasətini elə qurmalısan ki, bazarda söz sahibi olan oyunçularla münasibətlərin daim arzu edilən şəkildə olsun. Yoxsa, ətrafımızda o qədər enerji ilə zəngin olan ölkələr var ki, hamısının barmağı bala batmayıb ki...

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO