Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəbli formalarının keyfiyyəti və təhlükəsizliyi ilə bağlı valideynlər tərəfindən daxil olan şikayətləri araşdırıb.
Komitədən Moderator.az-a verilən məlumatda deyilir ki, yeni tədris mövsümü ilə əlaqədar paytaxtın bir çox ərazilərində saxta əmtəə nişanlı, keyfiyyətsiz məktəbli formalarının satıldığı aşkarlanıb. Buna görə də komitə valideynlərə müraciət edərək məktəbli formalarının yalnız “Bakı Tikiş Evi” ATSC və “Bakı Tekstil Fabriki” MMC tərəfindən satıldığını bildirir.
Xəbərdə deyilir ki, həmin müəssisələrdə satılan məktəbli dəstlərinin xarici görünüşü, modelin təsviri valideynlərin, məktəb direktorlarının və şagirdlərin iştirakı ilə seçilərək təsdiq olunub. Digər sex və ya müəssisələrə müvafiq formaların tikişi üçün icazə verilmir. Buna görə də digər məktəbli dəstlərin keyfiyyəti, eləcə də sağlamlıq üçün təhlükəsizliyinə təminat verilmir.





































































































