Qızına “Duyğu” adı verdi, cəmi 3 gün görə bildi - Şəhid Ədil Əlizadənin HƏYAT HEKAYƏSİ – FOTO

Qızına “Duyğu” adı verdi, cəmi 3 gün görə bildi - Şəhid Ədil Əlizadənin HƏYAT HEKAYƏSİ – FOTO

Hazırda oxunan: Qızına “Duyğu” adı verdi, cəmi 3 gün görə bildi - Şəhid Ədil Əlizadənin HƏYAT HEKAYƏSİ – FOTO

637908

Azərbaycan tarixinin şanlı səhifələrindən biri də 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləridir. Bu əməliyyat zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası uğrunda mübarizə aparan hərbçilərimiz böyük qəhrəmanlıq və fədakarlıq göstərdilər.

Həmin günlərdə Vətən qarşısında müqəddəs borcunu yerinə yetirən, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimiz öz adlarını Azərbaycan tarixinin şərəf səhifəsinə əbədi yazdılar.

Onlardan biri də şəhid Ədil Rövşən oğlu Əlizadədir. Bizim.Media-nın yerli bürosu şəhidin ailəsi ilə həmsöhbət olub: Vətən yolunda şəhadətə ucalan Ədil Ədilzadə

“Həyat doluydu, sevgi doluydu... Heç vaxt heç nədən naşükürlük etməzdi. Həmişə deyərdi ki, Allahın bir bildiyi var...”


Bu sözlər 2023-cü il sentyabrın 19-da Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Ədil Rövşən oğlu Ədilzadənin anası Sevinc Məmmədovanın oğlunun xatirəsinə söylədiyi sözlərdir.

Ədil Ədilzadə 25 may 1995-ci ildə Yevlax rayonunun Varvara kəndində anadan olub. Ailənin yeganə oğul övladı olan Ədilin özündən kiçik Türkay adlı bacısı var. O, 2001-ci ildə Yevlax rayonunun şəhid Tariyel Səmədov adına Varvara kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. Məktəb illərindən fəallığı, bacarığı və müxtəlif sahələrə marağı ilə seçilib. Şahmat və idman yarışlarında iştirak edib, bir sıra nailiyyətlər əldə edib.

2012-2013-cü tədris ilində orta təhsilini başa vuran Ədil hərbi xidmətə çağırılıb. Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissədə 18 aylıq hərbi xidmət keçib. Xidmət müddətində nümunəvi əsgər kimi xarakterizə olunub.


Hərbi xidmətini başa vurduqdan sonra ali təhsil almaq qərarına gələn Ədil Azərbaycan Dövlət Aqrar Universitetinin Balıqçılıq ixtisasına qəbul olub. 2015-2019-cu illərdə bakalavr təhsili alıb.

Tələbəlik illərində də nümunəvi davranışı və təhsilə məsuliyyətli münasibəti ilə seçilib, dörd il ərzində tələbə təqaüdü alıb.

Lakin Ədilin Vətənə xidmət etmək arzusu daha böyük olub və o, hərbi sahədə çalışmağı, həyatını Azərbaycan Ordusuna həsr etməyi qarşısına məqsəd qoyub. Müdafiə Nazirliyinin TTM Zabitlik kursunu keçərək “leytenant” hərbi rütbəsi alıb və Bərdə şəhərində yerləşən tank taborunun N saylı hərbi hissəsində arxa təminat rəisi vəzifəsində xidmətə başlayıb.


44 günlük Vətən müharibəsində 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Ədilin həyatında mühüm bir mərhələ olub. Xidmət vəzifəsi birbaşa döyüş bölgəsində olmasa da, o, müharibə zamanı yaralı hərbçilərin təxliyəsinə könüllü şəkildə kömək göstərib.

Onun üçün hərbi xidmət sadəcə vəzifə deyil, Vətənə xidmət olub.  

Yaralı əsgərlərə yardım göstərməkdən çəkinməyib, çətin və təhlükəli məqamlarda özünü düşünmədən əsgər yoldaşlarının yanında olub.

2022-ci il avqustun 4-də Tərtər rayonundakı N saylı hərbi hissəyə təyinat alıb. Həmin il sentyabrın 12-13-də baş verən lokal xarakterli döyüşlərdə də iştirak edib.


2023-cü ilin yanvarında baş leytenant hərbi rütbəsi alan Ədil həmin il yanvarın 16-da təyinatla Qubadlı rayonunda yerləşən N saylı hərbi hissəyə göndərilib. Xidmət illəri ərzində həmişə nümunəvi zabit kimi xarakterizə olunub.

Onun ən böyük arzularından biri isə ata olmaq olub.

31 avqust 2023-cü ildə Ədil həyatının ən xoşbəxt günlərindən birini yaşayıb. Qızı dünyaya gəlib və körpəsinə Duyğu adını verib.

Ata olmaq sevincini illərlə arzulayan Ədil, təəssüf ki, bu hissi cəmi 20 gün yaşaya bilib. Qızını cəmi üç gün görə bilib və evdən sonuncu dəfə sentyabrın 13-də ayrılıb. Xidmət etdiyi ərazi uzaq olduğundan ailəsinin yanına tez-tez gedə bilməyib.

2023-cü il sentyabrın 19-da Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası məqsədilə keçirilən lokal xarakterli antiterror tədbirlərində iştirak edən Ədil Ədilzadə yaralı hərbçilərin təhlükəsiz əraziyə təxliyəsinə könüllü şəkildə kömək göstərib. Ədil həyatının son anlarında da diqqəti özünə deyil, yaralı silahdaşlarına yönəlib.


Həmin gün saat 18:35 radələrində yaxınlığına düşən minaatan mərmisinin qəlpəsi nəticəsində Ədil Ədilzadə şəhadətə ucalıb.


O, sentyabrın 20-də doğulduğu Yevlax rayonunun Varvara kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ədilin şəhidliyi ailəsi üçün böyük bir itki olmaqla yanaşı, doğulduğu kənd üçün də ağır sınaq olub. O, Varvara kəndinin 18-ci şəhididir.

Ədil Ədilzadənin Vətən qarşısında göstərdiyi fədakarlıq ailəsinin tarixində ilk deyildi.

Onun dayısı — Məmmədov Azər Xuduş oğlu Birinci Qarabağ müharibəsində şəhid olub.


Beləliklə, bir ailənin iki övladı müxtəlif illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçib.

Müharibədən sonra Ədil “Azərbaycan Respublikasının müharibə veteranı” adına layiq görülüb və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO