“Kəlbəcərə gedən adamları elə də qəhrəman hesab etmirəm”

“Kəlbəcərə gedən adamları elə də qəhrəman hesab etmirəm”

Hazırda oxunan: “Kəlbəcərə gedən adamları elə də qəhrəman hesab etmirəm”

50233
Moderator.az tanınmış jurnalist, teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmlidən götürdüyü müsahibəni oxuculara təqdim edir:

-Boris Berozovskinin vaxtilə belə bir məhşur söz vardı ki, mənə bir at, bir televiziya verin, həmin atı asanlıqla Rusiya prezidenti edim. Yəni televiziya gözəgörünməz və eyni zamanda gözçıxaran bir silahdır. Amma nə yazıqlar ki, bizdə bu silahdan xaincəsinə millətə qarşı istifadə edilir...

-Mən deməzdim ki, bu gün televiziyadan millətə qarşı istifadə olunur. Bu bir az mübahisəli yanaşmadır. Amma bilməyərəkdən elə davranışlara, elə səbatsız verilişlərə yol verilir ki, bunlar nəticə etibarı ilə ictimai və milli əxlaqa ciddi təsir edir. Bu nəyin nəticəsidir? Hesab edirəm ki, bizim televiziya sahəsində aydın düşünülmüş konseptual siyasətimiz yoxdur. Bu siyasət təxminən 90-cı illərin əvvəllərinədək var idi. Müəyyən qədər bu siyasətin mövcudluğu müşahidə olunurdu. Amma təəssüf ki, sonralar həm televizyaya rəhbərlik etmək iddiasında olanların sayı çoxaldı, həm dəsti- xətt belə deyək ki, deformasiyaya uğradı, eyni zamanda televiziyalara daha çox kommersiya məqsədiylə baxmağa başladılar. Bu gün də diqqət yetirsək görərik ki, televiziyaların maliyyə fəaliyyətində şəffaflıq yoxdur, çox kriminal situasiyalar baş alıb gedir, xüsusən də dövlət büdcəsindən ayrılan vəsaitlərin necə xərclənməsi çoxsaylı suallara və şübhələrə yol açır. Amma gəlin görək televiziya nədir? Televiziya ilk növbədə yaradıcılıq sahəsidir, ictimai fəaliyyət müstəvisidir. Televiziyanın gücü ondadır ki,  insanların təkcə ağlına yox, həm də duyğularına, hislərinə təsir edə bilir. Ona görə də televizyanın təsiri tutaq ki, qəzetin təsirindən qat-qat yüksəkdir. Bu cəhəti nəzərə alıb həm milli dəyərləri təbliğ etmək, həm ictimai əxlaqın, ictimai davranışın səviyyəsini yüksəltmək üçün çox ciddi konsepsiya hazırlanmalıdır. Belə olmasa çox çətin olacaq. İndi getdikcə proses dərinləşir və televiziyalar sözün pis mənasında sərbəstləşir və müəyyən sahələrdə onlar verilmiş azadlıqlardan sui-istifadə edərək dediyiniz kimi ictimai və milli düşüncənin əleyhinə olan davranışlara yol verirlər. Televiziyaların əksəriyyətinin daxili nizamnaməsi, etik qaydalar kodeksi  yoxdur, təbii ki, bunların da olmaması ona gətirib çıxarır ki, televiziyalar ciddi problemləri işıqlandıranda nəyə istinad etdiklərini dəqiq bilmirlər. 

-Bəlkə bu bir ideoloji xətdir?

-Mən belə düşünmək istəməzdim ki, bu bir ideoloji xətdir və kimsə bilərəkdən bu millətin və ictimai əxlaqın əleyhinə davranışlara göstəriş verir. Amma sizin sualınızda o mənada həqiqət var ki, gedən proseslər belə bir bədbin nəticə çıxarmağa əsas verir. Xüsusən əxlaq sahəsində, milli dəyərlərə münasibət məsələsində vəziyyət dediyim kimi dözülməzdir. Milli dəyərlərə sayğısızlıq deyəndə mən həm də Azərbaycanın görkəmli görkəmli şəxsiyyətlərinə qarşı başlamış bir psixoloji müharibəni nəzərdə tuturam. Bilirsiniz son vaxtlar Azərbaycanda nələr müşahidə olunur? Balaca adamların boyu çox uzanıb. Daha doğru özü yox, kölgəsi uzanıb.  Daha doğrusu, özü yox, kölgəsi uzanıb. Əgər bir ölkədə balacaların kölgəsi uzanırsa, deməli o ölkədə günəş batır. Niyə? Çünki fikir vermisinizsə günəş batana yaxın kiçik predmetlərin kölgəsi uzanır. Yəni mən heç arzulamazdım ki, bu ölkədə günəş batsın. Heç kim bunu arzulamaz ki, bizim millətin dili, dini, ictimai düşüncəsi, təfəkkürü, dəyərləri sıradan çıxarılsın, əksinə, həmişə təravətli qalmalıdır və bunlar istiqamətverici elementlər kimi bu milləti irəli aparmalıdır. Əgər onlara sayğısızlıq varsa, bu çox pis nəticələrə gətirib çıxaracaq. 

-Bu günlər cəmiyyətin əsas diqqəti Kəlbəcərdə girov düşən mülki vətəndaşlarımızla bağlı hakimiyyətin hansı addım atdığına və telekanalların baş verənlərə hansı reaksiya sərgilməsinə yönəlib. Təbii ki, bu məsələdə də televiziyaların tutduğu mövqe qanedici olmadı...

-Vətən həsrəti dəhşətli bir dərddir. Bilirsiniz, mən belə düşünürəm ki, Kəlbəcərin, Cəbrayılın, Zəngilanın sakini bütün təhlükələrə baxmayaraq öz istəyi və arzusu ilə keçib ata-baba yurduna gedir. İndi televiziyalar buna necə reaksiya verməlidir? Onu da nəzərə almaq lazımdır ki, düşmən tərəf də bundan təbliğat materialı kimi istifadə edir. Yəni bu məsələlərdə televiziyalar daha həssas olmağa çalışır. Yəni insanların hehsiyyatına toxunmaq, onların torpaq, Vətən duyğularını aşağılamaq olmaz. Bununla yanaşı düşmənin də dəyirmanına su tökmək olmaz. Məsələn, mən Kəlbəcərə gedən o adamları elə də qəhrəman hesab etmirəm. Amma onları bir insan kimi də başa düşürəm ki, həyatlarını riskə ataraq düşmən tapdağında olan ərazilərə keçirlər. Yəni etiraf edilməlidir ki, bu hər bir insanın da bacarmadığı bir işdir. Amma reallıq budur ki, gedib girov düşüblər və ermənilər də bundan Azərbaycan əleyhinə təbliğat materialı kimi istifadə edir. Amma eyni zamanda mən onu da anlayıram ki, bunlar sıravi Azərbaycan vətəndaşlarıdır və içlərində Vətən dərdi qubar edib, ona görə də insanlar bu hislərə dözmürlər və o torpaqların ətrin, hənirtisin duymaq, ciyərlərinə çəkmək üçün həyatlarını bu cür riskə ataraq keçib o torpaqlara gedirlər.

-Onların bu addımı sabah Azərbaycanda tendensiyaya çevrilə də bilər və beləcə Vətən həsrətinə dözə bilməyən xeyli sayda vətəndaşımızı güdaza vermiş olarıq...

-Mən çox arzulayardım ki, bu bir tendensiyya çevrilsin. Tendensiyaya çevrilmək həmin hislərin qabarmasıdır. Amma təbii ki, bunu ağılla, düşüncəylə etmək olar. Əgər insanların, xüsusən də Vətən torpağını məcburən tərk edən köçkünlərin içində bu hiss qalıbsa, bunu qiymətləndirmək lazımdır. Amma yenə də o fikirdəyəm ki, bir qızıl orta tapmaq lazımdır, biz nə içimizdəki Vətən duyğusunu öldürək, nə də həyatımızı bu dərəcədə risk altına alaq. Bu məsələdə televiziyaları hansısa maddə ilə qınamaq və ittiham etmək də olmaz. Bu bir intuisiya məsələsidir. Hər halda təcrübə bu intuisiyanı formalaşdırır. Bu məsələdə son dərəcədə ehtiyatlı və həssas olmaq lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO