Dekabrın 15-də Milli Şuranın günlərdir anonsunu etdiyi “Qiymət artımına yox deyək!” kütləvi mitinqi nəhayət ki, baş tutdu. Yasamal rayonunda yerləşən keçmiş “Məhsul” stadionuna yığışan Milli Şura tərəfdarları aksiyada “Qiymətlər endirilsin!”, “Bahalaşmaya son!”şüarlarının səsləndirərək stadiona daxil oldular. İcazəli mitinqlə bağlı stadion və onun ətrafında polis postları qurulmuşdu. Polis əməkdaşları təhlükəsizliyi təmin etmək məqsədi ilə stadiona daxil olan hər bir mitinq iştirakçısını yoxlayırdı. Eyni zamanda azyaşlıların mitinqdə iştirakına qadağa qoyulmuşdu.
Mitinq başlamamışdan güclü yağış yağdı. Soyuq hava və yağan yağışa baxmayaraq Milli Şura tərəfdarları stadiona gəlməkdə davam edirdilər. Mitinqinin aparıcısı isə jurnalist Şahvələd Çobanoğlu idi. O, mitinqin məram və məqsədi barədə məlumat verdikdən sonra, sözü AXCP sədri Əli Kərimliyə verdi.
AXCP sədri Əli Kərimli çıxışında dedi ki, əgər xalq ayağa qalxmasa, o zaman bu acgözlər öz büdcələrini doldurmaq üçün hər şeyin qiymətini qaldırmaq istəyəcəklər: “Onlar sizin son qəpiklərinizə göz dikiblər. Biz ona görə buradayıq ki, bu soyğunçu siyasətə dur deyək (meydandakılar “istefa” qışqırır ). Biz fərqindəyik ki, bu qiymətlərin düşməsi, insanların firavan yaşanması üçün Azərbaycanda haqq-ədalət, azadlıq qalib gəlməlidir. Əlamətdardır ki, hazırda bizimlə paralel olaraq Ukrayna xalqı da meydanlarda azadlıqları uğrunda günlərdir ki, mübarizə aparırlar. Biz buradan onları da dəstəkləyirik, həmrəyliyimizi ifadə edirik. Biz ölkəmizin seçimini müəyyənləşdirməliyik. Problemlərimizin əsas səbəbini bilirik. Nə qədər ki, ölkədə legitim iqtidar olmayacaq, xalqla belə rəftar olunacaq. Necə hesab edirsiniz, Ukraynadan sonra Avromeydan Azərbaycanda olsunmu?”.
Əli Kərimlinin bu sualına meydandakılar təsdiq uğultusu ilə cavab verdilər. AXCP sədri çıxışına davam etdi. O, bildirdi ki, millət ona görə yağışlı gündə bu meydandadır ki, bu iqtidarın soyğunçu siyasətinə yox desin: “Azərbaycan xalqı bilir ki, qiymət artımı soyğunçuluğun nəticəsidir. Azərbaycan hökuməti özünə havayı başa gələn qazı xaricə ucuz, xalqa isə fantastik dərəcə də baha qiymətə satır. Görün sizlə necə soyğunçu rəftar edirlər. Fərqindəyik ki, bu qiymətlərin düşməsi üçün, Azərbaycanda ədalət qalib gəlməlidir”.
“Bütün dünya Azərbaycan xalqına meydanlarda dəstək verəcək”
Növbəti çıxışçı Müsavatın İcra Aparatının rəhbəri Arif Hacılı qeyd etdi ki, Azərbaycan xalqı öz ulu öndərlərinin bir əsrdir başlatdığı savaşı davam etdirir: “Azərbaycanda yaradılan bu xaos, qorxu mühiti meydanlarda insanların sayının az olmasına təsir edir. Lakin bütün dünyanın azadlıqsevər insan və dövlətlərinin Azərbaycan xalqına dəstək verəcəyi gün uzaqda deyil. Bu gün Azərbaycan müxalifətinin Ukrayna xalqına dəstəyini ifadə etmək üçün Müsavat başqanı İsa Qəmbər Kiyevdə, Maydandadır. Mən onun da salamlarını sizə çatdırıram. Əminəm ki, az zaman sonra bütün dünya Azərbaycan xalqına meydanlarda dəstək verəcək”.
A. Hacılı mövcud hakimiyyətin siyasətini kəskin tənqid edərək, bildirdi ki, ölkənin bütün sərvətləri bir ailənin əlində cəmləşib: “Xalqın 90 faizinin ürəyi bizimlədir, burdadır. Ölkəmizdə yaranmış bu acınacaqlı vəziyyət, bu xaos, insanların qorxudulması, mitinqdə iştiraka görə, insanlardan qisas alınması faktları onların bu meydana gəlməsinə mane olur. Bütün bunlara baxmayaraq xalq öz ulu öndərlərinə sadiq qalaraq Azərbaycanın avrointeqrasiya mücadiləsini davam etdirir. Xalqımız onun malını talan edən bu hakimiyyətin əməllərini sakitcə seyr etməməlidir. Xalqın səbr kasasının dolub-daşacağı gün çox da uzaqda deyil. Bu mübarizədə biz arxanızda yox, önünüzdə olacağıq. Bu hakimiyyətin xalqa zidd siyasətinə qarşı sizlə birgə mübarizə aparacağıq”.
Çıxış üçün söz alan Mirmahmud Mirəlioğlu dedi ki, xalqın apardığı bu dirəniş hərəkatının, demokratiya yolunun əsasını Məmməd Əmin Rəsulzadə, Elçibəy qoyub. M. Mirəlioğlu hakimiyyəti kəskin bir dillə və detallı olaraq tənqid etdi. O, bu iqtidarı milli kimliyimizə, inanclarımız təzyiq etməkdə suçladı. İcra strukturlarını, nazirlikləri amansız bir dillə tənqid edən KXCP sədri mövcud iqtidarın dinc və demokratik yolla dəyişməsi zərurətindən danışdı, qiymətlərin qaldırılmasını xalqa qarşı sui-qəsd kimi dəyərləndirdi.
Mitinqin gedişində Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini Səhlab Bağırov Müsavat Partiyasının Divan üzvü Tural Abbaslıya xəbərdarlıq etdi. Səbəb isə mitinqdə səsləndirilən “istefa” şüarları ilə bağlı idi.
“Bu hakimiyyətin bu millətə rəhbərlik etməyə haqqı yoxdur”
Sonuncu çıxışçı isə Milli Şuranın sədri Cəmil Həsənli oldu. O dedi ki, soyuq, çiskinli hava insanların ruhunu qıra bilmədi: “Mən Milli Şura adından bu meydandakıları, ürəyi burada olanları salamlayıram, sizə eşq olsun deyirəm. Siz yenə meydanlardasınız, azadlıq mücadiləsinin önündəsiniz”.
İqtidarı və onun siyasətini kəskin tənqid edən Milli Şura sədri dedi ki, bu iqtidar 9 oktyabrda Azərbaycanda hakimiyyəti qəsb edib: “Azərbaycan xalqı özünümüdafiə haqqına sahibdir. Ona görə bu meydanlarda mübarizəsini davam etdirməlidir. İmkan vermək olmaz ki, bunlar bizim cibimizə girsinlər. Sevgili xalqım, uca millət! Öz haqqın uğrunda meydanlarda olmalısan, öz haqqını özün təmin etməlisən... ”.
Cəmil Həsənli hazırda məhkəməsi gedən siyasi fəalların, jurnalistlərin, NİDA-çıların, günahsız vətəndaşların üzərində gedən məhkəmələri məzhəkə adlandırdı və dedi ki, rejim onların iradəsini qıra bilməyib. Milli Şura sədri dünyada gedən prosesləri təhlil əsasında dedi ki, Azərbaycan iqtidarı da bu demokratiya dalğasına tab gətirə bilməyəcək və gedəcək. Azərbaycan iqtidarı öz mahiyyətini dəyişə bilmir və dəyişməyəcək. Ona görə də gərək xalq onu dəyişsin: “Tarix sübut etdi ki, müstəqil olmaq hələ azad olmaq demək deyil. Azərbaycan xalqı müstəqillik uğrunda mübarizə apardığı kimi, azadlıq uğrunda da mübarizə aparmalı, güc üzərində bərqərar olan bu iqtidarı yola salmalıdır. Mən inanıram ki, biz buna nail olacağıq”.
Cəmil Həsənli son qiymət artımını da kəskin bir dillə tənqid etdi: “Soruşmaq lazımdır ki, sən millətə nə vermisən ki, indi onun üzərinə artım qoyursan”.
Milli Şura sədri dedi ki, ölkənin bütün sahələri bərbad vəziyyətdədir. Xalq bu durumdan və qiymət artımından ancaq dirəniş göstərməklə, mübarizə aparmaqla çıxa bilər. Cəmil Həsənli açıq şəkildə xalqı iqtidara qarşı açıq çıxışlara, müqavimət hərəkatına “pozulan konstitusiyanın bərpasına”, bir sözlə, mövcud iqtidarı iş başından düşürməyə çağırdı: “Bilirsiniz ki, Azərbaycan Konstitusiyasının 6-cı maddəsinə görə, Azərbaycanda hakimiyyətin mənimsənilməsi ən böyük cinayətdir. Oktyabrın 9-da bu hakimiyyət Azərbaycan xalqına qarşı ən böyük cinayəti törədib. İndi Konstitusiyanın 107-ci maddəsi işə düşməlidir. Bu cinayəti törədənlər, törətdikləri cinayətə görə, cavab verməlidir. Bu hakimiyyətin bu millətə rəhbərlik etməyə haqqı yoxdur. Çünki, onun vəziyyəti ilə bu millətinki arasında çox böyük fərq var”.
C.Həsənli Ukraynada baş verənlər barədə də danışdı: “Ukrayna bu gün öz inkişaf yolunu müəyyən etmək üçün iradəsini ortaya qoyub. Mən əminliklə sizə deyirəm ki, Ukrayna xalqının seçimi qələbə ilə nəticələnəcək. Bu seçimə qarşı duran hakimiyyət getməlidir”.
Milli Şura sədri bildirdi ki, müstəqil olmaq hələ azad olmaq deyil: “Xalq müstəqillik uğrunda mübarizə apardığı kimi, azadlıq uğrunda da mübarizə aparacaq. Sizlərin gücü ilə bu millət bunu bacaracaq. Vətəndaş öz dəyərini özü müəyyən etməlidir. Meydanlarda olmalı, ədalət uğrunda mübarizə aparmalıdır. Milli Şuranın da hədəfləri millətimizin haqqı və hüququna nail olmaqdır”.
Daha sonra Müsavat başqanının müşaviri Yeganə Hacıyeva Milli Şuranın tələbləri əks olunan sənədi oxudu. Mitinq sulu qar yağışının müşayiəti ilə başa çatdı.
"Mitinqdə 700 nəfər iştirak edib"
Günün sonunda Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın keçirdiyi aksiya ilə bağlı məlumat açıqladı.
İdarədən APA-ya verilən məlumata görə, Milli Şuranın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşaraq keçirdiyi mitinqi saat 14.00-dən 15.00-dək davam edib: “Toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 700 nəfərədək olan üzvü və təəssübkeşi iştirak ediblər”.
BŞBPİ-nin bildirdiyinə görə, aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.
İqtidar partiyasının təmsilçisi Səyavuş Novruzov Milli Şuranın bu aksiyasını fiasko kimi qiymətləndirib.


































































































