Moderator.az “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının hüquq müdafiəçilərinin və ictimai fəalların qanunsuz həbi ilə bağlı bəyanatını təqdim edir:
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı son günlər ölkədə genişlənən repressiya siyasətinin “qurbanlarına” çevrilmiş hüquq müdafiəçilərinin və ictimai fəalların qanunsuz həbsi ilə baglı narahatlığını bildirir, bu həbsləri birbaşa hakimiyyətin sifarişi, vətəndaş cəmiyyətinin sıxışdırılması və azad sözə qarşı olan hücum kimi qiymətləndirir.
Son günlər aşağıda adları qeyd olunan hüquq müdafiəçiləri və fəallar həbs olunub;
1.Sülh və Demokratiya İnistututunun rəhbəri, hüquq müdafiəçisi, Fransanın “Fəxri Legion Ordeni Kavaleri” və Almaniyanın “Teodor Haler” mükafatı laureatı Leyla Yunusun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilərək məhkəmənin qərarı ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilib;
2.Tarixçi Arif Yunusun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178-ci (dələduzluq) maddələri ilə təqsirləndirilərək haqqında həbs- qəti imkan tədbirinin seçilib;
3.İnsan Haqları Klubunun rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə), 213-cü (vergidən yayınma), 192 (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirli bilinərək məhkəmənin qərarı ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilib;
4.Müsavat Partiyası fəalı Fərəc Kərimlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 ci (narkotik) maddəsi ilə təqsirli bilinərək məhkəmənin qərarına əsasən barəsində 2 ay həbs qəti mkan tədbiri seçilib;
5.Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsi fəalı Ruslan Nəsirlinin “Ali Baş Komandan xalqa cavab ver!” adlı sosial qrup yaradaraq Fəvvarələr meydanında mitinq çağırışı etdiyi üçün hüquq- mühafizə orqanları tərəfindən oğurlanaraq bir neçə gün sonra barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1 (polisə müqavimət), 296-cı (kiçik xuliqanlıq) maddələri tətbiq edilməklə Məhkəmə qərarı ilə 30 sutka inzibati həbs qərarı çıxarılıb;
"Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı adları çəkilən ictimai- siyasi fəalların, tanınmış hüquq müdafiəçilərinin həbsini hakimiyyətin birbaşa siyasi sifarişi hesab edir. Xüsusən, son illər siyasi məhbusların hüquqlarını qoruyan, onların siyahısını tərtib edərək yerli və beynəlxalq ictimaiyyətə təqdim edən, ölkədə söz, mətbuat və sərbəst toplaşmaq azadlığının təmin edilməsi istiqamətində yorulmadan qətiyyətli və ardıcıl mübarizə aparan tanınmış hüquq müdafiəçiləri Leyla Yunusun və Rəsul Cəfərovun həbsi ilə hakimiyyət onlardan qisas alır. Bu istiqamətdə fəaliyyət göstərən təşkilatlara, hüquq müdafiəçilərinə göz dağı verir, onlara hədə- qorxu gəlir.
"Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı hakimiyyətdən hüquq müdafiəçilərinə, ictimai- siyasi fəallara qarşı davam etdirdiyi repressiya siyasətinə son qoymağı, həbsdə olan bütün siyasi məhbusların dərhal və qeyd- şərtsiz azad olunmasını tələb edir.

































































































